Bakı. 24 dekabr. REPORT.AZ/ Belarusun paytaxtı Minskdə IX Beynəlxalq Opera Forumu keçirilib.
"Report" xəbər verir ki, dünyanın tanınmış opera ulduzlarının çıxış etdiyi tədbirdə Azərbaycanı xalq artisti Fidan Hacıyeva təmsil edib.
Beynəlxalq forum çərçivəsində opera müğənnilərinin Minsk Böyük Teatrının səhnəsində konsertləri baş tutub.
Fidan Hacıyevə deyib ki, bu forumda Azərbaycanı təmsil etmək və bu mötəbər səhnədə çıxış etmək onun üçün çox böyük qürurdur: "Konsertdən sonra teatrın rəhbərliyi, konsertin dirijoru, solistlər gözəl çıxışa görə məni təbrik etdilər. Bu, Minsk Böyük Teatrında artıq üçüncü çıxışım idi. Bu teatr səhnəsində "Karmen" operasını da oynamışam. Mötəbər tədbirlərdə, eləcə də səhnələrdə Azərbaycan adından çıxış etmək mənim üçün fəxrdir".