Bakı. 23 yanvar. REPORT.AZ/ Akademik Milli Dram Teatrında yazıçı-diplomat Həsən Həsənovun "Qürbətdən gələn məktublar" adlı ikihissəli dramı nümayiş olunub.
"Report" xəbər verir ki, tamaşada ilk dəfə olaraq xalq artisti Ramiz Məlik Mirzə Fətəli Axundov obrazını oynayıb.
2012-ci ilin dekabrından teatrın repertuarında olan tamaşada həmişə M.F.Axundov obrazını mərhum xalq artisti İlham Əsgərov canlandırıb. İ.Əsgərov dünyasını dəyişəndən sonra, tamaşanın rejissoru, xalq artisti Mərahim Fərzəlibəyov baş rolu Ramiz Məlikə həvalə edib.
Tamaşadan sonra Mərahim Fərzəlibəyov seçimindən çox razı qaldığını deyib: "Bu gün Ramiz Məlikin iştirakı ilə ilk tamaşanı nümayiş etdirdik. Onun ifasından çox razı qaldım. Tamaşanın yaşaması lazım idi. Əsər M.F.Axundovun oğlu Rəşidin həyatından, onun ailəsi, cəmiyyəti qarşısında olan vəzifələrindən bəhs edir. Əsər tamaşaçılar tərəfindən maraqla qarşılanır. Rəhmətlik İlham Əsgərovdan sonra tamaşanı ilk dəfə nümayiş etdirdik. Düşünürəm ki, pis alınmadı. Əsas odur ki, mən bir rejissor olaraq razı qaldım."
Xalq artisti Ramiz Məlik tamaşada M.F.Axundov obrazının məhz ilk dəfə ona verildiyini söyləyib. Xalq artisti qeyd edib ki, M.Fərzəlibəyov 2012-ci ildə tamaşanı yeni quruluşda hazırlayanda M.F.Axundov obrazını əvvəlcə ona verib: "Rəhmətlik İlham Əsgərov bu tamaşada Qriqor surətini canlandırmalı idi. Tamaşanın hazırlıq prosesində mənin sağlamlığımda ciddi problem yarandı və əməliyyat olundum. Ona görə də tamaşada çıxış edə bilmədim. İlham Əsgərov dünyasını dəyişəndən sonra Mərahim Fərzəlibəyov məndən M.F.Axundov obrazını oynamağı xahiş etdi. Tamaşanı saxlamaq olmazdı. Bu gün ilk dəfə çıxış etdim".
R.Məlikin sözlərinə görə, ötən ilin sonundan tamaşanın məşqləri aparılıb. O, tamaşaçılara öz duyduğu, hiss etdiyi M.F.Axundovu təqdim etdiyini söyləyib: "Əsərdə "İslam dini mütərəqqi dindir, "Qurani-Kərim" də bütün elmlərin açarı var, maariflənmək, savadlanmaq "Qurani-Kərim"in qapılarını aça bilər" fikirləri yoxdur. Bunlar mənim əlavəmdir. Tamaşanın sonunda M.F.Axundovun ölümünü kəlməyi-şəhadətlə bitirirəm. Bu da əsərdə yoxdur. Mən düşündüm ki, tamaşanın finalı məhz belə olmalıdır. Əsər Allahın adı ilə bitir. Çünki M.F.Axundov "Kəmalüddövlə məktubları" əsərində İslam dini haqqında fikirlərini yazıb, dində islahatların aparılmasını, İslam dininin mollaların, axundların dini olmadığını qeyd edib. Bu əsər elə indiki zamanımızla səsləşir. İndiki zamanda çoxları elə zənn edir ki, "Quran" ölülər üçün yazılmış kitabdır. Amma "Quran" dirilərin kitabıdır. Bu baxımdan tamaşada M.F.Axundov obrazını mən belə gördüm və belə ifa etməyi məqsədəuyğun bildim".
Qeyd edək ki, "Qürbətdən gələn məktublar" tamaşasında rolları xalq artistləri Laləzar Mustafayeva, Hacı İsmayılov, əməkdar artistlər Kazım Abdullayev, Əjdər Həmidov, Elşən Cəbrayılov, Vəfa Zeynalova, aktyor Elçin Əhmədov ifa edib.
Tamaşanın quruluşçu rejissoru xalq artisti Mərahim Fərzəlibəyov, quruluşçu rəssamı əməkdar mədəniyyət işçisi İlham Elxanoğlu, musiqi tərtibatçısı Həmid Kazımzadədir.
Xatırladaq ki, əsər ilk dəfə Akademik Milli Dram Teatrının səhnəsində 2003-cü ildə rejissor Ramiz Həsənoğlunun quruluşunda "Brüsseldən məktublar" adı ilə səhnəyə qoyulub. Həmin tamaşada M.F.Axundov obrazını mərhum aktyor, xalq artisti Əliabbas Qədirov ifa edib.