Lənkəran teatrında iranlı rejissorun quruluşunda tamaşanın premyerası olub

Lənkəran teatrında iranlı rejissorun quruluşunda tamaşanın premyerası olub Mayın 14-də Lənkəran Dövlət Dram Teatrında iranlı dramaturq Bəhram Beyzayinin “Senemar” faciəsi əsasında hazırlanmış tamaşanın premyerası olub.
İncəsənət
14 May , 2019 20:38
Lənkəran teatrında iranlı rejissorun quruluşunda tamaşanın premyerası olub

Mayın 14-də Lənkəran Dövlət Dram Teatrında iranlı dramaturq Bəhram Beyzayinin “Senemar” faciəsi əsasında hazırlanmış tamaşanın premyerası olub. 

Teatrdan "Report"a verilən məlumata görə, iranlı rejissor Qərib Mənuçehrinin quruluş verdiyi tamaşanın səhnə tərtibatçısı rəssam Tərlan Sadıqov, musiqi tərtibatçısı Fərahim Fərəcovdur.

Səhnə əsərində rolları Xalq artisti Qabil Quliyev, Əməkdar artist Sucəddin Mirzəyev, artistlərdən Səyad Əliyev, Aynur Əhmədova, Emin Fərzullayev, Rauf Zeynalov və Amil İbrahimli ifa ediblər.

Tamaşanın baş qəhrəmanı Senemar dünyaca məşhur memardır. Həm zalımlığı, həm də xeyirxahlığı ilə ad çıxaran Nöman adında ərəb sultanı öz əyalətində tayı-bərabəri heç yerdə olmayan böyük bir saray tikdirmək arzusuna düşür. Bu məqsədlə o, Senemarı ölkəsinə dəvət edir. Senemar hər kəsi təəccübləndirəcək belə bir saray tikəcəyini sultana söz verir. Nömanın ətrafındakı adamlar isə Senemarın adının heç yerdə çəkilməməsi məqsədilə onun qılığına girib memarı sultanın gözündən salmağa səy göstərirlər. Nöman şah belə bir sarayın təkrarı olmasın deyə Senemarın qətlinə fərman verir, son nəticədə memarı tikdiyi sarayın üstündən yerə atdırır. Lakin hadisələrin sonrakı inkişafında tamaşaçı Senemarın qanının yerdə qalmayacağına əmin olur…

Qeyd edək ki, 2015-ci ilin dekabrında da iranlı yazıçı Bəhram Beyzayinin “İlan Sultan” əsəri iranlı rejissor Xeyrullah Təğiyanipurun quruluşunda Lənkəran teatrında tamaşaya qoyulub. Həmin tamaşa ilə teatr müxtəlif sənət yarışmalarında, o cümlədən İranda keçirilən Fəcr beynəlxalq festivalında çıxış edib.

Son xəbərlər

Orphus sistemi