Lənkəran. 22 iyul. REPORT.AZ/ Lənkəran Dövlət Dram Teatrının yaradıcı kollektivi 127-ci mövsümü başa vurub.
"Report"un Cənub bürosunun verdiyi xəbərə görə, mövsümün son günü tamaşaçılara Belçika yazıçısı, Nobel mükafatı laureatı Moris Meterlinkin “Korlar” tamaşası təqdim olunub. Səhnə əsəri gənc rejissor Emil Əskərovun Lənkəran səhnəsində ilk debütü olub. Tamaşada rolları Xalq artisti Qabil Quliyev, Əməkdar artist Sucəddin Mirzəyev, aktyorlar Şahrud Mehdiyeva, Əbülfəz Axundov, Əlibala Əsgərov, Qızılgül Quliyeva, Aynur Əhmədova, Emin Fərzullayev, Aysel Cahangirova, Günel Abbaszadə və Ülkər Quliyeva ifa ediblər.
Tamaşanın quruluşçu rəssamı Tərlan Sadıqov, musiqi tərtibatçısı Fərahim Fərəcovdur.
Bağlanış mərasimində teatrın direktoru Tofiq Heydərov, quruluşçu rejissor, əməkdar artist Adil Zeynalov hesabat xarakterli çıxışlarında yaradıcı kollektivin ötən mövsümdə əldə etdiyi uğurlardan və qarşıda duran vəzifələrdən söz açıblar. Qeyd olunub ki, mövsüm ümumilikdə kollektiv üçün uğurlu keçib. Belə ki, ötən il kollektiv dakabrın 1-dən 6-dək teatr İran İslam Respublikasının Həmədan şəhərində keçirilən 24-cü Beynəlxalq Uşaq və Gənclər Teatr Festivalında Pərvin Nurəliyevanın “Dəcəl keçi” tamaşası ilə çıxış edərək, mükafatlandırılıb. Hafiz Mirzənin “Moskvalı gəlin” tamaşası ilə Lerik və Astara rayonlarındakı çıxışları da maraqla qarşılanıb.
Yola salınan mövsümdə teatrda yeni - “Dabaş kəndinin məktəbi”, “Şaxta baba və pərilər”, “Korlar”, “Qaraca qız və xallı ifritə” tamaşaları təhvil verilib.
Bildirilib ki, ötən mövsümün ən yaddaqalan hadisəsi Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Sərəncamı ilə teatrın aparıcı aktyoru Niftulla Əsgərovun “Əməkdar artist” fəxri ada layiq görülməsi olub. Sonda teatrın üzvləri müxtəlif nominasiyalar üzrə mükafatlandırılıblar.