Kukla Teatrında “Turp” tamaşası yeni formada hazırlanır
- 10 fevral, 2017
- 13:29
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 10 fevral. REPORT.AZ/ Azərbaycan Dövlət Kukla Teatrında məşhur rus xalq nağılı “Turp” əsasında tamaşa hazırlanır.
Teatrın mətbuat xidmətindən “Report”a verilən məlumata görə, artıq məşqləri gedən tamaşa daha çox aşağı yaş qrupu tamaşaçılar üçün nəzərdə tutulub.
Məlumata görə, klassik xətti qorunub saxlanılan tamaşaya yeni obrazlar artırılmaqla dramaturji baxımdan daha da zənginləşdirilib. Belə ki, tamaşaya nağılda qeyd olunan qəhrəmanlarla yanaşı üç yeni obraz - Müqəvva, Qarğa və Siçanın atası əlavə olunub.
Güc birlikdədir ideyasını əsas götürən tamaşaya teatrın baş rejissoru Qurban Məsimov quruluş verib.
Vizual elementlər və rəngarəng musiqilərlə zəngin səhnə işinin rəssamı Rəvanə Yaqubova, bəstəkarı Vüqar Camalzadədir.
Teatrın aparıcı aktyoru, əməkdar artist Rəhman Rəhmanovun 60 illik yubileyi münasibətilə hazırlanan birhissəli uşaq tamaşasında qolçaq kuklalardan istifadə olunur. Əsas oyun xətti hazırlanma texnikasına görə gərdək arxasından olacaq tamaşada Rəhman Rəhmanovla (Baba) yanaşı, daha iki canlı plan oyunu nəzərdə tutulub.
Martın əvvəllərində premyerası baş tutacaq tamaşada rolları Cəmilə Allahverdiyeva, Cavid Telman, Aygül Ağayeva, Nərmin Əhmədova, Samirə Nəcəfova, Vüsal Hüseynov, Elnur Əliyev və Firuzə Nəsibli ifa edirlər.