Kukla Teatrında “Bizim Don Kixot”un tamaşasının premyerası olacaq

Kukla Teatrında “Bizim Don Kixot”un tamaşasının premyerası olacaq Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı teatrsevərlərin səbirsizliklə gözlədiyi yeni səhnə əsərini onların ixtiyarına verəcək. Belə ki, iyunun ortalarında mərhum dramaturq Rəhman Əlizadənin “Don Kixot Abşeronski” pyesi əsasında hazırlanan “Bizim Don Kixot” tamaşasının premyerası keçiriləcək.
İncəsənət
24 May , 2019 15:45
Kukla Teatrında “Bizim Don Kixot”un tamaşasının premyerası olacaq

Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı teatrsevərlərin səbirsizliklə gözlədiyi yeni səhnə əsərini onların ixtiyarına verəcək. Belə ki, iyunun ortalarında mərhum dramaturq Rəhman Əlizadənin “Don Kixot Abşeronski” pyesi əsasında hazırlanan “Bizim Don Kixot” tamaşasının premyerası keçiriləcək.

Teatrdan "Report"a verilən məlumata görə, müzkl kimi hazırlanan tragikomik tamaşanın səhnələşdirəni Rəhman Əlizadə, quruluşçu rejissoru Qurban Məsimov, quruluşçu rəssamı İqbal Əliyev, bəstəkarı Vüqar Camalzadədir.

Tamaşada baş rolu (Əhmədağa, Don Kixot) Azərbaycanın Xalq artisti, “Şöhrət” ordenli İlham Namiq Kamal oynayır. Sənətkarın 70 illik yubileyi münasibətilə ərsəyə gələn səhnə işində digər obrazları Kukla Teatrının aparıcı aktyorları Cavid Telman, Aygül Ağayeva, Araz Həsənli, Adil Dəmirov ifa edirlər.

SSRİ-nin dağıldığı dönəmdə yazılan bu əsərdə müəllif imperiya insanının problemlərini önə çəkir, hədəf kimi kommunizm ideologiyasını göstərir. Əsərdəki mövcud problemlərə bəşəri kontekstdən yanaşmağa çalışan rejissor müasir dövrün bir sıra narahatlıqlarının da səhnə yozumunu verməyə çalışıb. Əsas faktor kimi insan, onun mənəvi dünyası, ətrafına münasibəti və təbii ki, firavan yaşamaq, sağlam cəmiyyət arzularını önə çəkib.

Quruluş müəllifi əsərdən fərqli olaraq tamaşanı gözlənilməz sonluqla bitirir. Belə ki, rejissor satira, fantasmaqoliya, halusinasiya, nağılvarilik, uydurma kimi hal-vəziyyətləri musiqinin ifadəsində tamaşaçıya çatdırmaqla Əhmədağanın acı sonunu “Don Kixotlar həmişə var və olacaq” kimi nikbin, mübariz bir sonluqla ifadə edir.

Birhissəli müzklın rejissoru Qurban Məsimov əsəri müasir gün ilə səsləşən tamaşa kimi hazırlamağa çalışdığını deyib: “Özünütəsdiq problemi yaşayan, gerçəkliyin burulğanında faciəsini dərk etməyə qorxan Əhmədağanın Don Kixotlaşması özlüyündə maraqlıdır. Səhnə materialı alt qatdakı ideyaya impuls üçün əvəzsizdir. Bununla Əhmədağa həqiqəti demək, cəmiyyətdəki əyriliklərə öz münasibətini bildirmək istəyir. Amma ətrafındakı xoşagəlməzliklərə etirazını özü kimi yox, Don Kixot olaraq bildirir. Düşünür ki, Əhmədağa olduğu halda onu kimsə qəbul etməz, dinləməz. Ona görə də maska taxmaq, obraza girmək istəyir və Don Kixota çevrilir. Axı o da yalana, ədalətsizliyə, haqsızlığa qarşı vuruşurdu. Bu mənada tamaşa Əhmədağanın mübarizəsidir. Təbii ki, Donkixot maskası ilə...

Onu da qeyd edək ki, böyük yaş qrupu tamaşaçılar üçün nəzərdə tutulan səhnə əsərində kukla oyunu ilə canlı planda aktyor ifasının maraqlı sintezinə nail olunub.

Son xəbərlər

Orphus sistemi