Bakı. 6 iyun. REPORT.AZ/ Məşhur ssenarist və kinorejissor, əməkdar incəsənət xadimi Ramiz Fətəliyevin 70 illik yubileyi keçiriləcək.
"Azərbaycanfilm" kinostudiyasından "Report"a verilən məlumata görə, tədbir iyunun 7-də Nizami Kino Mərkəzində baş tutacaq.
Qeyd edək ki, Ramiz Fətəliyev 1946-cı il iyunun 7-də Bakıda anadan olub. O, 40-dan çox bədii filmin ssenari müəllifidir. Onların arasında “Altıncı”, “Ailə işi” (1982, rej. Nikolay Maletskiy), “Şahidsiz” (1983, Nikita Mixalkov), “Sizi dünyalar qədər sevirdim” (1985, Rasim İsmayılov), “Yeni evlənənlər üçün çətir” (1986, Rodion Naxapetov), “Yaramaz” (1988, Vaqif Mustafayev) və digər yaddaqalan filmlər var.
Ramiz Fətəliyev iki teleserialın - “Anın həqiqəti” (2003, Azərbaycan), “Qraf Krestovski” (2004, Rusiya) və “Hökmdarın taleyi” (2007) bədii filminin quruluşçu rejissorudur.
Ramiz Fətəliyev 1987-1995-ci illərdə “Azərbaycanfilm” kinostudiyasının direktoru olub.