“Azərbaycanla bağlı xatirələrim məni hər zaman günəş kimi isidir”
Rezo Çxikvişvili Azərbaycan kinosunda çəkilmiş gürcü aktyorlardan biridir. O, 1980-ci ildə kinorejissor, Azərbaycanın Xalq artisti Oqtay Mirqasımovun lentə aldığı “Anlamaq istəyirəm” tammetrajlı bədii filmində Rüstəm obrazını canlandırıb. Xarizmatik gürcü aktyorun baş rolda yer aldığı film o vaxtkı Mərkəzi Televiziyanın (Moskva) sifarişi ilə “Azərbaycanfilm” kinostudiyasında istehsal edilib. Bu il iki seriyalı ekran əsərinin 41 yaşı tamam olur.
“Report”un yerli bürosu “Rüstəm”i tapıb və 30 ilə yaxındır vətənindən uzaqda - Almaniyada yaşayıb işləyən Gürcüstanın Əməkdar artistindən müsahibə alıb.
Bu, sənətçinin Azərbaycan mətbuatına ilk müsahibəsidir.
- Batono Rezo, öncə, Oqtay Mirqasımovun filminə necə dəvət olunduğunuzu yada salmağınızı xahiş edirəm...
- 1980-ci il idi. Mən Teatr İnstitutunu bitirmişdim və artıq iki il idi teatrda çalışırdım. Bir tamaşadakı rolumla Gürcüstanda gözlənilmədən çox populyar oldum. Azərbaycan kinosuna dəvət almağım rejissor Omar Qvasaliyanın adı ilə bağlıdır. O, Oqtay Mirqasımovun dostu idi. Deyəsən, hətta Moskvada bir yerdə təhsil almışdılar. Bakıya sınaq çəkilişlərinə dəvət olundum. Mənimlə birgə böyük aktyor Edişer Maqalaşvili də filmə dəvət almışdı. O, mənim atamı oynamalı idi. Bakıda bizi çox yaxşı qarşıladılar. Biz bir səhnəni oynadıq və Tbilisiyə döndük. Daha sonra mənə zəng vurdular və Moskvanın məni rola təsdiqlədiyini dedilər. Heç inanmadım. Bu xəbəri böyük sevinclə qarşıladım. Edişer Maqalaşvilini isə təsdiqləmədilər. Bu, bir qədər təəssüf doğurdu. Biz bir-birimizi tanıyırdıq, gürcü aktyorla birgə oynamaq mənə daha rahat olardı.
Rüstəm rolu mənim kinoda ilk və əsas rolum oldu. Çəkilişlər 4-5 ay davam etdi. Çox xoşbəxt dövr idi. Artıq 40 ildən çox vaxt keçib. O günlər üçün çox darıxıram.
- Filmdə Azərbaycanın böyük aktyorları Həsənağa Turabov və Zemfira Sadıxova sizin valideynləriniz rolunda oynayıblar. Kinoda təcrübəsi olmayan və gənc aktyor kimi sizə bu cür peşəkar aktyorlarla çəkilmək hər hansı bir çətinlik yaradırdımı?
- O zaman 23 yaşım vardı. Aktyorluğa yeni başlayırdım. İlk dəfə Azərbaycana getmişdim. Azərbaycanlılar çox qonaqpərvərdirlər. Həyatımın ən xoş və xoşbəxt anlarını yadıma salanda Bakıdakı günləri xatırlayıram. Tanınmış azərbaycanlı aktyorlarla bir yerdə çəkilməkdən çox qürurlu idim. Aktyorların hamısı mənə çox isti münasibət bəsləyirdi. Azərbaycanlılar həm də çox səmimidirlər. İnsanlarda bu keyfiyyətə həmişə böyük önəm vermişəm. Həmkarlarımla dostluq edirdim, bir yerdə vaxt keçirirdik. Tez-tez Oqtay Mirqasımovun evində qonaq olurdum. Bu səmimi münasibətləri heç vaxt unutmayacağam. Məni həmin günlərdən 40 illik bir dövr ayırır. O günlər üçün çox darıxıram. Oqtay Mirqasımov və digərləri ilə görüşməyi, Azərbaycanda yenidən çəkilməyi arzulayram.
Rüstəm rolunun öhdəsindən gəlməyimə təəccüblənirdim. Mənə doğma olmayan rus dilində və tanımadığım azərbaycanlı aktyorlarla çəkilirdim. Lakin onlar elə şərait və istilik yaradırdılar ki, özümü sərbəst hiss edirdim. Ata-anamı oynayan aktyorlar mənə valideyn münasibəti bəsləyirdilər, məni dəstəkləyirdilər. Mənə çox mehriban davranırdılar. O anları heç vaxt unutmayacağam.
Ən maraqlısı bilirsiniz nədir? Mənə məlum olub ki, bu film hələ də izlənir. Filmin çəkilməsindən 25 il sonra - 15 il bundan qabaq yolda qarşılaşdığım üç qadın mənim “Rüstəm” olub-olmamağımla bağlı öz aralarında mübahisə edirdilər. Onlar məni tanımışdılar. Bir neçə il öncə isə çalışdığım teatrda mənə məktub qoymuşdular. Rol ifa etdiyim tamaşanı izləyən bir qadın məni tanıdığını yazmışdı. Məni görməyindən məmnunluğunu ifadə edən qadın qeyd etmişdi ki, o da filmdə çəkilib və epizod rol oynayıb.
Almaniyada çoxlu türk yaşayır. Onların arasında da dostlarım var. Bir neçəsinə filmin “Youtube”dakı ünvanını göndərmişəm ki, baxsınlar. Axı sizin diliniz bir-birinə bənzərdir.
- Çəkiliş prosesində yadınızda ən çox qalan hansı məqamlardır?
- Hər gün çəkilişlər gedirdi. Bir gün mənim iştirakımla vacib səhnə lentə alınmalı idi. Bütün gecəni dostlarla yeyib-içmişdik, kefimiz kök idi. Səhər fikirləşdim ki, çəkilə bilməyəcəm. Lakin hər şey uğurla keçdi. Deyə bilərəm ki, həmin səhnə ən yaxşılarından biridir. Azərbaycanlı dostlarımla hər gün çox xoş keçirdi və yumorla dolu idi.
Azərbaycanla bağlı xatirələrim yaddaşıma əbədi həkk olunub. Bu ölkə barədə eşidəndə çox sevinirəm. Baxmayaraq ki, orada cəmi 4-5 ay olmuşam. 64 illik ömrümün cəmi bir neçə ayı Azərbaycanda keçib, amma bu ölkə ilə bağlı xatirələrim məni hər zaman günəş kimi isidir.
- Filmdə əsas tərəf müqabiliniz, Rüstəmin sevdiyi qız - Çinarənin obrazını yaradan aktrisamız Həmidə Ömərova ilə oyununuz necə alınırdı?
- Həmidə ilə birgə səhnələrimizdə çətinliklər yaşanırdı. Biz sevgili cütlüyü oynayırdıq, qucaqlaşma və öpüşmələrin yer aldığı səhnələrdə çəkilirdik. Mənim o vaxt sevdiyim qız vardı. Digər qıza sevgi hissini oynamağım çətin idi, təbii alınmırdı. Böyük təcrübəyə malik aktyor üçün bu, elə də çətinlik yaratmır. Xatırladığım qədər sevgi səhnələri ilk çəkilən səhnələrdən idi və çətinliklər də məhz bu səbəbdən yaranırdı. Çətin olsa da, gün keçdikcə bir-birimizə öyrəşdik və sərbəst olduq. Həmidə mənə kömək etdi və bizdə sevgililər rolunu oynamaq alındı.
- Filmdən sonra Azərbaycanla əlaqələriniz davam etdimi? Yeni dəvətlər aldınızmı?
- Bu filmdən sonra mənim böyük kino karyeram başladı. Teatr və televiziya tamaşalarında da rollar ifa edirdim. Daha sonra Rasim Balayevlə 1981-ci ildə Almaniya istehsalı olan “Əgər Yer yumru olmasaydı...” filmində çəkildim. Azərbaycanı tərk etsəm də, ölkə hələ bir neçə ay gözümün önündən getmədi və bundan çox məmnun qaldım.
Əvvəllər Oqtay Mirqasımovla əlaqə saxlayırdıq. Lakin 90-cı illərdə hər şey dəyişdi. Taleyim məni Almaniyaya aparıb çıxardı. Artıq 27 ildir bu ölkədə yaşayıram.
Üç ay bundan öncə Oqtay Mirqasımovla əlaqə saxlamışam. Bir neçə il bundan qabaq Batumidə kinofestivalda jürinin üzvü idim. Orada ad və soyadını unutduğum bir azərbaycanlı rejissor məni tanıdı. Azərbaycanla əlaqələrim kəsilmir. Arzu edirəm ki, onlar davam etsin. Hər zaman məni kimsə Azərbaycanla əlaqələndirir. İndi bunu siz edirsiniz. Bu taledir. Mən bu dostluq münasibətlərinin bitməməsini arzulayıram.
Təəssüflər olsun ki, Azərbaycandan yeni dəvət almadım. Gürcüstan kinolarında çəkildim. Moskva və Kiyevdə də ekran əsərlərində rol aldım.
- “Anlamaq istəyirəm” filminin finalı izləyicilərdə bir sual doğurur. Sonda Rüstəm və Çinarə görüşürlər, itirdikləri sevgiyə təəssüflənirlər və onların bundan sonra yenidən bir yerdə olub-olmayacaqları bilinmir. 40 ildən sonra filmin davamı çəkilsə, bunu necə qarşılayarsınız?
- Yaxşı sualdır. Bu barədə fikirləşmək lazımdır (gülür). İnternetdə Həmidənin fotoşəkillərinə baxmışam. O, çox yaxşı görünür. Davamını çəkmək çox əla və maraqlı olardı. Saysız-hesabsız filmlər lentə alınıb, lakin onların çoxu uğursuzdur. Uğurlu filmlər isə çox yaşayır. Əgər aktyorlar 40 ildən sonra hələ də yaxşı formadadırlarsa və böyük təcrübə toplayıblarsa, niyə də davamı çəkilməsin? (gülür) Mən Azərbaycanda həm bu filmin davamında, həm də istənilən digər ekran əsərində çəkilməyə çox şad olardım. 41 ildir Bakıda olmamışam, mütləq bu şəhərə dönməliyəm. Bakının küçələri üçün darıxıram. Onlar mənim xatirəmdədir.
- Azərbaycanlı kinosevərlərə şəxsi həyatınız və hazırkı fəaliyyətiniz maraqlı olardı. Hazırda harada işləyirsiniz?
- Essen şəhərində yaşayıram. “Grillo-Theater” dövlət teatrında çalışıram. Teatrla birillik layihəm olsa da, daha sonra müddəti uzadıldı. Layihəmiz öncə Tbilisidə reallaşdırıldı, daha sonra Essendə davam etdirildi. Tamaşada əsas rolda oynayırdım. Direktor mənə yeni başqa layihələr təklif etdi. Alman dilini bilmədiyimdən ilk illər çox çətinlik çəkirdim. Bir ildən sonra Gürcüstana dönmək istəyirdim. Lakin qaldım. Direktor dəyişdi, amma məni saxladılar. Yəqin mənə gürcü temperamenti və aktyor keyfiyyətlərim kömək etdi. Əvvəllər teatrda ən gənc mən idim, indi isə ən yaşlıyam. İndi 64 yaşım var. Yarım ildən sonra teatrla vidalaşıb təqaüdə çıxacağam. Almaniyada tanınmış və hörmət bəslənilən aktyoram. Tbilisiyə filmlərə də dəvətlər alıram. Mən əsl tbilisiliyəm. Tbilisidə evim var. Mən həmişəlik Tbilisiyə qayıtmaq barədə düşünürəm.
Ailəmə gəldikdə, iki oğlum var. Levan 35, Aleksandr 31 yaşdadır. Böyük oğlum Berlində, kiçiyi isə Ştutqartda yaşayır. Onlar Almaniyada yaxşı təhsil alıblar, ABŞ və Hollandiyada təhsillərini davam etdiriblər. Hazırda şirkətlərdə işləyirlər. Aleksandr evlidir, Levan isə demək olar evlidir. Təəssüf ki, hələ nəvəm yoxdur. Oğullarımdan nəvə istəyirəm (gülür).
Taleyimə çox minnətdaram. Gürcüstana bağlıyam. Almaniyada gürcü ruhunu və xarakterini, Gürcüstan mədəniyyətini tanıtmağa çalışıram və bununla fəxr edirəm. Almaniya ilə əlaqələrimizi kəsmək istəmirəm. Lakin artıq vətən çəkir. Yadımdadır, Almaniyaya gəldiyimiz ilk vaxtlarda doğmalarımdan xahiş edirdim ki, gürcücə danışmasınlar. Çünki mən almanca öyrənirdim və almanlarla işləyirdim. Amma indi mən həmvətənlərimi axtarıram, onlarla ünsiyyət qurmaq istəyirəm. Bütün qafqazlılar belədir, bir-birlərini axtarıb tapırlar. Almaniyada gürcü dostlarımla tez-tez görüşürük, bizə qonaq gəlirlər. Bura yaxşıdır, amma vətən daha yaxşıdır.
- Azərbaycanda Sizi tanıyanlara, tərəf müqabillərinizə hansı ürək sözlərinizi çatdırmaq istəyirsiniz?
- Azərbaycanlılara və Azərbaycana məndən böyük salam və sevgimi çatdırın. Mən həqiqətən də Azərbaycanda yaşadıqlarımı təkrarlamaq istəyirəm. Məni hələ də Azərbaycan filmindəki roluma görə tanıyırlar və bu, olduqca xoşdur.
Gürcüstan və Azərbaycan xalqları arasında dostluq münasibətləri həmişə ən yüksək səviyyədə olub. Biz bu münasibətlərə dəyər verməli və qoruyub saxlamalıyıq. Siyasət bu əlaqələrə toxunmamalıdır. Ən əsası sevgidir və bundan yüksəkdə heç nə durmamalıdır. Biz bir-birimizə dəyər verməli və hörmətlə yanaşmalıyıq.
- Batono Rezo, səmimi söhbətə və Azərbaycanla bağlı xoş xatirələrinizi qoruyub saxladığınıza görə təşəkkür edirik.
P.S.Müsahibəyə əlavə olunan ağ-qara fotoşəkilləri aktyor şəxsi arxivindən təqdim edib.