Bakı. 28 dekabr. REPORT.AZ/ Dekabrın 27-də Heydər Əliyev Mərkəzində “Kukla incəsənətdə” sərgisinin açılış mərasimi keçirilib.
"Report" xəbər verir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva sərgi ilə tanış olub.
Sərginin açılış mərasimində çıxış edən Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov başa çatmaqda olan 2016-cı ilin də Mərkəz üçün çoxsaylı tədbirlərlə yadda qaldığını bildirib. Qeyd edib ki, bu tədbirlər konfranslar, simpoziumlar, seminarlar, konsertlər və təbii ki, Heydər Əliyev Mərkəzinin təqdim etdiyi çoxsaylı sərgilərdən ibarətdir. A.Ələkbərov deyib: “Mərkəzin inzibati binası orijinallığı ilə fərqlənir və dünyada nadir binalardan biridir. Məhz bu baxımdan Böyük Britaniyanın Arxitektorlar İnstitutu tərəfindən Heydər Əliyev Mərkəzinin inzibati binası dünya memarlıq nümunələri sırasında bu il altılığa daxil edilib. Heydər Əliyev Mərkəzinin parkı, eləcə də bir gün öncə dövlətimizin başçısının iştirakı ilə açılmış yeni parkın ərazisinin bir hissəsindən biz müxtəlif tədbirlərin keçirilməsi və sərgilərin təşkili üçün istifadə edirik”.
A.Ələkbərov vurğulayıb ki, bu gün “Kukla incəsənətdə” sərgisində təqdim edilən kolleksiya 10 il ərzində Heydər Əliyev Fondu tərəfindən toplanıb. Sərgidə 16 ölkədən 60 rəssam-heykəltəraşın, o cümlədən azərbaycanlı rəssamların işləri təqdim edilir. Tamaşaçıların sərgidən zövq alacağına ümidvar olduğunu deyən A.Ələkbərov ekspozisiyanın təşkilində dəstəyə görə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya, eləcə də Fondun vitse-prezidenti Leyla Əliyevaya dərin təşəkkürünü bildirib.
Rusiya Rəssamlıq Akademiyasının müxbir üzvü, Ümumrusiya Rəssamlar İttifaqının bədii kukla bölməsinin sədr müavini, kuklaçı rəssam Aleksandra Xudyakova çıxışında Bakı şəhərinin gözəlliyinə heyran qaldığını bildirib. O deyib: “İlk dəfədir ki, bu cür yüksək səviyyədə bədii kukla sərgisini görürəm. Mən bu möhtəşəm tədbirə görə Heydər Əliyev Fonduna, eləcə də Fondun vitse-prezidenti Leyla Əliyevaya təşəkkürümü bildirirəm. Sözün doğrusu, kifayət qədər xeyli sayda sərgilər görsəm də, bu cür ekspozisiyanı ilk dəfədir ki, görürəm. Kukla insanın reprezentasiyasının ən qədim formalarından biridir. Kukla heykəltəraşlıq kimi öz başlanğıcını çox qədimdən götürür. Demək olar ki, dünyanın bütün mədəniyyətlərində rəssam kukla yaradıb. Kukla böyük ciddi fenomendir. Heydər Əliyev Mərkəzində təqdim edilən sərginin ekspozisiyası möhtəşəmdir. Mən sərginin təşkilində əməyi olan hər kəsə təşəkkürümü bildirirəm. Həmçinin Bakının bütün rəssamlarına Rusiya rəssamlarının salamını və ehtiramını çatdırıram”. Təmsil etdiyi qurumda ilk dəfə 2007-ci ildə kukla bölməsinin yaradıldığını diqqətə çatdıran Aleksandra Xudyakova Bakıda təqdim olunan sərginin kukla sənətinin ciddi olmasına dəlalət etdiyini bildirib.
Azərbaycan Rəssamlar İttifaqının üzvü, Əməkdar Mədəniyyət İşçisi Elmira Abbaslı bildirib ki, bu sərginin təşkili böyük bayramdır. Bu səviyyədə Bakıda, Azərbaycanda kukla sərgisi keçirilməyib. Uzun illər ərzində Bakıda belə irimiqyaslı sərginin təşkil edilməsi arzusunu diqqətə çatdıran E.Abbaslı Heydər Əliyev Fondunun rəhbərliyinə dərin təşəkkür edib. Qeyd edib ki, son 10 ildə bu cür sənət əsərlərinin yaradılması haqqında müzakirələr aparılıb. Bu kuklalar həm də mədəniyyətimizin, tariximizin zənginliyini nümayiş etdirir. Kukla yaratmaq, habelə bu sənət əsərini qorumaq çox çətin başa gəlir.
Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının rektoru, akademik Ömər Eldarov bildirib ki, bu sərgi maraqlı və nadir bayramdır. Sərgidə hər şey gözəl və nağıllarda olduğu kimidir. Eyni zamanda, bu sənət əsərləri ciddi və mükəmməl nümunələrdir. Ö.Eldarov deyib: “Kuklalar bizi anadan olduğumuz gündən müşayiət edir. Burada təqdim edilən əsərlərdə isə böyüklərin gözəllik haqqında söhbəti, dərin və həssas hisslər təcəssüm olunub. Bu cür peşəkar kukla sərgisi xüsusi sərgidir. Bu əsərlərdə rəssam gözəlliyə olan münasibətini, sevgisini gizlədə bilmir. Sevginin material vasitəsilə bu formada verilməsi böyük sənətdir. Bizim Bakıda kukla muzeyimiz olmalıdır ki, bu sənət əsərləri həmişə saxlanılsın, özü də təkcə sərgidən-sərgiyə deyil, hər zaman tamaşaçılar gəlib görə bilsinlər”.
Sonra tədbir iştirakçıları sərgi ilə tanış olublar.
Heydər Əliyev Fondunun dəstəyi ilə keçirilən sərgidə dünyanın müxtəlif ölkələrinin müəlliflərinin əl işi olan 230 kukla nümayiş etdirilir. Bu sənət əsərləri ümumilikdə 400-dən çox eksponatdan ibarət kolleksiyanın nümunələridir.
Sərgidə Azərbaycan, ABŞ, Almaniya, Avstraliya, Belçika, Çexiya, Estoniya, Fransa, İsrail, İtaliya, Latviya, Rusiya, Şimali Kipr, İndoneziya, Ukrayna və Yaponiyanın tanınmış kuklaçı rəssamlarının əl işləri təqdim olunur.
Ekspozisiyada nümayiş etdirilən sənət nümunələrinin əksəriyyəti tək nüsxədə hazırlanıb və yüksək bədii dəyərə malikdir. Həmin əsərlərin çoxu beynəlxalq kukla festivalları və biennalelərində qalib olub.
Sərgidə çini, kağız, plastik, taxta və parçadan hazırlanan ənənəvi kuklalarla yanaşı, müasir texnologiyalardan istifadə olunaraq yaradılan modern kuklalar da təqdim edilir. Sərgidə kuklalar 11 müxtəlif mövzu üzrə bölünüb. Belə ki, ekspozisiyada geyim tarixi, yumoristik obrazlar, bayram simaları, İçərişəhər sakinləri, nağıl qəhrəmanları, taxta kuklalar və digər mövzularda eksponatlarla tanış olmaq mümkündür.
Sərgidəki hər eksponat özündə bir tarixi yaşadır. Azərbaycanın məşhur “O olmasın, bu olsun” filminin qəhrəmanları, italyan “Komediya del Arte” xalq tamaşasının komik obrazları Kolombina və Pulçinella, “Romeo və Cülyetta”, “Al yelkənlər” kimi sevilən əsərlərin personajları, dünyaca məşhur aktrisalar Vera Xolodnaya, Qreta Qarbo, skripkaçı Rodion, fotoqraf Foma və digərləri. Müəlliflərin müxtəlif obrazlardan ilhamlanaraq yaratdıqları bu kuklalar tarixdən, incəsənət aləmindən tanıdığımız şəxsləri bir daha yaddaşlarda canlandırır.
Sərgidə orta əsrlərin qadın obrazları istər ziyafət paltarlarında, istərsə də istirahət zamanı geyindikləri libasda, həmçinin o dövrdə saraylarda yaşayan kişi və qadınlar fərqli geyimlərdə təqdim olunur. Azərbaycanın müxtəlif bölgələrinə xas geyimlərdəki kuklalar isə həm də parça, rəng, biçim, naxış və istifadə olunan zinət əşyalarına görə bir-birindən fərqlənir.
Sərginin hər bir eksponatı ilə tanışlıq, eyni zamanda, kukla sənətinin incəliyini, inkişaf tarixini izləməyə imkan yaradır.
Beləliklə, dekabrın 28-dən etibarən Heydər Əliyev Mərkəzində daha bir sərgini - dünya rəssam və heykəltəraşlarının nadir əl işlərindən ibarət kolleksiyanı izləyə bilərsiniz.