Hər kəsin bacarmayacağı sənət, 70 yaşlı ustanın nöqtələrdən “didilən” orijinal əsərləri - Neftçaladan REPORTAJ

Hər kəsin bacarmayacağı sənət, 70 yaşlı ustanın nöqtələrdən “didilən” orijinal əsərləri - Neftçaladan REPORTAJ Azərbaycanda əsrlər boyu mövcud olan, nəsildən-nəslə ötürülən dekorativ tətbiqi sənət fədakar insanlar sayəsində bu gün də yaşayır.
İncəsənət
22 Oktyabr , 2024 12:40
Hər kəsin bacarmayacağı sənət, 70 yaşlı ustanın nöqtələrdən “didilən” orijinal əsərləri - Neftçaladan REPORTAJ

Azərbaycanda əsrlər boyu mövcud olan, nəsildən-nəslə ötürülən dekorativ tətbiqi sənət fədakar insanlar sayəsində bu gün də yaşayır.

“Report”un Aran bürosunun məlumatına görə, bu peşəni yaşadanlar sırasında öz fədakarlığı ilə seçilən 70 yaşlı Neftçala sakini Rafiq Əliyev çoxlarının bacarmayacağı işlə - taxta üzərində didmə sənəti ilə məşğuldur.

Onun yaratdığı əsərlər ilk baxışda sadə rəsmləri xatırladır. Amma diqqətlə baxdıqda, görülən işin qətiyyən bəsit olmadığı, əksinə, böyük əziyyət və zərgər dəqiqliyi tələb etdiyini görmək mümkündür. Çünki yaradılan o əsərlər oyma-döymə yox, taxta üzərində didmə ilə ərsəyə gətirilir.

Rafiq Əliyevin əvvəllər rəsm çəkməyə həvəsi olsa da, bu sahə üzrə heç bir təhsili yoxdur. Texnikumu bitirdikdən sonra uzun illər Neftçalada neft və qazçıxarma idarəsinin təmir sexində çilingər işləyib. Doqquz il bundan əvvəl işdən çıxıb. Təsadüfən keçmiş iş yoldaşlarından birinin doğum günü olacağını öyrənən Rafiq usta ona məxsusi hədiyyə hazırlamaq üçün qollarını çırmayıb.

“Divar təqvimlərinin birində gördüyüm qartal şəklini taxta üzərində qələmlə işlədim. Üstünə lak çəkəndə, rənglər qarışdı. Fikirləşdim ki, nə edə bilərəm? Çətirin məftilini kəsib biz kimi düzəltdim və bu qurğuya quraşdırdım, başladım didməyə. Çox vaxt aparsa da, hazırladığım qartal şəkli pis alınmamışdı. İlk əsərim belə yarandı”, - Rafiq Əliyev deyir.

Rafiq usta əl işlərini hazırlamaq üçün əvvəlcə emalatxanada taxta üzərində istədiyi formada qara qələmlə eskizləri cızır, sonra onu xüsusi qurğu ilə ehtiyatla kəsərək qəlib formasına salır. Bundan sonra əl işlərinin hazırlığına başlayır.

Ustanın sözlərinə görə, taxta üzərində ölçüsündən asılı olaraq bir neçə şəkil işləmək mümkündür. Əvvəlcə şəkillərin eskizi çəkilir, qara qələmlə nöqtələr qoyulur, xüsusi qurğu ilə nöqtələr didilir, şəkillər hazır olduqdan sonra rənglənir və üstünə lak vurulur.

O bildirib ki, ölçüsü nəzərə alınmaqla, bir əsərin hazırlanmasına 20-30 gün vaxt lazımdır. İndiyə qədər 200-ə yaxın sənət nümunəsi yaradıb. Dahi şəxsiyyətlərin və digər tanınmış insanların portretləri ilə yanaşı, Vətən müharibəsi mövzusuna da müntəzəm müraciət edib. Usta hazırladığı əl işlərinin dost-tanışlara hədiyyə verib. Evində isə 40-a yaxın əsər qalıb. Rafiq Əliyevin ən böyük arzusu gələcəkdə əl işlərindən ibarət fərdi sərgisini təşkil etməkdir.

Son xəbərlər

Orphus sistemi