Bakı. 11 yanvar. REPORT.AZ/ Gənc Tamaşaçılar Teatrının aktyorları işdən çıxarılmalarına etiraz edirlər.
Teatrın aktyoru, əməkdar artist Rahib Əliyev “Report”a açıqlamasında teatr rəhbərliyinin qərarı ilə razılaşmadığını və işdən çıxmaq istəmədiyini bildirib.
Onun fikrincə, mədəniyyət ocağından uzaqlaşdırılması qanunsuzdur: “Niyə çıxım axı? 50 ildən çoxdur ki, işləyirəm. Bunu şikayət kimi demirəm. Deyirlər işdən çıxacaqsan, əməkdar artist olduğunuz üçün də hər tamaşaya 44 manat verəcəyik. Bu qanunsuzdur, başqa teatrlarda belə hal yoxdur. Əvvəl maaşımızı kəsib 50 faiz etdilər. İndi 148 manat maaş alıram. Elə aktyorlar var məndən də az əməkhaqqı alırlar. İndidə deyirlər təqaüdçüsünüz, gedin. Direktor yeni gəlib, niyə belə edir bilmirəm. Dünən teatrdan məni çağırıb dedilər ki, indi imkan yoxdur, amma yaxşı olacaq və siar. Sonra getdim Kadrlar şöbəsinə, dedilər ki, əmək kitabçasını qaytaracağıq özünüzə, hər tamaşaya da 44 manat verəcəyik. Bu ay bir tamaşam var. Tamaşalar bitdikdən sonra da bizim artıq teatrla işimiz bitmiş olacaq”.
Xalq artisti Yasin Qarayev isə deyib ki, Gənc Tamaşaçılar Teatrının baş rejissoru Bəhram Osmanovun aktyoru işdən çıxarmağa və yaxud işə götürməyə səlahiyyəti yoxdur: “Bəhram Osmanov bədii rəhbər, yaradıcılığa baxan insandır. İşə götürən də, işdən çıxaran da direktordur. Müsahibə götürüblər, öz fikrini deyib. Mənə dedilər ərizə yazmalısan, etiraz etdim. 65 yaşından sonra müəssisənin direktoru 70 yaşına qədər 5 il ərzində 1 illik müqavilələr bağlıya bilər. Bir ildən sonra istəsə bağlamaz. Bu da işçilərin sayının 2 faizi qədər hesablanır. Mən belə düşünürəm ki, bu, teatrlara aid deyil, dövlət qulluqçularına aiddir. Müqavilə artıq bağlaya bilməz. Çünki məsələn, Ağaxan Salmanlının 77 yaşı var. Ərizədə işdən çıxarıldığı qeyd olunur, ancaq onu xalq artisti kimi oynadığı tamaşalara görə dəvət edir və hər tamaşasına, təxminən, 40 manat verirlər. Yeni tamaşalarda isə rol verilmir artıq”.
Gənc Tamaşaçılar Teatrının məsələ ilə bağlı mövqeyini öyrənmək mümkün olmayıb.
Qeyd edək ki, Gənc Tamaşaçılar Teatrı rəhbərliyinin qərarı ilə xalq artistləri - Yasin Qarayev, Ağaxan Salmanlı, Lətifə Əliyeva, əməkdar artistlər - Atabala Səfərov və Rahib Əliyev işdən çıxarılıb. Buna səbəb kimi aktyorların pensiya yaşına çatmaları göstərilib.