Əməkdar artist Tofiq Hüseynov vəfat edib

Əməkdar artist Tofiq Hüseynov vəfat edib Akademik Milli Dram Teatrının aparıcı səhnə ustası, əməkdar artist Tofiq Hüseynov vəfat edib.
İncəsənət
9246
5 İyul , 2020 20:09
Əməkdar artist Tofiq Hüseynov vəfat edib
Tofiq Hüseynov

Akademik Milli Dram Teatrının aparıcı səhnə ustası, əməkdar artist Tofiq Hüseynov vəfat edib.

“Report” xəbər verir ki, bu barədə Akademik Milli Dram teatrının mətbuat xidmətinin rəhbəri Cavid Zeynallı məlumat yayıb.

O, qeyd edib ki, aktyor bir saat əvvəl evində dünyasını dəyişib:

"Akademik Milli Dram Teatrının bədii rəhbər-direktoru, Xalq artisti Azər Paşa Nemətovun və teatrın kollektivi adından Tofiq Hüseynovun yaxınlarına dərin hüznlə başsağlığı verir, mərhuma Allahdan rəhmət diləyirik. Tofiq Hüseyov iyulun 6-da öz vəsiyyətinə uyğun olaraq Xırdalan qəbiristanlığında anasının və atasının yanında torpağa tapşırılacaq. Ruhu şad olsun!"

Tofiq Əbdülrəhim oğlu Hüseynov 1949-cu il iyun 24-də Bakı şəhərində anadan olub. T.Hüseynov 1971-ci ildə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyoru fakültəsini bitirib. Tofiq Hüseynov bir çox teatrların səhnəsində çalışıb, müxtəlif obrazlar oynayıb. Bunlar: Rza bəy (“O olmasın, bu olsun”, Ü.Hacıbəyov), Əzrayıl (“Bu meydan, bu şeytan”, F.Aşurov), Mərd Mazarov (“Adamın adamı”, Anar), Hacı Namazalı (“Danabaş kəndinin məktəbi” C.Məmmədquluzadə), Tülkü (“Cücələrim” T.Mütəlibbov), Cəbi (“Hacı Qəmbər”, N.Vəzirov ), Şah Kreon (J.Anuy “Medeya”), Vəzir Zəban (O.Altunbay “Tomris”) obrazlarıdır.

Tofiq Hüseynov 2001-ci ildən Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında çalışıb. Teatrın repertuarındakı müxtəlif janrlı tamaşalarda rollar oynayıb. Onlardan: Komiyonçu “Kəllə”(N.Hikmət), Knyaz Orbeliani “Brüsseldən məktublar” ( H.Həsənov), Oqtay “Rəqabət” (B.Vahabzadə), Hacı Kərim “Ölülər” (C.Məmmədquluzadə), Rüstəm xan (“Eloğlu”, A.Şaiq), Qala rəisi (“Xurşidbanu Natəvan”, İ.Əfəndiyev), Bekar Ağabala “Dirilən adam” ( Mir Cəlal), Katib “Ölüləri qəbiristanlıqda basdırın” ( İ.Şıxlı), Ağamusa Fərəcov “Dəlilər və ağıllılar” (İ.Əfəndiyev), Əcəl “Alın yazısı”( T.Minnullin) və digər obrazları tamaşaçılar maraqla qarşılayıb.

Aktyor “Meteranpaj”(Kamayev), ”3-mollanın sərgüzəşti” (Mola Vəli), ”Şkafda adam” (Ər), Molla Nəsrəddinin lətifələri əsasında eyniadlı əsərin tamaşalarında, “Marş” (Komandir), “Dəvətnamə” (Briqadir), ”O dünyadan salamlar” (Əli bəy), “Bahar ərəfəsində” (Direktor) və s.filmlərə çəkilib.

Tofiq Hüseynov 2009-cu ildə Azərbaycan Respublikasının Əməkdar artisti fəxri adına layiq görülüb.

Xatırladaq ki, Əməkdar artist xərçəng xəstəliyindən əziyyət çəkirdi.