"ASAN Həyat" Kino Klubun “CinemaPlus Quba” kinoteatrında Azərbaycan Gənclər Fondunun XI qrant müsabiqəsinin “C” (fiziki şəxslərin layihələri) kateqoriyası üzrə həyata keçirilən və ucqar kənddə çalışan gəncdən bəhs edən "Sərhədlərin fövqündə" sənədli filminin təqdimat mərasimi keçirilib.
"Report" xəbər verir ki, Gənclər Fondunun maliyyə dəstəyi, Quba rayon Təhsil şöbəsinin dəstəyi ilə ərsəyə gələn ekran işində Qubanın V. Məmmədsalahov adına Cimi kənd tam orta məktəbində rus dili müəllimi kimi çalışan Ağaəmi İslamovun Bakıdan gedərək ucqar kənddə çalışması, kənd həyatı, müəllimlik fəaliyyətində gördüyü işlər, qarşılaşdığı çətinliklər, buna baxmayaraq verdiyi qərarlar və digər məqamlardan bəhs olunub.
Film Qubanın Cimi kəndi və kənd orta məktəbində lentə alınıb. Layihənin rəhbəri Xədicə Əliyeva, filmin ssenari müəllifi və quruluşçu rejissoru Ayşad Səfərəliyev, ikinci rejissoru Orxan Kərimlidir.
Kinonun müddəti 60 dəqiqədir.
Təqdimatda layihə rəhbəri Xədicə Əliyeva layihənin Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirildiyini diqqətə çatdırıb. Layihə haqqında məlumat verən X. Əliyeva çəkiliş prosesi və məqsədi haqqında danışıb. O, sənədli filmin hazırlanmasında əməyi keçən hər kəsə təşəkkürünü bildirib.
Daha sonra Quba rayon Təhsil şöbəsi Metodik mərkəzin direktoru Namik Hümbətov, Quba rayon Gənclər və İdman Baş İdarəsinin rəis müavini Mənsur Ağayev, Qubanın V.Məmmədsalahov adına Cimi kənd tam orta məktəbinin direktoru Rafael Məmmədov çıxış edərək layihəni yüksək qiymətləndiriblər.