Bakı. 28 aprel. REPORT.AZ/ Premium kinoteatrlar şəbəkəsi “CinemaPlus”da 2018-ci ildə “Cinemazadeh” studiyasında Azərbaycan dilində peşəkar dublyaj olunan “Təhlükəli biznes” Avstraliya və ABŞ istehsalı olan filminin nümayişi baş tutub.
“Report”un xəbərinə görə, filmi Əlixan Rəcəbov, Kamran Ağabalayev, Elşən Rüstəmov, Sevda Novruzlu Biyik, Vüsal Murtuzəliyev, Nəzakət Məmmədli, Rövşən Məmmədli, Səid Nizami, Zemfira Əbdülsəmədova, Vüqar Hüseynov, Vüsal Hacıqədir, Müşfiq Mirzəyev, Vüsal Xalıqoğlu və Xumar Quluzadə səsləndirib.
Dublyajın baş redaktoru Xətai Əli, rejissoru Rövşən Məmmədli, səs rejissoru Azad Vəliyev, ses operatoru Orxan Ağalarov, tərcüməçi Xumar Quluzadə, post prodakşn supervayzeri Vüqar İslamzadə, baş prodüseri Cəfər Axundzadədir.
Ekran əsərin rejissoru Neş Edqertondir. Baş rolları Coel Edgerton, Şarliz Teron və Devid Oyeloyo ifa edirlər.
Filmin süjet xəttinə görə, cəsur və uzunayaq sarışın – məhz o təhlükəli biznes üçün ideal seçimdir. Günlərin bir günü onun tabeçiliyində olanların biri bütün dünyanın izinə düşdüyü unikal formula haqda öyrənir. O, öz qaçırılmasını səhnələşdirmək və qarşılığında şirkətdən pul istəmək qərarına gəlir. Lakin bu “ağıllının” rəhbərinin köməyinə güvənməməsi məsləhətdir, çünki şirkət üçün o, diridən çox ölüdür.