Bakı. 3 aprel. REPORT.AZ/ “CinemaPlus Azerbaijan” premium kinoteatrında aprelin 4-də və 6-da Frankofoniya kinofestivalı çərçivəsində “Adama”, “Anam və ailəmizin digər qeyri-adi üzvləri” filmlərinin nümayişi keçiriləcək.
"Report" xəbər verir ki, festivalda filmlərdən əvvəl Fransa səfirliyinin nümayəndələrinin çıxışı olacaq.
Aprelin 4-də saat 19:00-da Fransa istehsalı olan Simona Rubinin “Adama” animasiya filminin nümayişi keçiriləcək. Format: 2D, fransız dilində ingilis subtitrləri ilə. Yaş məhdudiyyəti 0+.
Qərbi Afrikanın uzaq bir kəndində 12 yaşlı Adama yaşayır. Nassaras-ların hökmranlıq etdiyi, sahil qayalarının o tayında valehedici bir dünya var. O, ağsaqqalların qadağasına baxmayaraq, itkin düşən böyük qardaşı Sambanı tapmağa qərar verir. Uşaq qətiyyətilə kişilik yolunda inkişaf edən Adama qardaşının axtarışına çıxır və bu yol onu dənizin o tayına, Şimala, Birinci Dünya müharibəsinin cəbhə xəttinə gətirib çıxarır. Hadisələr 1916-cı ildə baş verir.
Aprelin 6-da saat 19:00-da isə İboyya Feketenin “Anam və ailəmizin digər qeyri-adi üzvlər” macar dramının nümayişi keçiriləcək. Dil: macar və ingilis. Subtitrlər: fransız. Yaş məhdudiyyəti 12+.
XX əsrin əvvəlindən 2000-ci illərə qədər 4 nəslin hekayəsini təqdim edən bir film. Filmin əsas personaji 94 yaşlı Ana həyatında 27 dəfə bir yerdən o birisinə köçüb. Narahat xarakterli bu qadın təhlükə anlayışı haqqında xüsusi bir fikirə malikdir. O, bu səbəbdən ətrafında cuzi təhlükə hiss etdikdə həyat yoldaşı və qızını ölkənin müxtəlif yerlərinə sürgün salır. Onların öhdəsinə XX əsrin hazırladığı gözlənilməz hadisələrə, 2 dünya müharibəsinə, 1956-cı il hadisəsinə və digər dəyişikliklərə tab gətirmək düşəcək. Lakin bütün bunlara baxmayaraq, onlar ruh yüksəkliyini saxlayaraq birgə, əl-ələ köçürlər.
Giriş pulsuzdur.
“CinemaPlus” kinoteatrı hər zaman sizlərə xoş sürprizlər etmək və kino tarixində olan ən yaxşı premyeralar ilə sevindirməyə hazırdır.