Cənubi Koreyada Azərbaycan tarixi və mədəniyyətini əks etdirən sərgi açılıb

Cənubi Koreyada Azərbaycan tarixi və mədəniyyətini əks etdirən sərgi açılıb Sərgi 2016-cı ilin iyun ayınadək davam edəcək
İncəsənət
29 May , 2015 09:58
Cənubi Koreyada Azərbaycan tarixi və mədəniyyətini əks etdirən sərgi açılıb

Bakı. 29 may. REPORT.AZ/ Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyi (KOICA) nəzdində fəaliyyət göstərən “KOICA Qlobal Kənd”ində İpək yolu ölkələri – Azərbaycan, Qırğızıstan və Özbəkistanın tarixi və mədəniyyətini əks etdirən sərginin açılış mərasimi keçirilib.

Azərbaycanın Seuldakı səfirliyindən "Report"a verilən məlumata görə, tədbirdə KOICA-nın prezidenti Kim Yonq-mok, Koreya parlamentinin üzvü Şim Yun-co, bu ölkənin Xarici İşlər Nazirliyinin İnkişaf Əməkdaşlığı Bürosunun (İdarə) baş direktoru Oh Yonqcu və digərləri iştirak ediblər.

Açılış mərasimində çıxış edən rəsmilər bu cür sərgi və təhsil proqramlarının təşkil edilməsinin ölkələrin coğrafi yerləşməsindən, dini mənsubiyyətindən və etiqadından asılı olmayaraq xalqlar arasında biliklərin artırılması, dostluq və mədəni münasibətlərin daha da gücləndirilməsi və əməkdaşlığın möhkəmləndirilməsi üçün yeni imkanlar yaradacağına əminliklərini bildiriblər.

Sərgi mərkəzində yaradılmış “Azərbaycan pavilyon”unda səfirlik tərəfindən təqdim olunan milli xalça nümunələri və ölkənin qədim xalça sənətinə dair kitablar, musiqi alətləri və milli qeyim nümunələri, miniatürlər və qədim abidələrə dair şəkillər nümayiş etdirilib.

2016-cı ilin iyun ayınadək davam edəcək sərginin keçirilməsinə əsas məqsəd Koreya vətəndaşları və KOICA-nın təlim proqramlarında iştirak edəcək xarici ölkə rəsmiləri və qonaqlarını Azərbaycan, Qırğızıstan və Özbəkistanın tarixi və mədəniyyəti barədə məlumatlandırmaqdır.

Son xəbərlər

Orphus sistemi