"CinemaPlus"da “Çat Kapı Aşk” filmi ilə bağlı mətbuat konfransı keçirilib

"CinemaPlus"da “Çat Kapı Aşk” filmi ilə bağlı mətbuat konfransı keçirilib “CinemaPlus Gənclik Mall” kinoteatrında “Cinemazadeh” studiyasının istehsalı olan və Turkiyədə çəkilən “Çat Kapı Aşk” romantik filmi ilə bağlı mətbuat konfransı keçirilib.
İncəsənət
11 Mart , 2019 18:58
CinemaPlusda “Çat Kapı Aşk” filmi ilə bağlı mətbuat konfransı keçirilib

“CinemaPlus Gənclik Mall” kinoteatrında “Cinemazadeh” studiyasının istehsalı olan və Turkiyədə çəkilən “Çat Kapı Aşk” romantik filmi ilə bağlı mətbuat konfransı keçirilib.

"Report" xəbər verir ki, tədbirdə Türkiyənin məşhur aktyorları - Müge Boz, Nergis Kumbasar, azərbaycanlı aktyor Elməddin Cəfərov və filmin baş prodüseri Cəfər Axundzadə iştirak edib.

Cəfər Axundzadə bildirib ki, filmin İstanbulda çəkilməsinə səbəb Azərbaycan kinosunun coğrafiyasını genişləndirməkdir: "Həm də Türkiyə qardaş ölkə olduğundan dillərin oxşarlığı işimizi daha da rahatlaşdırdı. İlk Azərbaycan filmi olacaq ki, ölkəmizlə yanaşı, Türkiyə və Avropa kinoteatrlarında nümayiş olunacaq. Bu film həm də ölkədən kənarda çəkdiyimiz ilk ekran işimizdir. Çəkilişlər bir aydan çox çəkdi, ancaq ortaya gözəl nəticə çıxdığına inanıram".

Nergis Kumbasar qeyd edib ki, Bakıda 3-cü dəfədir olur: "İlk dəfə işlə əlaqəli burada olmuşam. İkinci dəfə qızım və yaxın rəfiqəmlə tətil üçün gəldik. İndi də qala üçün gəlmişəm. Hər dəfəsində Bakı o qədər xoşuma gəlir ki, bütün dostlarıma, yaxınlarıma bura gəlməyi məsləhət görürəm. Paytaxtın mənə bu qədər doğma gəlməsi təsadüfi deyil. Çünki babam azəri, nənəm isə rus olub. İnsanlarınız olduqca mehribandırlar".

Müge Boz bildirib ki, ilk dəfə Azərbaycana "Qış nağılı" filminin çəkilişi üçün gəlib: "Çəkiliş üçün Qəbələdə olduq və oranın təbiətinə valeh oldum. Bu dəfə gələndə Bakıda İçərişəhəri gəzmək fürsətim oldu, səhər yeməyi yedik. Lənkəran çayının vurğunuyam. Dənizkənarı Milli Park gözəldir. Burada müalicəvi əhəmiyyəti olan Naftalana getməyi çox istəyirəm".

O həmçinin vurğulayıb ki, tanımadığı aktyorla çəkilişin olmasının fərqi yoxdur: "Əsas olan enerjinin tutmasıdır. Odur ki, Elməddin Cəfərovla müsbət enerji ilə işləyə bildik".

Elməddin Cəfərov isə əlavə edib ki, filmin çəkilişi zamanı həyəcanlı olub: "Motor startı veriləndən sonra hər şey qaydasına düşdü. Çəkiliş zamanı çox əyləndik və ortaya gözəl iş çıxdı. Bu günə qədər çəkildiyim filmlərdən ən çox qonorar aldığım işdi".

Filmin məzmununa gəlincə, bir gün həyatının sevgisi ilə qovuşacağına inanan gənc heykəltəraş qız Su (Müge Boz) onunla bir binada yaşayan, daima özünü narahat hiss edən və bu narahatlığına müxtəlif yollarla son qoymağa çalışan vəkil Arasla (Jess Molho) rastlaşır və ona aşiq olur. Arasla Su arasında məhəbbət macərası yaşansa da, onların bir yerdə olmasına ciddi əngəllər var. Aras problemləri həll etməyənə qədər Su ilə münasibətdən qaçmağa çalışır. Həmin binada guya qapıçı işləyən, əslən azərbaycanlı Nəriman (Elməddin Cəfərov) isə tamam başqa bir məqsəd güdür və o, Sudan kömək istəməyə məcbur olur.

Filmin rejissoru Erhan Baytimur, ssenari müəllifləri Deniz Güney Nesrin Zamur, operatoru isə Ömer Yılmazdır. Ekran işinin bəstəkarı Rüstəm Zeynallıya, musiqi tərtibatı isə Aynur Axundzadəyə məxsusdur. Rollarda Jess Molho, Müge Boz, Nergis Kumbasar, İbrahim Selim, Elməddin Cəfərov və başqaları çəkiliblər.

Qeyd edək ki, film martın 7-dən etibarən Azərbaycan, Türkiyə və Avropa kinoteatrlarında nümayiş olunur.

Son xəbərlər

Orphus sistemi