"Belə davam etsə, Azərbaycan teatrının süqutu qaçılmazdır"
Bakı. 3 avqust. REPORT.AZ/ Azərbaycanın görkəmli teatr və kino aktyoru, rejissor, əməkdar incəsənət xadimi, Adana Çukurova Universiteti Dövlət Konservatoriyasının professoru Cahangir Novruzov vətənə qonaq gəlib.
Bakıda qonaq olan Cahangir Novruzov Akademik Milli Dram Teatrının səhnəsində A.P.Çexovun "Kalxas" əsəri əsasında "Qu quşunun nəğməsi" adlı tamaşaya quruluş verir. Baş qəhrəmanı canlandıran Cahangir Novruzov əsəri doğma dilimizə tərcümə edib. Cahangir Novruzov bu əsərlə uzun müddətdən sonra Azərbaycan teatrının səhnəsində çıxış edəcək. Professor Cahangir Novruzov "Report"a müsahibə verib.
- Cahangir müəllim, budəfəki gəlişiniz yaradıcılıq məsələləri ilə bağlıdır. Akademik Milli Dram Teatrında hazırladığınız tamaşa ilə yanaşı, sizin haqqınızda türk rejissorları film də çəkir. Bu tamaşanı səhnələşdirmək ideyası necə yarandı? İlk təklif kimdən gəldi?
- Tamaşanın yaranma ideyası rəhmətlik Yaşar Nuri ilə bağlı idi. Mən bu əsərin həm quruluşunu verəcək, həm də Nikita rolunu oynayacaqdım, Yaşar Nuri isə baş rolu ifa etməliydi. Bu ideya mənim fikrimdə çoxdan var idi. Yaşar Türkiyədə xəstəxanada yatarkən onunla bu barədə danışmışdıq. Ona dedim: "Çoxdandır bir yerdə oynamırıq. Tamaşaçı bizim üçün darıxıb". O da razılaşdı, gözləri parıldadı. Yaşar üçün benefis tamaşası hazırlamaq istəyirdim. Yaşar uşaqlıq dostum idi, ağır xəstə olduğu üçün bu tamaşanı ona həsr etməyi özümə könül borcu bildim. Təəssüf ki, bu ideyanı dostumla birlikdə həyata keçirə bilmədik, qismət olmadı. Sonra keçən il bu tamaşanı rejissor Ramiz Həsənoğlu ilə televiziya üçün hazırlamaq istədik, 60 yaşım tamam oldu, onun fikri idi. Zaman və məkan baxımından nəsə alınmadı. Nəhayət, bu tamaşanı indi özüm hazırlayıram. Teatr klassikası kimi, Çexovun əsərlərinin Azərbaycan teatrında səhnələşdirilməməsindən çox narahatam. Hətta düşünürdüm ki, görəsən, Azərbaycan teatrının aktyoru və rejissoru Çexov səviyyəsinə gəlib çatmayıbmı? Bu səddi aşmaq lazımdır. "Qu quşunun nəğməsi" Çexovun birpərdəli dramatik etüd kimi qələmə aldığı əsərdir. Azərbaycan teatrının yaradılmasından sonra, xüsusilə də babam Cahangir Zeynalov və zamanın aydın və ziyalı insanlarının teatrı dəstəkləməsi millətin maariflənməsi, gözünün açılması anlamına gəlirdi. Romantik teatrın başında Ədil İsgəndərov dururdu. Hətta o da Çexova müraciət etmədi. Bilirsiz, onda başqa dövr idi. Bəlkə də burda bir xeyir var idi. Səlis məntiqlə, müxtəlif bucaq altında fərqli problemlərə baxa bilməyi bacaran xalqın zəkası , təfəkkürü və düşüncə tərzi daha geniş, daha dərin, daha uzaqgörən olur. Sənətin, ədəbiyyatın, təhsilin əsas məqsədi və amalı da budur. Ziyalı ata-babalarımız bizləri bu günlərə qədər gətiriblər. Bizlər də bu mirası gənclərimizə çatdırıb aşılamalıyıq. Çünki gələcək gəncliyindir. İndi gəlim sualınızın konkret cavabına. Bu tamaşanın Akademik Milli Dram Teatrında məhz mənim tərəfimdən hazırlanması ideyası İsrafil İsrafilovdan gəldi. O, mənə hələ iki əvvəl bu teatrda tamaşa hazırlamağı təklif etmişdi. Amma zamanım olmadı, gələ bilmədim, doğrusu istəmədim. Bu il vəziyyət başqadır. Belə ki, sentyabrın 21-də Cahangir Zeynalovun 150 yaşı tamam olur və TÜRKSOY Ankarada Azərbaycan peşəkar teatrının qurucusunun doğum tarixinin qeyd olunacağını ilin əvvəlindən tədbirlər planına salıb. Amma Cahangir Zeynalovun vətənində bununla bağlı hansısa tədbirin keçiriləcəyi haqqında rəsmi bir sərəncamın olub-olmamasından hələlik bir məlumat yoxdur.
Mədəniyyət və turizm naziri
Görəsən, Cahangir Zeynalov bir qazanc əldə etmədən nə üçün teatr sənətinə bu qədər vəsait xərcləyirdi? Çünki hesab edirdi ki teatr millətin gözünü aça biləcək, onu aydınlığa çıxararacaq, cəhalətdən qurtara biləcək işıqlı bir yoldur. Bu səbəbdən də evinin ən böyük salonunu 300 tamaşaçı tutacaq teatr səhnəsinə çevirdi. Cahangir Zeynalov teatr tariximizdə ilk dəfə yubileyi qeyd olunan teatr xadimidir. 1910-cu ildə səhnə fəaliyyətinin 25 illik təntənəli gecəsi teatrsevərlər tərəfindən onun üçün təşkil edilmişdi. O gecə səhnədə təşəkkür nitqində söylədiyi sözlər onun şəxsiyyətini, milli iradəsini bütün səmimiyyətilə açıqlayır: "Kaş min canım olaydı, minini də millətimə qurban vermiş olaydım". Ona görə də bu gün teatrda kim halal, ya da haram nə qazanırsa, əslində, Cahangir Zeynalovun zəhmətinin bəhrəsini, onun çörəyini yeyir. 150 illik şərəfli bir sənətkar nəslinin üçüncü nümayəndəsi olaraq mən Cahangir Novruzov
Məhz bu səbəbdən İsrafil İsrafilov bu təkliflə mənə müraciət edəndə mən yox deyə bilmədim. Yox desəydim, nəslimizin amalına qarşı çıxmış olardım. Bu səbəbdən burdayam, yoxsa, mənim bu teatrda tamaşa hazırlamaq fikrim yox idi.
- Niyə?
- Çünki İsrafilin burada anlamsız dedi-qodu içərisinə sürüklənərək nə qədər əziyyət çəkdiyini görürəm. Niyəsi? Azərbaycan teatrı haqqında cəfəng və etik sərhədləri aşmış yazılardır. Mən onları oxumuram. Amma açıb baxıram, iyrənirəm və bağlayıram. İçərisində sənətə əsaslanan, bu teatrın gəlmiş geçmiş tarixinə yaraşan, etik və estetik ənənəsinə uyğun, bir şeylər öyrənə biləcəyimiz heç bir sağlam fikir yoxdur. Səbəbi bilirsinizmi nədir? Aktyor əxlaqının əsas qaydalarının yox olaraq heçə sayılmasıdır. Bir zamanlar bu teatr haqqında söz belə deməyə cəsarət etməyən, teatrın qapısından içəri addım atmağa həddi olmayanların önünün açılması da bu səbəbdəndir. Mövlanədən soruşublar: "Bu qədər elm oxumusan, de görək, nə bilirsən? Cavab verib: "Həddimi bilirəm". Azərbaycan teatrının son günlərinin vəziyyəti onun şanlı tarixinə, verdiyi qurbanlara, fədakarlıqlara layiq deyil. Vallah olmaz! Hamımıza ayıbdır! Gürcüstan da Sovet İttifaqı dağılarkən bizim kimi maddi və sosial böhrandan keçdi, ordakı durum hələ də çətindir. Amma gürcü teatrı hər şeyə rəğmən şərəfli bir şəkildə yaşayır. Bizim maddi durumumuz Gürcüstandan qat-qat yaxşıdır. Problemlər təbii ki, var! Burdakı maaşlar çox azdır. Bu, sadəcə Mədəniyyət və Turizm Nazirliyinin səlahiyyətinə aid olan problem deyil. Buna Milli Məclisdə baxılıb teatrlarla bağlı qanun qəbul edilməlidir. Bunun üçün də bir-birini qaralayan cəfəngiyyat yazılar yazmaqdansa, teatr adamlarının bir araya gəlib Milli Məclisə savadlı və sayğılı bir məktubla müraciət etməsi daha məqsədəuyğundur. Bilirsiz, Q.Lorkanın gözəl sözü var: "Əgər bir xalq öz teatrına yardım əlini uzatmırsa, o xalq ya ölüdür, ya da ölmək üzrədir". Mən bu gün Azərbaycan xalqını ölmək üzrə olan bir xalq kimi görmürəm. İnsanı başqa canlılardan fərqləndirən cəhət əxlaqı və mənəviyyatıdır. Əxlaqı və mənəvi dəyərləri bol olan millətlərdə mədəniyyət yüksək olur.
Mənim bura gəlməyimin səbəbi həm bu tamaşadır, həm də Türkiyə Mədəniyyət Nazirliyinin Kino Baş İdarəsinin aldığı qərarla haqqımda çəkilən sənədli filmdir. Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Bakıdakı çəkilişlər üçün şərait yaradacağına söz verdi. Sağ olsun.
Bu teatrda tamaşa hazırlamağımın səbəbkarı və günahkarı İsrafil İsrafilovdur (Gülür). Bütün günahları onun ayağına yazıram. Tək təqsirkar odur. Bu tamaşa uğurlu da, uğursuz də olacaqsa, günah İsrafil İsrafilovun üzərində qalacaq. Çünki "yazılanlar"a görə, mənim Akademik Teatrda tamaşa hazırlayacaq səriştəm yoxmuş (Gülür). Son vaxtlar hamı İsrafili vurur, dedim bir zərbəni də mən vurum (Gülür).
- Tamaşa nə zaman hazır olacaq?
- Vallah, tamaşa dediyiniz şey çox böyük kəlmədir. Bu əsər 35-40 dəqiqəlik dramatik etüddür. Bu əsərin premyerası Cahangir Zeynalovun, nazirlikdən çıxacaq qərara görə ya yubiley gecəsində və ya ona həsr edilən xatirə axşamında oynanılacaq. Mən Türkiyə kimi hüquqi dövlətdə çalışıram. Ona görə də mənim böyük bir tamaşa hazırlamam üçün oradan uzun müddətli izn almağım və ya bura tez-tez gəlməyim mümkün deyil.
- Siz indi məzuniyyətdəsiz?
- Mən ezamiyyətdəyəm. Mənim haqqımda film çəkildiyinə görə ezamiyyətə göndərilmişəm. Türkiyədə görəcəyim işlər kifayət qədər çoxdur. Adana Böyük Şəhər Bələdiyyəsi Şəhər Sənət Şurasının və "Altın Koza" Beynəlxalq Film Festivalının İdarə Heyətinin üzvü, Türkiyə Azərbaycan Dərnəkləri Federasiyası (TADEF) sədrinin xarici əlaqələr üzrə müavini, Çukurova Universitetinin professoruyam. Yəni kifayət qədər məşğul adamam.
- Sizin haqqınızda türk rejissorları film çəkir. Bildiyimə görə, çəkilişlər Bakıda, Moskvada, Şəkidə aparılacaq...
- Elədir, filmin çəkilişləri artıq başlanıb. Bakı, Şəki, Moskva, Sankt-Peterburq və Türkiyədə çəkilişlər olacaq. Mənim ömür yolumun, tələbəlik illərimin keçdiyi yerlərdə çəkilişlər aparılacaq. Moskva çəkilişləri ilə bağlı həmyerlimiz Yuli Qusmanla danışmışam. Mən görkəmli rejissorların - Bakıda Mehdi Məmmədovun, Moskvada Anatoli Efros və Sankt-Peterburqda Georgi Tafstanoqovun tələbəsi olmuşam. Sadəcə, 11 illik yüksək teatr təhsilim var. Bir haşiyə çıxım. Efrosun Azərbaycana gəlməsini çox istəyirdim. Rəhmətlik Şəmsi Bədəlbəylinin yanına getdim və mənə rəsmən Efrosu Bakıya dəvət etmək üçün məktub verməsini xahiş etdim. İstəyirdim Efros ildə iki dəfə Bakıya gəlib, rejissor laboratoriyası açsın. Hər gəlişi üçün ona 200 manat ödənəcəkdi və ildə 400 manat elə də böyük məbləğ deyildi. Şəmsi müəllim razılaşdı və məktubu verdi. Məktubu Efrosa təqdim edəndə oxudu və dedi: "Cahangirçik mən Bakıya getmərəm". Mən bu cavabdan tutuldum. Soruşdum ki, niyə? Efrosun cavabı məni çox duyğulandırdı: "Mən Tofiqdən sonra Bakıya getmərəm. Mən onsuz Bakıda qala bilmərəm”. Tofiq Kazımovla tələbə yoldaşı olmuşdular. Dediyinə görə, bütün qrupun kurs işlərinin səhnələnməsinə Tofiq Kazımov yardım edirmiş. Efros kimi dahi rejissor Tofiq Kazımovu tez-tez xatırlayırdı, onu çox böyük rejissor, novator adlandırırdı.
Sizə heç yerdə demədiyim bir sözü demək istəyirəm. Həyatımda bəlli zamanlarda böyük sənətkarlar mənim haqqımda həyatımı dəyişən sözlər deyiblər. Anam mənim bu sənətə gəlməyimi heç istəmirdi. Mənim oynadığım Qafar rolunu qapı arasından izləmək istədi. Amma imkan vermədilər. Gətirib səhnədə əyləşdirdilər. S.Rüstəmin 65 illik yubileyi idi. Mən o zaman Mehdi Məmmədovun tələbəsiydim və birinci kursda olmağıma baxmayaraqmənə S.Rüstəmin "Çimnaz xanım yuxudadır" tamaşasında Qafar rolunu vermişdilər. Mehdi müəllim tamaşadan sonra anama dedi ki, Cahangirin necə rejissor olacağını hələ bilmirəm, amma yaxşı aktyor olacağı bəllidir. Bu sözlər mənə ilk cəsarəti verdi. Bir dəfə də III kursun birinci rübündə "Almaz" əsərində Hacı Əhmədi oynayırdım. İmtahan idi. Ədil İsgəndərov, Mehdi Məmmədov və Rza Təhmasib imtahan götürürdülər. Tamaşadan sonra Rza Təhmasib, Hacı Əhməd rolunun ən mahir ifaçısı, özünə xas bir hərəkətlə dodaqlarının kənarını sığallayaraq mənə dedi: "Xoroşo, doğrudur, düz oynamısan". Bu sözlər də ikinci cəsarət dalğasını yaratdı və məni dəyişdirdi. Sonra A.Efrosun Tofiq müəllimə yüksək dəyər veməsi vətəndən uzaqda mənim özümə güvənimi gücləndirdi. Ən son da Sankt-Peterburqda laboratoriya çalışmalarında tələbələrlə Çexovla bağlı mübahisədə Tavstonoqovun "Bu bığlu qafqazlı oğlan doğru deyir, Çexovu sizdən daha dərin hiss edir" deməklə mənə bir rejissor kimi verdiyi cəsarəti heç nə ilə müqayisə etmək olmaz. Allah onlara rəhmət eləsin.
- Cahangir müəllim, belə başa düşdüm ki, Çexov sizin çox sevdiyiniz dramaturqdur.
- Çexovu bütün dünya sevir.
- Gələcəkdə yenidən Çexov dramaturgiyasına müraciət etməyi düşünürsünüz? Ümumiyyətlə, yenidən Azərbaycana gəlmək və tamaşa hazırlamaq fikriniz var?
- Gələn il əksəriyyəti mənim məzunlarımın çalışdığı Adana bələdiyyə teatrında bir Çexov əsəri hazırlamam plana salınıb. Burda isə gedişata baxacağıq, olacağını zaman göstərəcək. Azərbaycan teatrının mənəvi və əxlaqi dəyərləri üçün mücadilə verən adamlara kömək etmək lazımdır. Amma təəssüflər olsun ki, mən 20 ildir Türkiyədə yaşayıram. Mənim orada bir yuvam var. Qurduğum teatr məktəbi həqiqi mənada bir yuvadır. Adana Bələdiyyə Teatrında tamaşalar hazırlayıram. Mənim tələbəm İsmail Dikilitaş həmin teatrın direktorudur. Başqa bir tələbəm Müzəffər Kırıkkalp Dövlət Konservatoriyasının müdür yardımçısıdır, Demet Boci qızımız Van Dövlət Teatrının müdiridir... Mənim tələbələrim Türkiyə teatrlarında tamaşalar hazırlayır. Bu mənim fəxrimdir. Mən belə şəraiti Bakıda da yarada bilərdim. Amma burada qismət olmadı, istəmədilər demək. Bilirsiniz, orada tələbələrimi özüm seçməliyəm. Bakıda mənə belə şərait yaratmazlar. Türkiyədə 1996-cı ildən etibarən məktəbimizin qəbul komissiyasının rəhbəriyəm. Mənə heç kim xahiş üçün zəng etməz, edə bilməz. Çünki dürüst adam olduğumu bilirlər, həqiqəti deməkdən çəkinmərəm. Çünki deyirlər həqiqəti söyləyəni Allah danışdırıır. Yalan, riya yaxşı şey deyil, birisinin haqqını yemək günahdır, həm də istedadlı birisinin. Gələcək tələbələrimizi imtahan komissiyası seçir. Onları uzun-uzadı imtahan edirik. Mənə lazım olan mücəvhəri tapıb üzə çıxarıram.
- Cahangir müəllim, Azərbaycandan tələbə seçib Çukurova Universitetinə aparmaq olar?
- Təbii ki, Azərbaycanın Təhsil Nazirliyindən belə bir istək gələrsə və şərait, imkan yaradılsa, komissiyamızla birlikdə mən özüm gəlib imtahan edərəm. Azərbaycan teatrının gələcəyi üçün belə bir iş görmək olar və sanıram lazımdır. 10-12 nəfər istedadlı gənci seçib Adanaya, Çukurova Universitetinə aparmaq olar. Orada 5 il təhsil alıb Azərbaycana güclü teatr adamları kimi qayıda bilərlər. Şərait və imkan yaradılsa, bunu etmək olar. Çünki mən Azərbaycan teatrının süqutunun şahidi olmaq istəmirəm.
- Sizcə, teatrın süqutu yaxınlaşır?
- Belə getsə, süqut qaçılmazdır. Bir ağaca su verməsən, nə qədər susuz yaşaya bilər? Azərbaycan mədəniyyəti çox çətin dönəmlərdən keçdi. Musiqimizi hörmətli Mehriban xanım çökməyə qoymadı. Sağ olsun. Belə bir təkan Azərbaycan teatrına da lazımdır. Hətta məncə, Azərbaycanda bütün dedi-qodulardan uzaq yeni nəfəsi olan bir teatr yaradılmalıdır.
- Yeni teatr deyəndə nəyi nəzərdə tutursunuz…
- Ədalətli bir seçimdən keçmiş, düzgün təhsil görmüş gənclərlə yeni teatr yaratmaq olar. Belə bir istək olarsa, mən də yardım edə bilərəm. Kurs yığıb, təhsil verərəm. Azərbaycan teatrının dirçəlişi, gələcəyi yeni, çağdaş fikirli, istedadlı, savadlı teatr adamlarının yetişməsi ilə olacaq. Mən inkişafı və dirçəlişi belə bir yolda görürəm.
- Cahangir müəllim, bu yaxınlarda Türkiyədə Q.Qorinin "Herostratı unudun" tamaşasını təhvil verdiniz. Tamaşanın uğurlu premyerasından xəbərimiz var. Bu tamaşa ilə Bakıya qastrola gəlmək planınız var?
- Mən o tamaşanı bu il Şəkidə keçirilmiş "İpək yolu" Beynəlxalq Musiqi Festivalında nümayiş etdirməyi təklif etdim. Musiqi festivalı olduğu üçün razılıq vermədilər. Amma yerinə düşərdi. Çünki Adana Çukurova Dövlət Simfonik Orkestri festivalda çıxış etdi. Bizim tamaşamızın nümayişi də anlamlı olardı. Alınmadı, istəmədilər... Mədəniyyət və Turizm Nazirliyi şərait yaratsa, o tamaşanı Bakıda nümayiş etdirə bilərik. Hazırda Akademik Milli Dram Teatrında da həmin əsər hazırlanır. Gələcəkdə qarşılıqlı tamaşa oynamaq kimi maraqlı bir layihə həyata keçirmək olar. Yəni buradakı tamaşanı Adanaya gətirərlər, bizim tamaşanı da Bakıda nümayiş etdirərik. Hər iki ölkənin Mədəniyyət nazirlikləri arasında və ya iki teatr arasında qarşılıqlı anlaşma əldə olunması ilə belə bir iş görmək olar. Bununla da ulu öndər
- Cahangir müəllim, Azərbaycan teatrının sabahını necə görürsünüz? Açığı, Akademik Milli Dram Teatrının aqibətini necə görürsünüz?
- Bu çaxnaşmalar davam edərsə, bu teatrın aqibətini yaxşı görmürəm. Belə gedişat Akademik Milli Teatrın adına yaraşmaz. Aktyor duyğusuna məğlub olan bir insandır. Bu, sənətimizin xilqətində var. Onu uşaq kimi oyuna gətirmək çox asandır. Kənardan körükləyənlər olmazsa, hər şey yerinə oturar, danışıqlarla həll olar. Unutmaq lazım deyil ki teatr şou-biznes dünyası deyil, buranın etiketi başqadır.
- Bəs nə olmalıdır, nə dəyişməlidir?
- Sənətlə məşğul olmalıdırlar, dedi-qoduyla deyil. Bu, uzun illərin sənət böhranının nəticəsidir. Çünki sənətdə tükəndiklərini hiss edənlər ortalıqda boş danışarlar. Başqalarına ağıl veməyə başlarlar, yaşadıqları yaradıcı böhranın səbəbini başqasında görərlər, etinadsızlıqlarıyla özlərinin də bərbad etdiyi sistemi günahlandırarlar. Yaradıcı boşluq sindromu. Gözəl bir söz var; boş tüfəngi bilmirəm, amma boş insanı şeytan doldurur. Bu, klassik bir vəziyyətdir. Dünya teatr tarixində yaradıcılığın çöküş anatomiyası belədir. Yunan tragediyasının əzəli səbəbkarı, keçi, traqos oda... Günahkar, qurbanlıq keçi arayışı... Keçini edam etdikdən sonra hər şey yenidən köhnə qaydasında başlar... Mən bütün bunlardan və buralardan çox uzaqdayam. Belə vəziyyəti görüncə vallah heç geri gəlməyi də düşünmürəm. Siz soruşdunuz, mən də tərəfsiz olaraq fikrimi söylədim.
Bir bəlli həqiqət var; hər kəs öz işi, bildiyi sənəti ilə məşğul olsa, daha yaxşı olar. Hər şeyə rəğmən, mən Azərbaycan teatrının bu acılı, ağrılı dövrünün keçəcəyinə inanıram. Sadəcə, hər kəs içindəki kini sevgi və sayğı ilə əvəz etsin yetər.