Bakı. 4 oktyabr. REPORT.AZ/ Beynəlxalq Muğam Mərkəzində Bülbülcana həsr olunan kitabın təqdimat mərasimi keçirilib.
"Report" xəbər verir ki, tədbirdə mədəniyyət naziri Əbülfəs Qarayev, nazirin birinci müavini Vaqif Əliyev, kitabın yazarı Gülhüseyn Kazımlı və bir sıra incəsənət xadimləri iştirak ediblər.
Nazir Bülbülcanın yaradıcılığından danışaraq Gülhüseyn Kazımlıya kitabın hazırlanmasına görə təşəkkür edib: "O, Azərbaycan musiqisini, muğamını Gürcüstanda layiqincə təmsil edib, yüksəklərə qaldırıb. Biz bu tarixi şəxsiyyəti daima yad etməliyik. Eyni zamanda növbəti simalar haqqında düşünməliyik".
Bundan sonra sənətçilərin ifasında muğam səslənib.
Qeyd edək ki, Əbdülbaqi Zülalov (Bülbülcan) 1847-ci ildə Azərbaycanın ən gözəl güşələrindən biri olan Şuşa şəhərində anadan olub. Gənc yaşlarından xanəndəliyə başlayan Bülbülcan əvvəl Azərbaycanda, sonra isə Gürcüstanda, Tbilisi şəhərində xanəndə kimi şöhrət qazanıb. O, ömrünün 30 ilini (1875-1905) Tbilisi şəhərində yaşayıb və fəaliyyət göstərib. Bu illər ərzində Azərbaycan muğamlarını, xalq mahnılarını sevə-sevə ifa edib, toy şənliklərində, böyük tədbirlərdə, teatr tamaşalarının arasındakı fasilələrdə öz ansamblı ilə çıxış edib.