Bakı. 7 sentyabr.
“Report”un xəbərinə görə, təqdimat mərasimində filmin təşkilatçıları çıxış ediblər. Bildirilib ki, Azərbaycan xalqı Türkiyənin yanındadır.
Çıxışlarda Fətullahçı Terror Təşkilatının (FETÖ) Türkiyə dövlətinə qarşı əməlləri pislənilib.
Çıxış edən Azərbaycan Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin əməkdaşı Bəhruz Həsənov deyib ki, 15 iyulda Türkiyədə baş verən hadisələr 20 yanvar hadisələrini xatırladır: “Türkiyə xalqı dövlətçiliyə sahib çıxdı. Azərbaycan xalqı da Türkiyə xalqının yanında oldu, eyni həyacanı yaşadı. Bu iki xalq arasında milli-mənəvi bağlar mövcuddur. Biz ortaq dəyərləri paylaşırıq. Türkiyədə baş verənlər dindən istifadə edənləri ifşa etdi. Bir daha bildiririk ki, dini siyasətə qatmaq olmaz, dindən məkrli niyyətlərdən istifadə edilməsi yolverilməzdir”.
B.Həsənov söyləyib ki, Azərbaycanda hər kəsin dini etiqad azadlığı mövcuddur, amma bu, o demək deyil ki, bundan hansısa mənfi niyyətlərdə istifadə edilsin: “Azərbaycanda buna ciddi nəzarət var. Hüquq mühafizə orqanları baş verənlərlə bağlı araşdırmalar aparır. Azərbaycan dövləti terror təşkilatılarına qarşı mübarizəsini davam etdirir”.
Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alper Coşqun 15 iyul günü baş verənlərlə bağlı danışıb. O bildirib ki, Türkiyə xalqı bu hadisələrdə tarix yazıb: “Həmin gecə bütün türk xalqı birlikdə oldu, canlarını fəda etdilər. Biz bundan qürur hissi keçiririk. Türkiyə bu təcrübədən güclənərək çıxdı. Biz qısa zaman ərzində xeyli məsafə qət etmişik. Türkiyənin terrorla mübarizə təcrübəsi var”.
Sonra tədbirin digər iştirakçıları çıxış edib, fikirlərini bölüşüblər.
Sonda film nümayiş olunub.