Bakı. 6 fevral. REPORT.AZ/ Tanınmış İsrail müğənnisi, flamenko üslubunda ifa edən Şimon Siboni ilk dəfə Bakıya qastrola gələcək.
Azərbaycan Dövlət Rus Dram Teatrından "Report"a verilən məlumata görə, konsert martın 26-da teatrın səhnəsində keçiriləcək.
Müğənnin Covanni Kapurro, Luçano Pavarotti, Enriko Karuzo, Osvaldo Farres və s. kimi məşhur ifaçıların repertuarından tanınmış əsərləri ifa edəcək.
Ş.Siboni ivrit, ispan və fransız dillərində musiqilər ifa edəcək.
Ş.Siboni Mərakeşin Kasablanka şəhərində İspaniya kökləri olan yəhudi ailəsində dünyaya gəlib. Elə uşaqlıqdan onun mahnı ifa etmək istedadı üzə çıxıb. Nadir səs (tenor) və güclü xurizma onu dünyanın hər yerində, ABŞ, Kanada, Mərakeş, Fransa, İngiltərə və Latın Amerikasının bir çox ölkələrində qastrollarda müşayiət edib. Şimon İsrail Filarmoniyasının müşayiəti ilə çıxış edib, güclü səsinə görə ona "ikinci Karuzo" ləqəbi verilib.