Bakıda iki məşhur latviyalı rəssam Yulius Maderniks və Yulius Straumenin yaradıcılığına həsr olunmuş “İki Yulius” adlı sərgi açılıb.
“Report” xəbər verir ki, sərgi Azərbaycan Milli Xalça Muzeyi, Gülbene Bələdiyyəsi Tarix və İncəsənət Muzeyi, Dekorativ İncəsənət və Dizayn Muzeyi, Latviya Milli İncəsənət Muzeyi, Gülbene İncəsənət Məktəbi, Gürcüstan İncəsənət Muzeyi – Mədəniyyət Tarixi Muzeyinin birgə təşkilatçılığı, Mədəniyyət Nazirliyi, Latviyanın ölkəmizdəki səfirliyi, Latviya Dövlət Mədəniyyət Kapitalı Fondunun dəstəyi ilə təşkil olunub.
Y.Maderniks və Y.Straume ötən əsrin birinci yarısında Latviyada peşəkar tətbiqi sənətin və dizaynın əsasını qoymaqla tanınırlar. Açılış mərasimində çıxış edən Latviyanın müvəqqəti işlər vəkili Viya Buşe Y.Straumenin Azərbaycan xalçaçılığının inkişafı ilə sıx bağlı olduğunu, sərginin Azərbaycanla ikitərəfli mədəni əlaqələrin möhkəmlənməsinə xidmət edəcəyini bildirib: “Onun eskizləri Azərbaycan xalçaçılıq tarixini qoruyub saxlayan qiymətli irsdir”.
Xatırladaq ki, Y.Straume bir çox emalatxanalara, o cümlədən müasir Azərbaycan ərazisindəki emalatxanalara rəhbərlik edən Qafqaz Kustar Komitəsinin rəsmisi idi. Straume Qafqazda mütəmadi olaraq etnoqrafik ekspedisiyalar aparır, əksəriyyətini xalça ornamentləri təşkil edən milli əl işi nümunələrinin eskizlərini və fotoşəkillərini toplayırdı.
Sərgidə Yulius Straumenin Qafqaz və Şərq incəsənətinin, həmçinin art-deko üslubunun, milli romantizmin təsirini özündə əks etdirən eskizlərinin reproduksiyaları nümayiş olunur. Eskizlərin orijinalları Köhnə Druvyena Məktəb-Muzeyi (Latviya), Gülbene Bələdiyyəsi Tarix və İncəsənət Muzeyi (Latviya), Latviya Milli İncəsənət Muzeyi (Latviya) və Gürcüstan İncəsənət Muzeyi – Mədəniyyət Tarixi Muzeyində (Gürcüstan) qorunur.
Sərgidə Latviya tekstilinə dair mühazirələrin keçirilməsi, həmçinin Gülbene İncəsənət Məktəbinin və Azərbaycan Milli Xalça Muzeyinin mütəxəssisləri tərəfindən hazırlanmış xüsusi uşaq proqramlarının keçirilməsi nəzərdə tutulub.
Sərgi 2023-cü il yanvarın 6-dək davam edəcək.