Bakıda II Britaniya Film Baharı Festivalı başlayıb

Bakıda II Britaniya Film Baharı Festivalı başlayıb Festival aprelin 25-dən 30-dək Nizami Kino Mərkəzində keçiriləcək
İncəsənət
25 Aprel , 2016 15:34
Bakıda II Britaniya Film Baharı Festivalı başlayıb

Bakı. 25 aprel. REPORT.AZ/ Nizami Kino Mərkəzində II Britaniya Film Baharı Festivalı başlayıb.

"Report" xəbər verir ki, festival "British Council Azərbaycan" və Böyük Britaniyanın Azərbaycandakı səfirliyinin birgə təşkilatçılığı ilə keçirilir.

Bu münasibətlə təşkilatçıların Nizami Kino Mərkəzində mətbuat konfransı olub. Britaniyanın Azərbaycandakı səfiri İrfan Siddiq, "British Council Azərbaycan"ın direktoru Elizabet Uayt və Nizami Kino Mərkəzinin direktoru Leyli Mirzəyeva iştirak ediblər.

Britaniyanın Azərbaycandakı səfiri İrfan Siddiq festival çərçivəsində Azərbaycan tamaşaçılarına 6 film nümayiş etdiriləcəyini bildirib: "Azərbaycan tamaşaçıları üçün Britaniya filmlərinin ən baxımlı olanlarını təqdim edəcəyik. Son illər Britaniya kinosu inkişaf edir. Adətən, kino deyəndə hamının gözü önünə Hollivud və orada çəkilən böyük büdcəli filmlər gəlir. Amma Britaniya filmləri Hollivud filmlərindən heç də geri qalmır. Son illər Britaniya kinosunda parlaq ulduzların sayı artır. Kinomuz texniki tərəfdən də çox inkişaf edib. Britaniyada çoxlu film şirkətləri fəaliyyət göstərir. Həmin film şirkətlərindən birinin rəhbəri tanınmış rejissor Asif Kapatiyadır. Azərbaycan tamaşaçıları onu "Əli və Nino" filmindən yaxşı tanıyır". 

"British Council Azərbaycan"ın direktoru Elizabet Uayt isə bildirib ki, məqsəd Britaniya kinematoqrafçılarını azərbaycanlı tamaşaçalarla bir araya gətirmək, eyni zamanda innovasiyalar, müxtəliflik və mükəmməlliyi nümayiş etdirmək və mədəni mübadilələr üçün imkanlar axtarmaqdır: "Britaniya Filmləri festivalında maraqlı olan yeni filmlər təqdim ediləcək. Ümid edirəm ki, Azərbaycan tamaşaçıları bu filmlərin bir çoxunu izləyəcək". 

Qeyd edək ki, "British Council" Bakıda ilk Britaniya Film Festivalını 2013-cü ildə təşkil edib. İkinci film festivalı Britaniya Film Baharı (British Film Spring) adı altında 2015-ci ildə baş tutub.

Festival Kolm Toybinin eyniadlı romanı əsasında Nik Hornbinin ssenarisi əsasında rejissor Con Kraulinin çəkdiyi Oskar nominasiyalı "Bruklin" adlı tarixi dramın premyerası ilə açılacaq.

Festivalın növbəti günlərində həmçinin aktrisa Meqqi Smitin baş rolda çəkildiyi "Furqondakı ledi", rejissor Endrü Heyin Berlin Kino Festivalının qalibi olmuş "45 il" filmi, baş rollarda Kolin Farrel və Reyçel Vaysın çəkildiyi, rejissor Yorqos Lantimosun ekranlaşdırdığı "Lobster" filmi daxil olmaqla, 6 maraqlı və eyni zamanda çox fərqli filmlər izləyicilərə təqdim olunacaq.

Festival müddətində "British Council" tərəfindən təşkil olunan online müsabiqələrin iştirakçılarına bilet və hədiyyələr təqdim olunacaq.

Bütün filmlər Nizami Kino Mərkəzində ingilis dilində (rus dilində alt yazılarla) nümayiş etdiriləcək.

Biletlərin qiyməti 2 manatdır.

Festival çərçivəsində aşağıdakı filmlər nümayiş etdiriləcək: 

25 aprel, saat 19:00. "Bruklin". 

26 aprel, saat 14:30. "Furqondakı ledi".

26 aprel, saat 18:30. "Mister Homs". 

27 aprel, saat 14:30. "Lobster". 

27 aprel, saat 18:30. "45 il".  

28 aprel, saat 14:30. "Mister Homs". 

28 aprel, saat 18:30. "Mənə qulaq as, Marlon". 

29 aprel, saat 18:30. "Bruklin". 

30 aprel, saat 14:30. "45 il". 

Son xəbərlər

Orphus sistemi