Bakıda fiziki məhdudiyyətli insanlar üçün xüsusi moda nümayişi – “KEKALOVE Adaptive Fashion Show” keçirilib.
“Report” xəbər verir ki, moda nümayişi Almaniya və Fransanın Azərbaycandakı səfirliklərinin dəstəyi ilə baş tutub.
Almaniyanın Azərbaycandakı səfiri Ralf Horleman nümayişin açılış mərasimində çıxışı zamanı qeyd edib ki, bu şounun ölkələr arasında dostluq sazişinin (Yelisey müqaviləsi) imzalanmasının ildönümündə keçirilməsi xüsusi əhəmiyyət kəsb edir: "Əlilliyi olan şəxslərin sosial həyatda başqaları ilə bərabər şəkildə təmsil olunması üçün inklüziv moda nümayişlərinin keçirilməsi vacibdir".
Öz növbəsində, Fransanın Azərbaycandakı səfiri Ann Buayon bildirib ki, bu, ilhamverici, çox innovativ layihədir və Fransa üçün çox vacibdir: “Həm Azərbaycanda, həm də Avropada ətrafdakıların fiziki məhdudiyyətli insanlara münasibətinin dəyişdirilməsi çox vacibdir”.
Qeyd edək ki, “KEKALOVE Adaptive Fashion” fiziki məhdudiyyətli insanlar üçün Azərbaycan geyim brendidir. Brendin təsisçiləri tələbə Məhəmməd Kekalov və dizayner Rəşidə Əliyevadır.