İyunun 28-də
"Report" xəbər verir ki, görkəmli bəstəkar Cüzeppe Verdinin məşhur "Rekviyem" əsəri müxtəlif ölkələrdən olan musiqiçilərin ifasında təqdim olunub.
Əsəri Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri, Azərbaycan Dövlət Xor Kapellası, Vano Saracişvili adına Tbilisi Dövlət Konservatoriyasının Xoru və Batumi Dövlət Musiqi Mərkəzi Kapellası ifa edib. Solist olaraq Azərbaycandan Azər Zadə (tenor), almaniyalı Mareyke Yankovski (mezzo-soprano), italiyalı Antonio Di Matteo (bas) və rusiyalı Yelena Mixailenko (soprano) çıxış edib. Klassik musiqi gecəsi Azərbaycanın Xalq artisti Yalçın Adıgözəlovun dirijorluğu ilə keçib.
Yalçın Adıgözəlov konsert proqramını ölkəmizin mədəni həyatında gözəl bir hadisə kimi dəyərləndirərək deyib: “Dünya klassik musiqi repertuarının şah əsərini, Cüzeppe Verdinin “Rekviyem” əsərini ifa etdik. Ümidvaram ki, bu ifa illər boyunca dinləyicilərin hafizəsindən silinməyəcək. Çünki səhnədə 200 nəfər sənətkar bir araya gəlib. Uzun illər belə bir imkanın yarandığını gözləyirdik. Əlimizdən gələni etdik ki, bu hadisə Azərbaycan mədəniyyət tarixinə qızıl hərflərlə yazılsın”. Təşkilatçılara minnətdarlığını bildirən dirijor hamıya musiqi dolu gözəl bir gecə arzulayıb.
"Rekviyem" dahi bəstəkar Cüzeppe Verdinin solistlər, xor və orkestr üçün əsəridir. Əsərin ideyası 1868-ci ildə bəstəkar Coakkino Rossini vəfat edərkən yaranıb. Verdi Rossinin vəfatının ildönümü üçün matəm messası bəstələnməsi məqsədilə italyan bəstəkarlara müraciət edir. Əsərin müxtəlif hissələrinin yazılması üzrə bəstəkarlar arasında püşkatma olur və Verdiyə əsərin sonuncu hissəsi - "Libera me" düşür. Əsər 1869-cu ildə hazır olsa da, ifa edilmir. Bir ildən sonra Verdi "Rekviyem"i bütünlüklə özünün yazacağını açıqlayır. Bu vaxt o, artıq 2 hissəni bəstələmişdi.
1873-cü ildə Verdinin gənclik illərindən rəğbət bəslədiyi, tanınmış yazıçı Alessandro Mandzoninin ölümü əsərin tamamlanmasına təkan verir. "Rekviyem" 1874-cü il mayın 22-də Mandzoninin vəfatının ildönümündə Milandakı Müqəddəs Mark kafedralında bəstəkarın öz dirijorluğu ilə təqdim olunur. Üç gün sonra isə əsər La Skala teatrında böyük uğurla ifa edilir.
Texniki mürəkkəbliklərlə zəngin, geniş ifaçı tərkibi tələb edən yeddi hissəli “Rekviyem” ilk gündən geniş auditoriya rəğbəti qazanıb.