Azərbaycanlı Türkiyədə cinayət qurbanları olan qadınlarla bağlı heykəl hazırlayıb

Azərbaycanlı Türkiyədə cinayət qurbanları olan qadınlarla bağlı heykəl hazırlayıb Türkiyədə yaşayan və fəaliyyət göstərən azərbaycanlı rəssam-heykəltəraş Sənan Eynullayevin İzmir şəhərində ərsəyə gətirdiyi “Məchul qadın” heykəlinin açılışı olub. Abidə ölkədə bu günədək qətlə yetirilən qadınların xatirəsinə hörmət əlaməti olaraq Bornova
İncəsənət
8 Sentyabr , 2020 14:50
Azərbaycanlı Türkiyədə cinayət qurbanları olan qadınlarla bağlı heykəl hazırlayıb

Türkiyədə yaşayan və fəaliyyət göstərən azərbaycanlı rəssam-heykəltəraş Sənan Eynullayevin İzmir şəhərində ərsəyə gətirdiyi “Məchul qadın” heykəlinin açılışı olub. Abidə ölkədə bu günədək qətlə yetirilən qadınların xatirəsinə hörmət əlaməti olaraq Bornova məhəlləsində ucaldılıb. Heykəlin müəllifi, əsərləri dünyanın bir çox ölkələrində və muzeylərində nümayiş etdirilən həmyerlimiz "Report"un yerli bürosuna müsahibə verib.

- Əvvəlcə bir qədər özünüz barədə məlumat verərdiniz... 

- 1956-cı ildə Bakı şəhərində anadan olmuşam. Əzim Əzimzadə adına Rəssamlıq Məktəbini və İncəsənət Universitetini bitirmişəm. Xalq rəssamları Mirəliəsgər Mirqasımov və Mikayıl Abdullayevin tələbəsi olmuşam. Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) bir müddət dərs demişəm. 1990-cı illərdə Türkiyənin İstanbul şəhərində sərgilərim açıldı. Həmin vaxt Türkiyəyə dəvət olundum. 1993-cü ildə isə ailəmlə birlikdə İstanbula köçdüm. Artıq 27 ildir Türkiyədə yaşayır və fəaliyyət göstərirəm.

Bu gün Türkiyədə xeyli sayda azərbaycanlı rəssam fəaliyyət göstərir. Biz Azərbaycanda zəngin rəssamlıq məktəbini bitirdiyimizə və ən yaxşı rəssamların tələbələri olduğumuza görə çox şanslıyıq. Bir oğlum var, o da rəssamdır. İstanbul Bahçeşehir Universitetində dizayner-rəssam ixtisası üzrə təhsil alıb və hazırda mənimlə bərabər işləyir.

Əslində, 2002-ci ilədək Türkiyədə İstək Vəqfinin Gözəl sənətlər liseyində işlədim. Bu günədək dünyanın müxtəlif ölkələrindən yüzlərlə tələbəm olub. Bundan sonra Yanponyanın "Mitsubishi" şirkəti ilə 5 illik müqavilə bağladım və onlarla işləməyə başladım. Mövzular sərbəst idi. Həmin illərdə Hollandiya, Almaniya, Rusiya, Yaponya və Avropanın bir çox şəhərlərində sərgilərim təşkil edildi. İndiyədək Türkiyədə böyük layihələrə imza atmışam, 50-dən çox fərdi sərgim keçirilib və bir çox heykəllərin müəllifiyəm. Sonuncusu bu yaxınlarda açılışı baş tutan və Türkiyədə qadınlara qarşı cinayətləri simvolizə edən “Məchul qadın” heykəlidir. Heykəlin qısa zamanda çox böyük rəğbət görməsi məni sevindirir və qürurlandırır. Düşünürəm ki, qadınların əzildiyi, xor görüldüyü və öldürüldüyü cəmiyyət heç kimə lazım deyil. Bu mövzuda həssaslıq hər kəs tərəfindən ortaya qoyulmalıdır.

- Bəs “Məchul qadın” heykəli ilə bağlı ideya necə ərsəyə gəldi? Abidədə hansı mesajları verməyə çalışmısınız?

- Bir neçə ay öncə İzmirə dəvət olundum. İzmir valisi və bələdiyyə sədrinin təklifi ilə iki ay içində - gecə-gündüz işləməklə "Məchul qadın" və "Çərkəz döyüşçü" heykəllərini ərsəyə gətirdim. “Məchul qadın” heykəlində ürəyin fonunda əlində göyərçin tutan bir qadın canlandırılıb. Həmin qadının simvolunda dərin mesajlar var. O, bütün dünyanı, bəşəriyyəti sülhə səsləyir, qadınlara qarşı cinayətlərə son verilməsini istəyir. Eyni zamanda “Məchul qadın” heykəli İzmirdən sonra İstanbulda da ucalacaq. İstanbul Böyükşəhər Bələdiyyəsinin təklifi əsasında çox gözəl bir heykəl hazırlayacağam. Hazırda üzərində işlədiyimiz layihələr var və İzmirdə bir neçə parkda da heykəllərim ucalacaq. Eyni zamanda Qırğızıstanda panorama muzeyi qurmağa hazırlaşırıq.

- Ümumiyyətlə, İstanbulun mərkəzi yerlərində sizin əl işiniz olan heykəllər ucalıb, eyni zamanda muzeylərdə rəsm əsərləriniz yer alıb. Yaratdığnız əsərlər daha çox hansı mövzuları əhatə edir?

- Mənim əsərlərim fiqurativ işlərdir. Qadın, uşaq, təbiət, bir sözlə, gözümüzlə gördüyümüz, bizi əhatə edən hər şey mənim yaradıcılıq obyektim ola bilər. Bəli, Türkiyədə yüzlərlə əsərin müəllifiyəm. Bəlkə də çoxları həmin əsərlərin bir azərbaycanlı rəssam tərəfindən hazırlandığını bilmir. Halbuki İstanbulun Maltepe məhəlləsində yerləşən Çingiz Aytmatov parkındakı 4 metrlik Çingiz Aytmatovun bürünc heykəlinin müəllifiyəm. Eyni zamanda Maslak məhəlləsindəki Mustafa Kamal Atatürkün atlı bürünc heykəlini və Fatih Sultan Mehmetin heykəlini özüm hazırlamışam. İstanbulda və Türkiyənin bir çox şəhərlərində panorama və dioroma muzeylərim, heykəllərim var. İstanbulun Nilufər parkında ucaldılan Hüseyin Cavid heykəlinin də müəllifiyəm. Azərbaycanın İstanbuldakı Baş Konsulluğunun binasındakı ümummilli lider Heydər Əliyevin bürüncdən hazırlanmış büstü də mənim əl işimdir. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın iş otağında onlarla rəsm əsərim var. Dövlət başçısı məni tez-tez saraya dəvət edir. Bundan başqa, Türkiyədə, eləcə də Azərbaycanda bir çox evlərdə mənim əl işlərim asılıb. 

Eyni zamanda Adana şəhərində Bakı-Tiblisi-Ceyhan neft boru kəmərinin açılışına hazırladığım ümummilli lider Heydər Əliyevin 8 metrlik mozaik heykəli tədbirə qatılan bütün dövlət və hökumət rəsmiləri tərəfindən çox bəyənilmişdi. Düşünürəm ki, yaradıcı bir insan olaraq can verdiyim hər əsər mənim əməyimin nümunəsidir.

Bununla yanaşı, çoxlu sayda silikon heykəllərin müəllifiyəm. İstanbulda Polis Təhsil və Konqres Mərkəzindəki 12 ədəd mum heykəl, Rəcəb Tayyib Ərdoğan başda olmaqla, Türkiyənin dövlət rəsmiləri və siyasətçilərinin olduğu kolleksiya mənim əl işimdir. Türkiyədə işlərimə görə dəfələrlə mükafatlar almışam. Bunlardan biri Əskişəhərdə "Koç Holding"in rəhbərlərindən biri olan İnan Kıraçdan aldığım Yunus Əmrə mükafatı idi.

Vüsalə Abbasova 

Son xəbərlər

Orphus sistemi