Azərbaycanlı rəqəmsal rəssam haqqında Səudiyyə mətbuatında məqalə dərc olunub

Azərbaycanlı rəqəmsal rəssam haqqında Səudiyyə mətbuatında məqalə dərc olunub Azərbaycanlı rəqəmsal rəssam Asya Hacızadə haqqında Səudiyyə Ərəbistanı Krallığının mətbuatında məqalə dərc olunub.
İncəsənət
19 Avqust , 2023 13:16
Azərbaycanlı rəqəmsal rəssam haqqında Səudiyyə mətbuatında məqalə dərc olunub

Azərbaycanlı rəqəmsal rəssam Asya Hacızadə haqqında Səudiyyə Ərəbistanı Krallığının mətbuatında məqalə dərc olunub.

"Report" xəbər verir ki, məqalə "Əl-Hədəs" xəbər saytında yayımlanıb.

Məqalədə bildirilib ki, A.Hacızadə müasir digital incəsənətin nəhəng dünyasında yaradıcı özünüifadə üçün öz şəxsi yolunu tapıb və onun üçün fırça və kətan rolunda mobil telefon çıxış edir.

Rəssam orijinal, bəzən qeyri-standart kompozisiya həlli ilə fantastik süjetlər yaradaraq öz dərin mənəvi dünyasını mobil telefonun ekranına köçürür, rəsmi öz müsbət enerjisi və düşüncələri ilə doldurur. Onun üçün mobil telefon sərhədsiz yaradıcılıq imkanları üçün universal alətdir. Çünki rəqəmsal incəsənət ənənəvi yaradıcılığın və digital texnologiyaların hüdudsuz texniki imkanlarının simbiozudur. Bir sıra sənətşünasların fikrincə, onun əsərlərinə təkcə virtuoz bədii ifa deyil, həm də dərin fəlsəfi məzmun xasdır.

A.Hacızadə Azərbaycanda rəqəmsal incəsənətin inkişafına və geniş yayılmasına, həmçinin ölkə hüdudlarından kənarda tanınmasında öz töhfəsini verir. O, azərbaycanlı rəssam kimi öz yaradıcılığını bir sıra virtual incəsənət meydançalarında (in.gallerix.ru, pinterest.com, artchive.ru, gallereo.ru və s.) təqdim edir və onun işləri böyük maraqla qarşılanır. Bu gün məşhur incəsənət klubu “Qalleriks” reytinqində 40 000-dən çox qeydiyyatda olan rəssamın arasında 50-ci yeri tutur.

Məqalədə qeyd edilib ki, rəqəmsal incəsənətə maraq onun üçün əsas yaradıcılıq janrına çevrilib. Müasir texnologiyaların və yaradıcı özünüreallaşdırma üçün yeni alətlərin inkişafı ona bir növ təkrarolunmaz rəsmlər yaratmağa imkan verib, bu rəsmlər heç kəsi laqeyd qoymur və uzun müddət onlara baxmağa, rəssamın niyyətini anlamağa, bu və ya digər sujetin nəyi nəzərdə tutduğunu tapmağa məcbur edir. Onun rəsmlərinin adları isə ayrı bir mövzudur, onlar tamaşaçını rəssamın özü tərəfindən müəyyən edilmiş axara kökləyir. Məsələn, “Sonun əvvəli”, “Cəhənnəmə aparan qırmızı xalı”, “Sən olduqca zaman vardır”, “Hər şey müvəqqətidir”, “Qapalı məkanda idilliya”, “Leylanın qara gözləri”, “Quş hüquqları”, “Ulduzlar pilləkan olsaydı”, “Gedim biraz aglayım” və s.

Asya Hacızadənin rəqəmsal əsərlərində əfsanələr və reallıq əlaqəlidir, onun süjetləri şüuraltını illüstrasiya edir, ən məntiqli şəkildə olmasa da, maraqlı və gözlənilməz tərzdə anlaşılmazı nümayiş etdirir. Onlar sadədir və eyni zamanda dərin və səmimidir. Anadangəlmə rəssamlıq duyğusu ona harmonik palitranı təlqin edir, bu da onun əsərlərinə yüngüllük hissi və kompozisiya mükəmməlliyi bəxş edir.

Rəssamın rəqəmsal əsərlərini şərti olaraq bir neçə tematikaya bölmək olar: bu rəssamın dünyasına baxışı əks etdirən çiçəklər və peyzajlar, səmalarda mövcud olan müxtəlif quşlar, mələklər, xeyir və şər, insan duyğuları, sonsuzluq və “fantazi” ilə həmsərhəd olan mücərrəd rəsmlər. A.Hacızadə sadəcə sərbəst yaradıcılıqda pərvazlanır. O, izləyicini həyat və ölüm barədə, sonsuzluq, vaxt və məkan barədə düşünməyə vadar edir. Onun həm yağlı boyalı, həm qrafika, həm rəqəmsal işlərində təbiətə, milli xarakter və mədəniyyət mənbələrinə olan sevgi hopub, bu əsərlərdə ideal haqqında arzu asanlıqla təxmin edilir. Təkrarlanmayan əsərlər yaratmağa üstünlük verən Asyanın rəsmləri əbədi çiçəkləyən simfoniyadır, burada boyaların zənginliyi təxəyyülü həyəcanlandırır və daim bahar hökm sürür.

Məqalədə bildirilib ki, Azərbaycanın Əməkdar jurnalisti olan A.Hacızadənın planlarında nail olduğunda dayanmamaq, öz sənətkarlığını inkişaf etdirib təkmilləşdirmək, ölkəmizin rəqəmsal sənət sahəsindəki uğurlarını geniş yaymaq var.

Son xəbərlər

Orphus sistemi