ABŞ Milli Musiqi və Qlobal Mədəniyyət Cəmiyyətinin prezidenti, tanınmış pianoçu, Əməkdar artist, beynəlxalq müsabiqələr laureatı Nərgiz Əliyarova hazırda Nyu-York şəhərində yaşayır.
"Report"un xüsusi müxbiri xəbər verir ki, azərbaycanlı musiqiçi Nyu-Yorkun Müqəddəs Mark kilsəsində ("Saint Mark's Church") konsert proqramı ilə çıxış edib.
Tədbir afro-amerikalıların tarixi ayına - “Black History Month” həsr edilib. Azərbaycanlı pianoçu Nərgiz Əliyarova və Belçikanın “Kraliça Elizabet” müsabiqəsinin qalibi, bariton Stiven Solters Rusiya, Azərbaycan və Amerika bəstəkarlarının əsərlərini səsləndiriblər. Eyni zamanda konsertdə Azərbaycanın görkəmli bəstəkarı Qara Qarayevin dahi rus şairi, nasiri və dramaturqu Aleksandr Puşkinin sözlərinə yazılmış iki romansı ifa olunub.
Sənətçinin növbəti konsertləri Nyu-Yorkun məşhur Karneqi-hall ("Carnegie Hall") salonunda və Linkoln Mərkəzində, həmçinin Vaşinqtonun ən böyük zalı olan Kennedi Mərkəzində baş tutacaq.
N.Əliyarova konsertdən sonra "Report"a açıqlama da verib. Tanınmış pianoçu bildirib ki, rəhbərlik etdiyi təşkilat iki ildir Nyu-York şəhərində fəaliyyət göstərir: "Əsas məqsədim Azərbaycan musiqisini Amerika cəmiyyətinə tanıtmaqdır. Nyu-Yorkun ən böyük zallarında amerikalı tamaşaçıların qarşısında dəfələrlə konsert verərək milli musiqimizi təqdim etmişik. Cəmiyyətimiz sadəcə Azərbaycan deyil, həmçinin dünya xalqlarının musiqisinin də Amerikada tanıdılması və təbliği ilə məşğuldur. Bu konsertimizin də məqsədi afrikalı, amerikalı və rusiyalı bəstəkarların əsərlərini dinləyicilərə peşəkarcasına çatdırmaq idi. Məşhur bariton Stiven Soltersin əsərləri rus dilində oxuması, xüsusilə Qara Qarayevin “Mən sizi sevirdim” və “Gürcüstan təpələrində” romanslarını peşəkarcasına ifa etməsi qürurverici idi. Bu cür konsertləri Boston, Çikaqo, Vaşinqton şəhərlərində də reallaşdırmaq planımızdadır”.
Əməkdar artist həmçinin Azərbaycan musiqisinin Amerika gəncləri arasında təbliğinə ehtiyac duyulduğunu deyib: "Amerika cəmiyyəti yaradıcı insanlara yüksək qiymət verir. Əgər siz fəaliyyətsiz dayanıb gözləyirsinizsə, kimsə sizə yardım təklif etməyəcək. İnsan kreativ olmalıdır, istədiyini özü yaratmalıdır. Cəmiyyətim konsertlərin təşkilini, harada, hansı artistlərin iştirak etdiyini, hansı musiqinin ifa olunacağını müstəqil şəkildə planlaşdıra bilir”.
Vüsalə Abbasova