Azərbaycanlı pianoçu Səidə Zülfüqarova Fransanın Karyer-su-Puassi şəhər meriyasının medalı ilə təltif edilib.
"Report"un Qərbi Avropa bürosu xəbər verir ki, S.Zülfüqarova Fransanın Karyer-su-Puassi şəhərinin 2019-cu ilin "fəxri qadın"ı medalına layiq görülüb.
Azərbaycanlı pianoçu bu medala öz peşə fəaliyyəti, şəhərin çıçəklənməsi, inkişafındakı rolu, qadınlar arasında nümayiş etdirdiyi yüksək fəallığı və nəhayət öz sənətinin ona açdığı imkanlardan istifadə edərək insanlar arasında sülhün bərqərar olması üçün göstərdiyi səylərinə görə layiq görülüb.
S.Zülfüqarova "Report"a açıqlamasında bildirib ki, onda bu mövzuya həssaslıq doğma Vətəni Azərbaycanın bir parçası olan Qarabağın işğalı, bu münaqişənin sülh yolu ilə həlli və regionda sülhün birdəfəlik bərpa olunması üçün bəslədiyi ümid dolu istəyindən irəli gəlir.
Səidə Zülfüqarova Fransada Azərbaycanı öz yüksək peşəkarlığı, tükənməz enerjisi və Vətəninə bəslədiyi sonsuz məhəbbətilə layiqincə təmsil edən musiqiçilərimizdəndir.