İstanbul. 17 yanvar. REPORT.AZ/ Mərkəzi Parisdə yerləşən və UNESCO ilə rəsmi əməkdaşlıq edən Beynəlxalq Plastik Sənətlər Assosiasiyasının (İAA/AİAP) prezidenti Bədri Baykamın “Report”un Türkiyə bürosuna müsahibəsi.
- “Cumhuriyet” qəzetindəki köşənizdə sənət əsərlərinin satışı, qonorar və varislik haqlarına dair plan hazırladığını yazdınız. Planın mahiyyəti nədən ibarətdir?
- Yeni layihəmizin adı “Sənət əsərinin satışa verilməsi üçün təsdiqnamə”dir. Bu, bir növ, sənət əsərinin bazarda qaydalara uyğun şəkildə satılmasının pasportdur. Hər insanın bir pasportu olduğu kimi, sənət əsərlərinin də pasportu olacaq. Yəni, mən hansısa qalareyaya nisyə 5-10 tablo verə bilmərəm, hamısını ayrı-ayrı pasportuyla verəcəm. Sənət əsərlərinin kimlərdə olduğunu bu şəkildə dəqiq biləcəyik ki, o əsərin mühafizəsi, fotoları bizim nəzarətimizdə olacaq. Bu layihəni həyata keçirə biləcəyikmi? Tamamilə sənətsevərlərin və kolleksiyaçıların bu işə könüllü dəstəyinə bağlıdır. Çünki biz bunu rəsmi şəkildə qəbul etdirə bilmərik. Sənətkarlar, qalareyaçılar, kolleksiyaçılar bu layihənin əhəmiyyətini başa düşüb onu həyata keçirməyə başlasalar, onda uğur qazana biləcəyik. Kolleksiyaçılara təzyiq göstərməliyik ki, təsdiqnamə olmadan sənət əsəri almasınlar. Çünki təsdiqnaməsiz satılan sənət əsərləri sənətkarların, hətta kolleksiyaçıların maddi və mənəvi haqlarına ziyan vurur. Kolleksiyaçı əlində olan tablonu satmaq istəyirsə,10 lirəyə aldığınız və bəlkə ən azı 7 lirəyə, yaxşı tanıdılması halında 13 lirəyə sata biləcəyi bir tablonu hərrac salonunda satışa 2 lirədən qoyurlar. Əsər tez satılsa da sizə 2 lirə qalır. Biz isə deyirik ki, sənətkar həyatdadırsa, onun özündən, həyatda deyilsə, onun varislərindən soruşmadan öz ağlınıza görə, hərraca sənət əsəri verə bilməzsiniz. Versəniz də əsərləri təsdiqnamə olmadan alan kolleksiyaçıları təqib edəcək, onları tapıb ifşa edəcəyik. Yəni, təsdiqnaməsiz tablo satmaq-sığortasız işçi işlətmək kimidir.
- Bəs kolleksiyaçılar nə vəziyyətdədirlər? 13-14 il qabaq bəzi mühüm kolleksiyaçıları həbs etdilər. İndiki vəziyyət necədir?
- Təəssüf ki, Türkiyədə boş söz-söhbətlərlə rəsm kolleksiyaçılığı yapılır.Hərraclarda bir-birlərinin gözlərinə, əllərini qaldırıb-aşağı salmalarına baxaraq rəsm kolleksiyaçılığı olmaz. Dünyadakı rəsm kolleksiyaçılarının özlərinə məxsus olan dəyər şkalaları vardır, onların öz aralarında əlaqələri vardır. Sənətdən xəbərdardırlar, sənətkarları tanıyırlar,onların yaşayıb-yaratdıqları dövrlər barədə məlumatlıdırlar. Kolleksiyalarını bu kriteriyalara görə formalaşdırırlar. Həqiqi kolleksiyaçı hərraclarda 15 saniyə qaldırılıb-aşağı salınan əsərə görə qərar qəbul etmir.
-15 il əvvəl Burhan Doğançayın, 10 il əvvəl isə Erol Akyavaşın tablosu 1.5 milyon dollar satılmışdı. O “külək” tez sakitləşdi. Sizcə, o satışlar rəsm bazarındakı qiymətləri artırdı yoxsa müvəqqəti əsən külək oldu?
- Hərrac salonları rəsm bazarını bir dalana dirəyib. Tarazlıqsız və etimad edilməyən mühitdə heç bir sənət əsəri real qiymətə alınıb-satıla bilməz. Saman alovu kimi bir anda yanar ancaq stabillik olmaz.Bunun heç bir məntiqi yoxdur. Çünki Türkiyənin kolleksiyaçıları sənətkara, qalareyaçıya etimad etmək yerinə, 3 hərrac salonuna indeksləniblər. Ona görə onların kolleksiyalarının gələcəyi yaxşı olmayacaq.
- Bu təşəbbüsünüz Beynəlxalq Plastik Sənətkarlar Assosiasiyasının adındandır yoxsa şəxsi təşəbbüsünüzdür?
- Bu, Assosiasiyanın Türkiyə Milli Komitəsi olan UPSD-nin təşəbbüsüdür. Bilirsiniz ki, mən eyni zamanda İAA/AİAP-ın prezidentiyəm. Ona görə bu layihəmizi dünyaya da təklif etmişik.
- Türkiyə mədəniyyət nazirliyi bu təşəbbüsünüzdən xəbərdardırmı? Onlar nə deyirlər və ya onlardan nə gözləyirsiniz?
- Biz bu layihəni mədəniyyət nazirliyinə təklif edib müvafiq qanunun qəbul edilməsini onlardan tələb edəcəyik.
- Prezident olduğunuz gündən bəri Azərbaycanı da bu proseslərə qatılması üçün təşviq etdiyinizi bilirəm. İndiki mərhələdə Bakıya nə tövsiyyə etmək istərdiniz?
- Türkiyə ilə yaxın məsləhətləşmələr aparsınlar. Bir-birimizlə fikir mübadiləsi aparaq, sərgilər açaq, dialoqumuz daha intensiv olsun. Əminəm ki, bu həmrəylik bizə çox şey qazandıracaq. Bu dialoq gücləndikcə sənət də inkişaf edəcək, sənət əsərlərinin dəyəri də yüksələcək.
- 2000-ci ildə Atatürk adına Mədəniyyət Mərkəzində “Bu mənim XX əsrim” mövzusundakı fərdi sərginizin açılış mərasiminə 30 canlı qoyun gətirmişdiniz. 20 ildən sonra - 2020-ci ildə eyni məzmunlu sərgi açmaq istəyərdinizmi?
- Yenidən böyük bir retrospektiv sərgi açmağı düşünürəm, planlarım arasında o da var.
Mais Əlizadə