Azərbaycanda ilk dəfə sənətkarlıq festivalı keçiriləcək

Azərbaycanda ilk dəfə sənətkarlıq festivalı keçiriləcək İyulun 3-7-də Azərbaycanda ilk dəfə Respublika Sənətkarlıq Festivalı keçiriləcək.
İncəsənət
2 İyul , 2019 12:59
Azərbaycanda ilk dəfə sənətkarlıq festivalı keçiriləcək

İyulun 3-7-də Azərbaycanda ilk dəfə Respublika Sənətkarlıq Festivalı keçiriləcək. 

Bu barədə "Report"a Mədəniyyət Nazirliyindən məlumat verilib. 

Festival UNESKO-nun Dünya İrs Komitəsinin 43-cü sessiyası çərçivəsində təşkil olunur. 

Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə baş tutacaq festivalda respublikamızın paytaxt və regionlardan olan sənətkarların iştirakının təmin olunması məqsədilə sənətkarlığın müxtəlif istiqamətləri ilə peşəkar səviyyədə məşğul olan ustalar dəvət edilib. 

Tədbir beynəlxalq təcrübə nəzərə alınaraq, insanların daha rahat gəlmələri üçün açıq səma altında, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının qarşısındakı meydanda Nizami küçəsində təşkil ediləcək. Tədbir festival-yarmarka və karnaval formasında keçiriləcək. 

Festivalın keçirilməsi üçün 40 müxtəlif formalı örtüklü, müasir tərtibatlı və hər birində 2-3 sənətkarın öz işlərini sərgiləyəcəyi stendlər quraşdırılacaq. Tədbirdə Bakı və Sumqayıt şəhəri, habelə Abşeron yarımadasının digər yerlərində fəaliyyət göstərən təxminən 60 sənətkar, bölgələrdən 40-a yaxın sənətkar dəvət edilib. 

Tədbirin keçiriləcəyi ərazidə informasiya-məlumat mərkəzləri yaradılacaqdır. Festival ərəfəsində əl işlərinin marketinqi sahəsində müasir, innovativ üsulların istifadəsi, həmçinin milli dəyərlərin yaşadılması istiqamətində mütəxəssislərin və sənətkarların iştirakı ilə konfrans keçiriləcəkdir (Milli Kitabxanada). Festivalda gənc nəslə, ziyarətçilərə əl işləri sənətinin texnologiyasının öyrədilməsi, nümayiş etdilməsi məqsədilə “master club” qurulacaq və ustad dərsləri təşkil ediləcək. Yeni əl işləri sənətinin nümunələrinin təqdim olunması və onlara dəstək göstərilməsi üçün “wall art” və “street art” üçün şərait yaradılacaq. 

Festivalın cəlbediciliyinin artırılması üçün “şəhərcik” plan-quruluşundan istifadə ediləcəkdir. Belə ki, uyğun və ya yaxın sənətkarlıq istiqamətləri eyni stenddə yerləşdiriləcək və bu stendlər simvolik olaraq sənətkarlıq kəndini, qəsəbə və məhəlləsini formalaşdıracaq. Beləliklə, festivalı ziyarət edən şəxslər “xalçaçılar kəndi”, “dulusçular məhəlləsi”, “misgərlər qəsəbəsi” və s. ilə tanış olacaqlar. 

Festival barədə kitabçalar və kataloqlar nəşr olunacaq, iştirakçılar diplomlarla təltif ediləcəklər. Festival hər gün saat 09:00-21:00 arası keçiriləcək. Mədəniyyət Nazirliyinin tabeliyində olan təşkilatların, habelə yaradıcı birliklərin iştirakı ilə festival günlərində - hər gün saat 19:30-20:30 arası konsert proqramı təşkil olunacaq. Festivalda uğurla iştirak edən, əl işlərinin keyfiyyəti və aktuallığı ilə seçilən sənətkarların xarici ölkələrdə keçirilən beynəlxalq sərgi-yarmarkalarda, habelə digər tədbirlərdə iştirakına köməklik göstəriləcək.

Qeyd edirik ki, I Respublika Sənətkarlıq Festivalının açılış mərasimi iyulun 3-ü saat 19:00-da baş tutacaq.

Son xəbərlər

Orphus sistemi