Azərbaycan Xalça Muzeyində “Ailə günü” keçirilib - FOTO

Azərbaycan Xalça Muzeyində “Ailə günü” keçirilib - FOTO Tədbirin keçirilməsində məqsəd ölkəmizin mədəniyyət və incəsənətini tanıtmaqdır
İncəsənət
28 Yanvar , 2017 20:35
Azərbaycan Xalça Muzeyində “Ailə günü” keçirilib - FOTO

Bakı. 28 yanvar. REPORT.AZ/ Azərbaycan Xalça Muzeyinin Uşaq Muzeyi Şöbəsinin təşəbbüsü ilə muzeyin “Açıq qapı” günü çərçivəsində “Ailə günü” adlı tədbir keçirilib.

Azərbaycan Xalça Muzeyindən "Report"a verilən məlumata görə, “Ailə günü” tədbirinin keçirilməsində məqsəd valideyn-uşaq münasibətlərində ümumi maraqları birləşdirmək, ünsiyyət körpüsünü möhkəmləndirmək və ən əsası, ölkəmizin mədəniyyət və incəsənətini tanıtmaqdır.

Tədbirin proqramında müxtəlif yaş hədləri nəzərə alınıb. İştirakçılar Azərbaycan xalçaçılığının, dekorativ-tətbiqi sənətinin inkişafı və tarixi ilə yaxından tanış olublar. Həmçinin muzeydə təşkil olunan ustad dərslərində iştirak edib, öz yaradıcı bacarıqlarından istifadə edərək incəsənət nümunələrini hazırlayıblar.

Tədbir iştirakçıları üçün müxtəlif müsabiqələr, oyunlar, əyləncələr və ustad dərsləri təşkil olunub. Müsabiqələrdən biri “İstedad sənsən” adlanır. Burada Bakı şəhər məktəblilərinin iştirakı ilə müxtəlif nominasiyalar (xalq mahnıları, rəqs, bədii qiraət, rəsm) üzrə müsabiqələr keçirilir. 

Proqrama daxil olan digər əyləncələrə “Öz xalçanı yarat” kompyuter proqramı, xalça pazlı, “Qrand Bazar” masaüstü oyunu, “Xalçalarda yaşayan əfsanələr” mövzusunda tematik ekskursiyalar, uşaq yazarı Gülzar İbrahimova ilə nağıl saatı, “Cırtdanın nağılı” adlı kilimarası tamaşası da aiddir.

“HUMEL” psixologiya mərkəzi ilə birlikdə “Ailə gerbini yarat”, Azərbaycan cizgi filmlərinin nümayişi, “Özün rənglə”, “Rəngli kağızlardan oyuncaqlar düzəlt”, həmçinin “Tilda” kuklası və digər bir-birindən maraqlı proqramlar təqdim olunub.

Tədbirdə məşhur memar Elçin Əliyevlə görüş keçirilib. Görüşdən sonra “Azərbaycan memarlığı” rəsm müsabiqəsi təşkil olunub və ən yaxşı rəssamlar mükafatlandırılıb.

Qeyd edək ki, “Ailə günü” hər ayın son şənbəsi – “Açıq qapı” günü təşkil olunur. Bu tədbir Azərbaycan Xalça Muzeyinin təhsil sahəsində təşkil etdiyi layihələrindən biridir.

Son xəbərlər

Orphus sistemi