Gürcüstan paytaxtında Tbilisi Beynəlxalq İncəsənət Sərgisi (“Tbilisi Art Fair”) açılıb.
“Report”un Gürcüstan bürosu xəbər verir ki, Azərbaycan sərgidə xüsusi pavilyonda təmsil olunub.
Pavilyonda 10 azərbaycanlı rəssamın əsərlərindən ibarət “Qadın Olmaq” adlı müasir video incəsənət sərgisi keçirilir. Sərgi Azərbaycanın əməkdar rəssamı Səbina Şıxlinskayanın təşəbbüsü və müəllifliyi ilə təşkil olunub.
Sərgi Azərbaycan qadınlarının azadlıq hərəkatının 100 illiyinə həsr olunub. Əsərlərin əsas mövzusu gender məsələləridir.
Layihə Birləşmiş Rəssamlar Klubu, Azərbaycan Rəssamlar İttifaqı, “United Cultures in Azerbaijan” təşkilatı və İsveçin Azərbaycandakı səfirliyinin dəstəyi ilə həyata keçirilib.
Layihə koordinatoru Könül Rəfiyevə jurnalistlərə bildirib ki, sərgidə 13 əsər təqdim olunub: “Əsərlər Azərbaycanda gender məsələləri və gender bərabərliyi mövzularına həsr olunub. Rəssamların əsərləri müasir incəsənət prizmasından Azərbaycanda gender bərabərliyi məsələlərinin 100 il ərzindəki inkişafına dair fikir və düşüncələrini əks etdirir”.
Tbilisi İncəsənət Sərgisi çərçivəsində digər pavilyonda Qız Qalası rəsm qalereyası Azərbaycanın tanınmış rəssamlarının əsərlərini nümayiş etdirir.
Dünyanın 16 ölkəsindən 33 qalereya və 38 rəssamın qatıldığı sərgi mayın 19-na qədər davam edəcək.