Buxarest. 10 aprel. REPORT.AZ/ Rumıniyanın paytaxtı Buxarestdə aprelin 16-dan 20-dək Rusiya Elm və Mədəniyyət Mərkəzi və bu ölkədə akkreditə olunan MDB ölkələri səfirliklərinin təşkilatçılığı ilə “Qanadlar” film festivalı keçiriləcək.
“Report”un Şərqi Avropa bürosunun məlumatına görə, 5 gün ərzində təşkil olunacaq festivalda hər bir ölkə öz fimlərini nümayiş etdirəcək. Aprelin 17-də tamaşaçılar Azərbaycan istehsalı olan “Nabat”, aprelin 20-də isə “Qırmızı bağ” bədii filmlərini (ingilis alt yazıları ilə) seyr edə biləcəklər.
“Nabat” filmini 2014-cü ildə Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə rejissor Elçin Musaoğlu lentə alıb. Qarabağ müharibəsini əks etdirən filmdə güclü milli ruhun daşıyıcısı olan Azərbaycan qadınının parlaq obrazı yaradılıb.
Mirbala Səlimlinin ekranlaşdırdığı, Azərbaycan və Rusiyanın birgə istehsalı olan “Qırmızı bağ” filmi isə 2016-ci ildə Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında və “WeiT Media” kino şirkətində lentə alınıb. Ekran əsəri vaxtilə babaları bəy olmuş, özü isə vilayətdə məktəb müəllimi işləyən Abbasın həyatından bəhs edir.