Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının nəzdində fəaliyyət göstərən Gənc Sinemaçılar Klubunun üzvləri Möhsün Quliyevin “Bastard” və Orxan Ağazadənin “Oturacaqlar” filmləri ABŞ-da keçirilən “Palm Springs” beynəlxalq qısa film festivalında iştirak edir.
Kinostudiyadan “Report”a verilən məlumata görə, “Bastard” filminin quruluşçu rejissor və ssenaristi Möhsün Quliyev, quruluşçu operator Micky Montoya, quruluşçu rəssam Dheeraj Malhan, bəstəkar Firudin Allahverdi, prodüserlər Lara Zeidan və Qurban Bunyatovdur.
Ekran əsərində rolları Toğrul Əhmədov, Zülfiyyə Qurbanova, Roman Huseynov, Bayram Muradlı, Gülər Babayeva və başqaları canlandırıblar.
“Oturacaqlar” filminin ssenarist və quruluşçu rejissoru Orxan Ağazadə, quruluşçu operatoru Cameron Vard, quruluşçu rəssam və kostyum dizaynı Lara Zeidan, musiqisi Məməd Ansa, prodüseri Mina Salimdir.
Filmdə rolları Səyyad Əliyev, Zülfiyyə Nəzər Məmmədova, İskəndər Abbasov və başqaları oynayırlar.