Bakı. 7 noyabr. REPORT.AZ/ Azərbaycan Teatr Xadimləri İttifaqı, Akademik Milli Dram Teatrı və Bolqarıstan Milli Teatrı arasında əməkdaşlıq memorandumu imzalanıb.
Teatrın mətbuat xidmətindən "Report"a verilən məlumata görə, Bolqarıstan Milli Teatrının baş direktoru Marius Donkin Teatr Xadimləri İttifaqının sədri, Akademik Milli Dram Teatrının bədii rəhbər-direktoru, xalq artisti Azər Paşa Nemətovla görüşüb.
M.Donkin teatrın yaradıcı həyatı, truppa üzvləri, muzeylə tanış olub, ona yeni yaradılan Abbas Mirzə Şərifzadə, Mehdi Məmmədov, Tofiq Kazımov və Adil İsgəndərov səhnələri haqqında məlumat verilib. Azər Paşa Nemətov və Marius Donkin memorandumun qarşılıqlı əməkdaşlıq baxımından böyük əhəmiyyət daşıdığını diqqətə çatdırıblar. Qeyd olunub ki, əməkdaşlıq memorandumu Bolqarıstan və Azərbaycanın milli teatrları arasında real, məhsuldar və konkret əməkdaşlığın inkişaf etdirilməsi, yaradıcı və fərdi səviyyələrdə qarşılıqlı tanışlıq və fəaliyyəti, teatrlarda yeni incəsənət platformaları, ideya və formaların yaradılması və onların müzakirəsinin təşkil edilməsi vəzifəsini qarşıya qoyulub.
Memorandum eyni zamanda klassik və müasir dram əsərlərinin paylaşılması, səhnədə fəaliyyət göstərən yaradıcı komandaların, fərdi teatr peşələri nümayəndələrinin – direktorların, aktyor, səhnə və geyim dizaynerlərinin, insan resursları mütəxəssislərinin və s. səmərəli qarşılıqlı fəaliyyət göstərə bilməsi üçün yeni yolların və formaların axtarılıb-tapılması, yalnız yaradıcılıq sferasında deyil, real teatr məhsulunun, marketinq tədqiqatlarının, ümumi insanresursları strategiyalarının, birgə layihələrin, festival və teatra dair seminarların təbliği sahəsində də ikitərəfli işçi qruplarının yaradılması, Bolqarıstan və Azərbaycan arasında mədəni əlaqələrin inkişafına dəstək olmaq məqsədi daşıyır.