"Mədəniyyət və İncəsənət Universitetindəki dərs sistemi dəyişdirilməlidir"
“Sosial şəbəkələrdə vayn çəkənlər istedadlı uşaqlardır. Mən özüm də bəzən onların hazırladığı vaynlara baxıram və gülürəm. Həmin şəxsləri tanımıram, amma çox gözəl qısametrajlı filmlər ortaya qoyurlar. Həmin gənc vaynerlər, yaxşı mənada, xırda və zəhərsiz göbələklərdir”.
Bu fikirləri “Report”a müsahibəsində Xalq artisti Afaq Bəşirqızı deyib.
O, gənc vaynerlərə teatrlarda çalışmağı təklif edib: “Onlar öz üzərlərində çalışmalı və təkmilləşməlidirlər. Sadəcə olaraq, onları bir az yontalamaq və səhnədə oynamağa öyrətmək lazımdır. Çox istəyirəm ki, vaynlar çəkən gənclər teatrlara müraciət etsinlər. Çünki ömürlük şöhrətə və dolanışığa sahib olmaq üçün çətinliklərə tab gətirməyi bacarmalısan. Gənc aktyorlara kömək etmək, onlara doğru yolu göstərmək və əllərindən tutmaq lazımdır”.
Xalq artistinin sözlərinə görə, son illərdə Azərbaycanda sənətkarların bir qisminin vəfat etməsi kino sahəsində durğunluğun yaranmasına gətirib çıxarıb: “Bu gün istedada çox böyük ehtiyac var. Ümumiyyətlə, istedadlı uşaqlara test üsulu çox mane olur. Təsəvvür edin ki, qabiliyyət imtahanından keçən abturiyent müsabiqənin test mərhələsindən kəsilir. Təəssüflər olsun ki, kəsildikdən sonra istedadlı uşaqlar artıq növbəti il imtahan vermirlər. Aktyor və aktrisa olmaq üçün ali təhsilə ehtiyac yoxdur. Bəşir Səfəroğlunun, Nəsibə Zeynalovanın, Siyavuş Aslanın, Lütfəli Abdullayevin, Hacıbaba Bağırovun və digərlərinin ali təhsilləri olmayıb. Onlarda fitri istedad var idi. Amma təbii ki, aktyor və aktrisanın dünyagörüşündə müəyyən bilikləri olmalıdır”.
A.Bəşirqızı hesab edir ki, Mədəniyyət və İncəsənət Universitetindəki dərs sistemi dəyişdirilməlidir. O, bununla bağlı yeni konsepsiyalar hazırlanmasını və eyni zamanda Mədəniyyət xadimləri ittifaqının yaradılmasını təklif edib.
Video: Rəşad Tuncay