Bakı. 12 aprel. REPORT.AZ/ ABŞ-da Missisipi ştatının Sprinqfild şəhərindəki muzeydən amerikalı rəssam Endi Uorholun üzərində "Kempbell" şirkətinin konservləşdirilmiş şorba qutuları olan yeddi əsəri oğurlanıb.
"Report" BBC-yə istinadən xəbər verir ki, FTB oğurluq hadisəsinin hələ aprelin 7-də baş verdiyini açıqlayıb. Ancaq Bürodan olayın detalları barədə məlumat verilməyib. Yalnız o məlumdur ki, oğurlanmış 7 əsər "Kempbell" şirkətinin şorba qutularına həsr olunmuş 10 portretlik siklə daxildir.
FTX oğurlanmış əşyalarla bağlı informasiyaya görə 25 min dollar mükafat vəd edib. Oğurlanmış əsərlərin ümumi dəyəri barədə məlumat olmasa da, 10 rəsm əsərindən ibarət tam sikl təxminən yarım milyon dollar məbləğində qiymətləndirilir.
Qeyd edək ki, "Kempbell" şirkətinin konservləşdirilmiş şorbasının müxtəlif ölçülü qutularının portretləri E.Uorhola dünya şöhrəti gətirib. O, bu əsərləri 1962-ci ildə işləyib.