Zərinə Zeynalova: "Bağlantını asanlaşdırır, həyatı daha dolğun edirik” - "Azercell" gələcəyin şirkətini qurur" - MÜSAHİBƏ

Zərinə Zeynalova: "Bağlantını asanlaşdırır, həyatı daha dolğun edirik” - "Azercell" gələcəyin şirkətini qurur" - MÜSAHİBƏ "Report" "Azercell Telecom" MMC-nin prezidenti Zərinə Zeynalova ilə müsahibəni təqdim edir:
İKT
3 Noyabr , 2022 10:00
Zərinə Zeynalova:  Bağlantını asanlaşdırır, həyatı daha dolğun edirik” - Azercell gələcəyin şirkətini qurur - MÜSAHİBƏ

"Report" "Azercell Telecom" MMC-nin prezidenti Zərinə Zeynalova ilə müsahibəni təqdim edir:

- Zərinə xanım, bizimlə söhbətə vaxt ayırdığınıza görə təşəkkür edirik. Zəhmət olmasa, oxucularımıza məlumat verərdiniz - hazırda dünyanın telekommunikasiya sənayesində hansı əsas tendensiyalar "Azercell"in strategiyasına və biznesinə təsir edir?

- İlk öncə təşəbbüslərimizi və planlarımızı oxucularınızla bölüşmək imkanı yaratdığınız üçün təşəkkür edirəm. Rəqəmsal texnologiyalar həyatımızın, iqtisadiyyatın və cəmiyyətimizin mühüm hissəsinə çevrilib, bütün sahələrdə, hər yerdə istifadə olunur. Uzun müddətdir ki, qlobal bazarın aparıcı iştirakçıları öz fəaliyyətlərində Süni intellekt və Maşın öyrənməsini tətbiq edir. 5G/6G mobil şəbəkələri, aşağı enerji sərfiyyatlı naqilsiz şəbəkələr və digər texnologiyalar həyatımıza çoxsaylı yeni rəqəmsal həllər gətirir. Nəticədə iqtisadiyyatın bütün sahələrində inkişaf və məhsuldarlıq artır. Səsli zəng, mətn mesajları kimi ənənəvi rabitə xidmətlərinə tələbat isə, əksinə, azalır və bu tendensiya davam edəcək.

Digər mühüm amil isə istehlakçıların getdikcə texnoloji yeniliklərə daha açıq və texniki cəhətdən daha bilikli olmalarıdır. Belə ki, son on ildə onlayn platformalar və özünəxidmət modelləri bazarı tamamilə dəyişərək müştəriləri rəqəmsal dövrə dinamik şəkildə keçməyə sövq edib. İstifadəçilərin texniki savadının artması ilə onların gözləntiləri də yüksəlib. Artıq istehlakçı bazarda olan təklifləri daha yaxşı başa düşür və nəticə etibarilə daha seçici və daha tələbkar olur.

- İlyarım əvvəl, bütün dünyada telekommunikasiya sənayesində dəyişikliklər baş verdiyi bir zamanda siz "Azercell"in prezidenti vəzifəsinə təyin olundunuz. Həmin vaxt qarşınızda hansı vəzifələr dururdu?

- Son illər ərzində, xüsusən də pandemiya dövründə telekommunikasiya ən vacib sahələrdən birinə çevrilib, çünki məhz mobil operatorlar bağlantını təmin edir və rəqəmsallaşma prosesinin sürətlənməsində mühüm rol oynayır. Dinamik şəkildə dəyişən bazar şəraitində rəqabət qabiliyyətini qoruyub saxlamaq istəyən şirkətlər yeni sistemlərə və həllərə daima sərmayə yatırmalıdırlar. Lakin məhz həmin dövrdə "Azercell"in əsas səhmdarlarından biri olan “Telia Company AB” (İsveç) şirkətin inkişafına sərmayə qoyuluşunu əhəmiyyətli dərəcədə azaldaraq sonda Azərbaycan bazarını tərk edib. Bu da, öz növbəsində, şəbəkə keyfiyyətinin zəifləməsinə, müştərilərdən daxil olan mənfi rəylərin artmasına və ümumiyyətlə, "Azercell"in fəaliyyət göstəricilərinin aşağı düşməsinə səbəb olub.

"Azercell"in yeni prezidenti qismində mənim ilk məqsədim şəbəkəmizin və texnologiyalarımızın genişləndirilməsini və modernləşdirilməsini nəzərdə tutan strategiyanın hazırlanması oldu. Bu tədbirlər görülmədən yeni unikal məhsul və xidmətlərə tələbatın formalaşdırılması, həmçinin şirkətin gələcək inkişafı üçün yeni istiqamətlərin yaradılması mümkün deyildi.

- Şirkət son vaxtlar hansı layihələri həyata keçirib?

- Şəbəkənin genişləndirilməsi və modernləşdirilməsi məqsədilə biz bu ilin avqust ayında bütün ölkə üzrə 4G (LTE) şəbəkəsinin əhatə dairəsinin və ötürücülük qabiliyyətinin artırılması istiqamətində irimiqyaslı layihəyə start verdik. Layihə çərçivəsində 1600 baza stansiyasının eyni vaxtda bir neçə standartı dəstəkləyən müasir “SINGLE RAN” vahid radiogiriş şəbəkəsi texnologiyası vasitəsilə modernləşdirilməsi planlaşdırılıb. Bu istiqamətdə aparılan işlərin 30 faizdən çoxu artıq icra olunub. Nəticədə, məlumatların ötürmə sürətinin yüksəlməsi şəbəkə trafikinin 4 dəfəyə qədər artmasına səbəb olub. Yaxın 1 ildə biz bütün Azərbaycan ərazisində 300-dən çox yeni baza stansiyası da quraşdırmağı planlaşdırırıq. Bundan əlavə, biz qısa müddət ərzində Bakı Metropoliteninin bütün 24 stansiya və tunelini 4G şəbəkəsi ilə əhatə edərək, müştərilərimizi qatarın hərəkəti zamanı belə yüksəksürətli internet ilə təmin etməyə müvəffəq olduq.

Onu da qeyd edim ki, işğaldan azad edilmiş ərazilərdə 90-dan çox yeni 4G baza stansiyası quraşdırılıb. Digər tərəfdən, dayanıqlı inkişafın, enerji səmərəliliyinin vacibliyini nəzərə alaraq, biz bu ərazilərdə günəş enerjisi ilə işləyən baza stansiyalarını da istifadəyə verməyə başladıq. 2023-cü ilin sonuna kimi Qarabağda günəş enerjisi ilə işləyən 35 baza stansiyası fəaliyyət göstərəcək.

Paralel olaraq, biz İT infrastrukturumuzun və proqram təminatının yenilənməsi üçün də kompleks proqramın icrasına başladıq. Bu proqram çərçivəsində Biznesə Dəstək Sisteminin (BDS) yenidən qurulması nəzərdə tutulub. Yeni sistem abunəçilərə daha yaxşı müştəri təcrübəsi yaşadaraq xidmətlərin sifarişi, abunəliklərin yenilənməsi, fakturalanma və s. kimi proseslərə müsbət təsir göstərəcək. Yeni effektiv BDS həlləri sayəsində iş prosesinin sadələşdirilməsi, xidmət keyfiyyətinə nəzarətin təkmilləşdirilməsi və ən əsası müştəri problemlərinin daha operativ şəkildə həll edilməsinə nail olacağıq. Eyni zamanda, bu proses abunəçilərin fərdi ehtiyaclarına uyğunlaşdırılmış tarif paketlərinin hazırlanması və təqdim edilməsi üçün də daha geniş imkanlar yaradacaq.

Qeyd edim ki, şirkətimiz üçün olduqca böyük əhəmiyyət kəsb edən bu layihələrin həyata keçirilməsi üçün biz dünya səviyyəli texnologiya və proqram həllərinin istehsalçılarını cəlb etmişik və cəlb etməyə davam edirik. Bu, bizə beynəlxalq keyfiyyət standartları və əməliyyat səmərəliliyini yüksək səviyyədə təmin etməyə imkan verir. Bu cür aparıcı şirkətlərlə əməkdaşlıq, eyni zamanda bizim işçi heyətimizin potensialının güclənməsinə və peşəkar inkişafına da dəstək verir.

- Bu yeniliklər "Azercell"in abunəçilərinə və onlara göstərilən xidmətin keyfiyyətinə necə təsir göstərəcək? Bu yanaşma abunəçilərlə birbaşa təmasda hansı dəyişikliklərə gətirib çıxaracaq?

- Bizim strateji məqsədimiz abunəçilərimizi keyfiyyətli xidmət və kəsintisiz bağlantı ilə yanaşı, qlobal inteqrasiyanın geniş imkanlarını daha əlçatan edən innovativ məhsullar və həllər ilə təmin etməkdir. Yeri gəlmişkən, bizim yeni “Sənə yaxın gələcək” sloqanımız məhz bu istəklərimizi əks etdirir. Bütün bunları rəhbər tutaraq, bu il qarşımıza qoyduğumuz vəzifələrdən biri pərakəndə satış kanallarımızın optimallaşdırılması idi ki, hazırda bunun sayəsində artıq ölkə üzrə bütün "Azercell" mağazalarında müştəri xidməti mövcuddur.

Biz, "Azercell" ilə müştərilər arasında mühüm vasitəçi olan dilerlər şəbəkəmizlə də fəal əməkdaşlıq edirik. Qeyd edim ki, bu yaxınlarda biz bütün dilerlərimizi bir araya toplayaraq şirkətin yeni strategiyası çərçivəsində görülən işlərdən danışdıq və onlara yeni məhsullarımızı təqdim etdik. Tədbir çərçivəsində dilerlərə xidmət keyfiyyəti ilə bağlı yeni gözləntilərimizi səsləndirdik, onların suallarını cavablandırdıq və müştəri rəylərini birlikdə müzakirə etdik.

Həmçinin bu müddət ərzində Şuşada və Zəngilanda 2 mağaza açdıq. Beləliklə, "Azercell" işğaldan azad edilmiş ərazilərimizdə hərbi qüvvələrimizin, şəhər administrasiyalarının və bu bölgələrdə fəaliyyət göstərən şirkətlərin nümayəndələrinə müştəri xidmətləri göstərən yeganə mobil operator oldu.

Vətən Müharibəsində qələbəmizin 1-ci ildönümünü qeyd edən "Azercell" “Qaliblərin seçimi!” şüarı ilə “010” prefiksli yeni nömrələri istifadəyə verdi. Xidmət keyfiyyətinin yaxşılaşdırılması və proseslərin şəffaflığının təmin edilməsi məqsədi ilə bu nömrələr üçün onlayn satış kanalı da yaradıldı. Belə ki, abunəçilər geniş nömrə çeşidi arasından seçim edərək müvafiq nömrəni www.azercellim.com saytında qeydiyyatdan keçirmək imkanına malikdirlər.

- Yeni xidmətlərə tələbatın formalaşdırılmasının şirkət üçün vacib olduğunu qeyd etdiniz. Zəhmət olmasa, bu istiqamətdə görülən işlər barədə də məlumat verərdiniz. Bu, şirkətin daxili proseslərinə də təsir göstərdimi?

- İstifadəçi tələbatının formalaşmasında əsas nailiyyətlərimizdən biri “İstəSən” tarifidir - bu tarif Azərbaycanın telekommunikasiya bazarında abunəçilərə öz seçimlərinə və rəqəmsal vərdişlərinə uyğun fərdi tarif planı yaratmağa imkan verən ilk məhsul oldu. "Azercell" yeni fəaliyyət istiqamətlərinin formalaşdırılması çərçivəsində öz rəqəmsal məhsullar portfelini də genişləndirir. Artıq bildiyiniz kimi bu yay biz bazara fintech layihəmizi təqdim etdik. Məqsədimiz pul köçürmələri, kommunal ödənişlər və digər bu kimi əməliyyatları abunəçilərimiz üçün asanlaşdırmaqdır - artıq onlar öz smartfonlarından mobil telekommunikasiya cüzdanı kimi istifadə edə bilərlər.

Həmçinin bu ilin avqustunda Azercell Azərbaycanın telekommunikasiya sektorunda süni intellekt əsaslı ilk layihəsinə də start verdi. Layihənin pilot mərhələsində “AIcell” adlı Virtual Assistent abunəçinin şifahi sorğusunu təhlil edərək zəngi müvafiq operatora yönləndirəcək. Bu layihənin ən mühüm cəhətlərindən biri odur ki, Virtual Assistent bütün xidmətləri Azərbaycan dilində göstərəcək. Daxili proseslər məsələsinə gəlincə, səmərəliliyin artırılması ilə bağlı ötən ilin sonunda işə saldığımız daha bir layihəni qeyd etmək istərdim. Bu təşəbbüs çərçivəsində biz, qısa müddət ərzində bəzi daxili proseslərimizi optimallaşdırmağa və xərclərimizi əhəmiyyətli dərəcədə azaltmağa nail olduq.

- Doğrudan da, böyük iş görülüb. Sizcə, yeni strategiyanızın həyata keçirilməsinin ilkin nəticələri özünü nə vaxt büruzə verəcək?

- Strategiyamız artıq öz effektivliyini sübut etməkdədir. Müsbət dəyişikliklər həm tərəfdaşlarımızın hesabatlarında, həm də ən əsası, müştərilərin rəylərində əks olunur. Əminəm ki, gələn il "Azercell" üçün infrastrukturun inkişafı baxımından rekord il olacaq: biz şəbəkəmizin sürətini, tutumunu və əhatə dairəsini artırmağa davam edəcəyik. 2023-cü ilin sonuna kimi biz bütün regionlarda, o cümlədən işğaldan azad edilmiş ərazilərdə şəbəkəmizi tamamilə modernləşdirərək, bütün ölkə üzrə abunəçiləri yüksək keyfiyyətli rabitə ilə təmin edəcəyik.

Bu müddət ərzində komandam qarşıya qoyulan məqsədlərə çatmaq üçün böyük əmək sərf edib və onların göstərdikləri səy əvəzolunmazdır! Lakin hesab edirəm ki, hədəflərimizə çatmaq üçün biz, eyni zamanda, üzərimizdə daima çalışmalı, inkişaf etməli və təkmilləşməliyik. Hazırda yaşadığımız texnoloji inkişaf göstərilən xidmətlərin, təqdim olunan məhsul və həllərin davamlı təkmilləşdirilməsini tələb edir. Bu işdə biz abunəçilərimizin dəstəyinə ümid edirik. Onların rəy və təklifləri bizə irəliyə doğru daha əmin şəkildə addımlamağa imkan verir ki, buna görə onlara son dərəcə minnətdarıq.

- Zərinə xanım, bu gün 5G standartı bütün dünyada prioritet inkişaf istiqamətidir. Ölkəmizdə 5-ci nəsil şəbəkəsinin işə salınması ilə bağlı işlər nə yerdədir? Onun nə vaxt işə düşəcəyi ilə bağlı konkret tarixlər varmı?

- Biz artıq bütün daxili testləri uğurla başa vurmuşuq və aktiv şəkildə infrastrukturumuzu 5G şəbəkəsinin işə salınması üçün hazırlayırıq. Müvafiq lisenziyaları əldə etdikdən sonra 5G şəbəkəsinin mərhələli şəkildə tətbiqinə hazır olacağıq.

- Gəlin, bu mövzu ilə bağlı daha ətraflı danışaq. Hal-hazırda dünyada 5G-nin praktiki tətbiq nümunələri kifayət qədər məhduddur. Bu da, öz növbəsində, bu texnologiyanın istifadəsindən əldə edilə bilən gəlirin proqnozlaşdırılmasını mürəkkəbləşdirir. Bu riskləri nəzərə alırsınızmı?

- Haqlısınız. Hazırda, 5G tətbiqi nümunələri daha çox biznes seqmentinə aiddir. 5G-nin əsas üstünlüklərindən danışdıqda, mən bu texnologiyanın daha yüksək sürət, minimal ləngimə, aşağı enerji sərfiyyatı, eləcə də eyni anda daha çox sayda cihazın bu xidmətlərdən faydalanmaq imkanını vurğulamaq istərdim. Təbii ki, bu üstünlüklər Əşyaların İnterneti, kampus şəbəkələri, teletibb və rəqəmsal yayım kimi sahələrdə yeni məhsulların inkişafı üçün böyük imkanlar yaradır. Nəticə etibarilə bu həllərin biznes seqmentinə müstəsna faydası olacaq.

Fərdi istehlakçıya gəldikdə isə, 5G texnologiyası genişzolaqlı internetə daha sürətli və daha keyfiyyətli çıxış təmin etsə də, onun istehlakçı seqmentində praktiki tətbiq imkanları bütün dünyada araşdırma mərhələsindədir. Onu da nəzərdə saxlamaq lazımdır ki, 5G texnologiyası əsasında həllərin tətbiqi əhəmiyyətli sərmayə tələb edir. Bu cür kapital qoyuluşunun yüksək səmərəliliyini təmin etmək üçün 5G texnologiyasının faydaları ilə yatırımdan əldə edilən gəlir arasında balansı qorumaq olduqca vacibdir. Bu səbəbdən, 5G-yə sərmayə yatırımlarına təmkinlə və hərtərəfli şəkildə yaxınlaşmaq lazımdır.

- Zərinə xanım, "Azercell"in fintech sahəsində göstərdiyi fəaliyyətini qısaca qeyd etdiniz. Telekommunikasiya şirkətlərinin fintech bazarına təsiri barədə ətraflı məlumat verə bilərsinizmi?

- Qeyd edim ki, istehlakçıların tələbatı sadə rabitənin imkanlarını artıq çoxdan aşıb. Bazarda yeni xidmətlərə tələbat artır və “fintech” bütün dünyada bu tendensiyanın bariz nümunəsidir. Bu gün rəqəmsal ödəniş və tranzaksiyalar adi hala çevrilir. Məhz buna görə də hazırda ödənişlərin mobil telefon hesabı və ya ona bağlı rəqəmsal kart vasitəsilə ilə həyata keçirilməsi gündəmdədir. Bu, ilk növbədə, maliyyə xidmətlərinə çıxışı müxtəlif səbəblərdən məhdud olan və yaxud çıxışı heç olmayan, həmçinin yeni xidmətlərə sadələşdirilmiş qoşulma prosesinə üstünlük verən istehlakçılara aiddir.

Ümumiyyətlə, telekommunikasiya şirkətlərinin üstünlüyü yalnız böyük müştəri bazasına sahib olması deyil - bazanın özəlliyi müxtəlif yaş kateqoriyalarında olan istehlakçıları əhatə etməsidir. Belə ki, indiki nəsil çox gənc yaşda smartfon sahibi olur, buna görə də onların telekommunikasiya şirkətləri ilə münasibətləri başqa xidmət sahələri ilə müqayisədə daha tez başlayır. Bu isə, öz növbəsində, telekommunikasiya operatorlarına müştəri ilə əlaqələrin daha erkən qurulması üstünlüyünü verir.

Əhaliyə bu xidmətləri göstərən telekommunikasiya şirkətləri həm ənənəvi mobil rabitə xidmətlərindən kənara çıxaraq müştərilərə müasir nağdsız ödəniş üsulu təklif edirlər, həm də maliyyə xidmətlərinin tətbiq dairəsinin genişləndirilməsinə dəstək olurlar.

- Biznesdən danışsaq da, "Azercell"in həm də cəmiyyətin inkişafına mühüm töhfə verən təşkilat olduğunu qeyd etməmək olmaz...

- Siz tamamilə haqlısınız. "Azercell" uzunmüddətli və uğurlu korporativ sosial məsuliyyət (KSM) ənənələrinə malikdir. Cəmiyyətin inkişafına töhfə vermək bizim üçün biznes uğurumuz qədər vacibdir. Şirkət 25 illik tarixi boyu onlarla uğurlu layihəyə imza atıb. Onlardan son iki ildə həyata keçirdiyimiz sadəcə bir neçəsini misal gətirmək istərdim. Bu il biz ictimai təşkilatların rəqəmsal inkişafına dəstək olmaq məqsədilə sosial layihələr müsabiqəsi elan etdik və müsabiqənin qalibləri Autizm Mərkəzi, SOS Uşaq Kəndləri və FemTech layihəsi oldu.

Uzun illər ərzində "Azercell" uşaqların hüquqlarının müdafiəsi məqsədilə “Ümidli Gələcək” Sosial Təşəbbüslər İctimai Birliyi ilə birgə “Uşaq Qaynar Xətt Xidməti”nin fəaliyyətinə dəstək göstərir. Bu sahədə təcrübəmizə əsaslanaraq, cari ildə bizim təşəbbüs və dəstəyimiz ilə məişət zorakılığına məruz qalmış qadınlara psixoloji, hüquqi və sosial yardım göstərən xüsusi “Qaynar xətt” də fəaliyyətə başladı.

Azərbaycanın mədəni irsinin rəqəmsallaşdırılması və təbliği çərçivəsində 2021-ci ildə qeyd olunan “Nizami Gəncəvi İli”ndə dahi şairin üç dildə audiokitabı hazırlandı. Növbəti audiokitab toplusu 2022-ci ildə elan olunmuş “Şuşa İli”nə həsr edilib və artıq dekabr ayında 5 dildə ictimaiyyətə təqdim ediləcək.

- Şirkətinizin gələcəyini necə görürsünüz?

- Söhbətn əvvəlində qeyd etdiyim kimi, bu gün bütün dünyada telekommunikasiya sənayesi biznes modelini inkişaf etdirmək və imkan dairələrini genişləndirmək üçün yeni diversifikasiya yolları axtarır. Bütün dünyada mobil rabitə operatorları rəqəmsal inkişaf strategiyalarını qururlar. Bunlar “Big Data”dan istifadə, sistem inteqrasiyası, Əşyaların İnterneti və e-ticarət sahələrini əhatə edir.

Əlbəttə ki, biz də istisna deyilik: bazarda liderliyimizi qoruyub saxlamaq üçün dünyadakı tendensiyaları izləyib, onları öz fəaliyyətimizdə tətbiq etməli, müştərilərin gündəlik həyatına daha dərindən inteqrasiya etməliyik. Biz daima yeni texnologiyaları inkişaf etdirməli, yeni həllər axtarmalı, insan kapitalımızı gücləndirməliyik. Bir sözlə, durmadan inkişaf etməli və təkmilləşməliyik.

- Yeni nailiyyətlərə nail olmaq üçün nəyə arxalanırsınız?

- Təbii ki, şirkətimizin əməkdaşlarına. Sadiq və yüksək motivasiyaya sahib əməkdaşları, eləcə də sağlam, effektiv iş mühiti olmayan şirkət ciddi məqsədlərə nail ola bilməz. Hazırda "Azercell" Azərbaycanda iş yeri seçimi baxımından ən arzuolunan şirkətlərdən biridir. Bu mövqeni saxlamaq üçün texnologiya və sistemlərin modernləşdirilməsi ilə yanaşı, təşkilati mədəniyyətimizi və daxili proseslərimizi təkmilləşdiririk.

"Azercell"in komandası yüksək nəticələr göstərən, biliklərini daima artırmağa çalışan peşəkarlardan ibarətdir. Belə komandaya rəhbərlik etməkdən olduqca qürur duyuram. Biz müştərilərimizin və təsisçilərimizin gözləntilərini doğrultmaq üçün məqsədlərimizin və strategiyamızın reallaşması istiqamətində birlikdə çalışırıq. Buna görə, komandamızın hər bir üzvünə ayrı-ayrılıqda minnətdaram!

Son xəbərlər

Orphus sistemi