Tural Məmmədov: "Kiçik məbləğdə dələduzluğa görə də məsuliyyat artmalıdır"

Tural Məmmədov: "Kiçik məbləğdə dələduzluğa görə də məsuliyyat artmalıdır" “Kiçik məbləğdə olunan dələduzluqlara görə, insanlar heç bir yerə şikayət etmir. Bu səbəbdən də kiberdələduzlar bundan istifadə edərək az məbləğlə daha çox vəsait qazanırlar”.
İKT
13 Dekabr , 2021 11:39
Tural Məmmədov: Kiçik məbləğdə dələduzluğa görə də məsuliyyat artmalıdır

“Azərbaycanda dələduzların məsuliyyətə cəlb olunması qaydalarının və cəzalandırma şərtlərininin sərtləşdirilməsinə ehtiyac var. Azərbaycan qanunvericiliyinə uyğun olaraq, cinayət işi əsasında cəzalandırmanın tətbiqi üçün minimum 500 manat məbləğində dələduzluq faktı olmalıdır. Daha az məbləğli dələduzluq halları üçün ciddi cəza mexanizmləri mövzud olmadığından dələduzlar bundan sui-istifadə edir. Xüsusən də elektron vasitələrdən istifadə etməklə həyata keçirilən dələduzluqlarda az məbləğlərlə daha geniş əhatə dairəsinə malik olmaq mümkün olur ki, bu da vətəndaşların ümumi maliyyə itkisini 500 manatdan qat-qat çox edir. Lakin individual şikayətlər baxımından bu məbləğ 500 manatı çox zaman aşmadığından və zərərçəkələri şikayətçi qismində prosesinə cəlb etmək mümkün olmadığından dələduzlar çox zaman cəzasız qala bilir”.

“Report” xəbər verir ki, bunu “Azərbaycanda pandemiya dövründə dələduzluq” adlı konfransında çıxış edən Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin idarə rəisi Tural Məmmədov deyib.

T.Məmmədov əlavə edib ki, bu səbəbdən də elektron vasitələrdən istifadə etməklər həyata keçirilən dələduzluğa klassik dələduzluq kimi baxmaq hazırda özünü doğrultmur və bu cəza mexanizminə yenidən baxmağa ehtiyac var:

“Eyni zamanda vətəndaşların da zərərin az və ya çox miqdarda olmasından asılı olmayaraq şikayət etməsində fayda vardır. Təəssüf ki prosesin uzunluğu və zaman itkisi baxımından vətəndaşlar şikayət etmədə elə də həvəsli deyillər”.

T.Məmmədovun sözlərinə görə, pandemiya dövründə dələduzluq hallarının artmasına bir neçə məsələ səbəb olub:

“Bunlardan biri pandemiya dövründə insanların nağdsız ödənişlərə üstünlük verməsindəki sürətli artım, digər səbəb pandemiyanın səbəb olduğu qorunmayan şəbəkələrdən evdən yəni məsafədən çalışma və sonuncusu isə pandemiya mövzusunun özünün aktual olması olub ki, dələduzlar mövzu olaraq da fişinq və sair kimi əməliyyatlarda məhz bu faktorlardan istifadə etmişlər.

Statistikaya nəzər salsaq görmək olar ki, əgər 2020-ci ildə belə dələduzluq halları ilə bağlı tərəfimizdən sosial şəbəkədə 27 xəbərdarlıq paylaşılmışdırsa,  2021-ci ildə belə mövzulu paylaşımların sayı 38 olmuşdur ki, bu 40%-lik artım belə dələduzluq hallarının ötən ildən daha da çox yayıldığını göstərir”.

Xidmət rəsmisi əlavə edib ki, hazırda Azərbaycanda kiberdələduzlar daha çox “trust chain” vektorundan istifadə edərək etibar edilən elektron poçt və sistemlər üzərindən kiberhcumları həyata keçirirlər ki, bu da belə hücumlarla üz-üzə qalanlardan daha həssas yanaşma tələb edir.

Eyni zamanda kiberhücumlara diqqət edilərsə əgər əvvəllər kiberdələduzlar “Google translate”dən istifadə edərək mesajları müəyyən səhvlərlə göndərirdilərsə indi onlar bu mesajları qrammatik cəhətdən tam dolğun formada yazırlar.

Biz belə hücumları daima monitorinq edir, sosial şəbəkələr və “bloklist.gov.az” platforması vasitəsi ilə vətəndaşları məlumatlandırır və kiberhücum indikatorlarını isə bloklayırıq”.

Son xəbərlər

Orphus sistemi