İnternet dövrünün uşaqları 30-40 il öncə baş verənlərdən xəbərsizdirlər. Bir əlində planşet, bir əlində də smartfonla gəzən yeni nəslin nümayəndəsi üçün kommunikasiya problemi mövcud olmayıb, dünyanın istənilən nöqtəsindən məlumat ötürə bilərsən.
50 və daha yüksək yaşı olanlar isə bütün bu dəyişikliyi öz gözü ilə görüb, yaşayıblar. Ötən əsrin 80-ci illərindən bu yana reallaşan texnoloji inqilabı gərək görəsən, bu barədə yazasan, danışasan, deyəsən.
Tibbi yardım çağırmaq lazımdırsa, qonşuya getməkdən başqa yol qalmırdı
Ötən əsrin 80-ci illərində bir neçə kommunikasiya kanalı vardı: şəhər telefonu, teleqraf və poçt. Şəhər telefonu da hər evdə olmazdı, bəzən köhnə məhəllələrdə evində telefonu olan ailənin rahatlığı pozulardı, çünki kimin bir dərdi, çətinliyi olardısa, qaçardı qonşunun evinə. Tibbi yardım çağırmaq lazımdırsa, təcili bir iş çıxırdısa, qonşuya getməkdən başqa yol qalmırdı. Küçədə qoyulan telefon avtomatından da zəng etmək olardı, sadəcə bəzən fərli işləmirdi, tələb olunan iki qəpik tapılmırdı, ya da telefonun dəstəyini qaldıran kimi növbə yaranırdı, zəng etmək istəyən çox olurdu. Küçədəki telefon avtomatı çox zaman qırıq olardı, düzəldən də tapılmazdı.
Başqa şəhərə zəng eləmək üçün şəhərarası telefon qovşağına getmək lazım gəlirdi. Evdən zəng eləmək olardı, sifariş edəndə dəqiq birləşdirirdilər, amma 8-lə kodu yığarkən çətinlik yaranırdı. O dövrdə hər evdə telefon nömrələri qeyd olunan kitabça vardı. Bakıdan rayona və ya başqa şəhərlərə teleqraf vasitəsi ilə indiki dillə desək, “sms” və ya mesaj yollamaq olardı. Kiminsə ad gününü təbrik etmək və ya nəsə bir vacib məlumatı çatdırmaq üçün.
Əsas kommunikasiya vasitəsi insanın özü idi
Poçtla göndərilən məktublar uzun zaman tələb edən bir kommunikasiya vasitəsi idi. Məktub məsafədən asılı olaraq bir həftəyə də gedib çata bilərdi, bir aya da. Amma detallı bir sözün vardısa, hamısını yaza bilərdin. Hamı ehtiyatını əvvəlcədən görərdi, səfərə hazırlaşırdınsa, deməli, yol çantana diş fırçasından tutmuş sabuna qədər hər bir əşya toplanmalı idi. Başqa şəhərdə mehmanxana otağını əvvəlcədən bron etmək də qəliz məsələ idi. Kommunikasiya kanalları zəif olduğundan hamı getdiyi şəhərdən məlumat kitabçası, xəritə gətirərdi. Əgər bir yerə tez-tez gedirdinsə, mütləq orada tanış taksi sürücüsü, bərbər və dərzi tapmağına dəyərdi. Kurort şəhərlərində isə mütləq tanış bir adamın olmalı idi, çünki haradasa gecələmək müşkülə çevrilirdi.
Əsas kommunikasiya vasitəsi insanın özü idi. Hamı bir-birinə əl tutardı, yardım edərdi, biliyi ilə bölüşərdi. Kommunikasiyanın zəif olduğu bir dövrdə bilik əldə etmək də çətin idi. Sovet dövründə cəmi 2-3 televiziya kanalı vardı: Moskvanın 2 və Azərbaycanın bir. Vəssalam. Bir neçə radio da fəaliyyət göstərirdi. Amma radioda daha böyük imkanlar duyulurdu, çünki orta dalğada xeyli xarici radiostansiya tutmaq olurdu. Kitab, qəzet, jurnal bilik qazanmaq üçün ən universal vasitə sayılırdı. Hamı kitab alırdı, qəzet-jurnala da abunə olurdu. Poçtalyon da vaxtı-vaxtında gətirib çıxardırdı.
Şəhərin mərkəzində yaşamaq bir başqa üstünlük idi. Televizor, radio, telefon öz qaydasında işləyirdi. İstəsən poçt, teleqraf xidməti də əlinin altında. Rayonda və ya Bakıətrafı kəndlərdə kommunikasiya problemi xeyli çətinlik törədirdi. Məsələn, Bilgəh kimi böyük kənddə telefon əlaqəsi yox dərəcəsində idi, bircə kənd sovetində tapılardı. Zəng üçün Maştağaya getmək lazım gələrdi. Teleqüllə uzaq olduğundan televiziya kanalları heç vaxt fərli-başlı göstərməzdi, nə cür güclü antena qoşursan qoş, xeyir eləməzdi. Qəzet kiosku da tapılmırdı.
Dəlləkdən tutmuş taksi sürücüsünə kimi hamının mobil telefonu oldu
Köhnə durum belə idi. Ötən əsrin 90-cı illərində mənzərə dəyişdi. SSRİ dağıldı və əvvəlki həyatdan əsər-əlamət qalmadı. İlk növbədə günümüzə mobil telefonlar gəldi, bizi bir-birimizə bağladı, istədiyimiz insanı tapa bildik. Dəlləkdən tutmuş taksi sürücüsünə kimi hamının mobil telefonu oldu. O dövrün telefonu çəkidə ağır olsa da, hamının dadına çatdı. Mobil telefonun bazara girməsi köhnə ATS-lərin də işinə təsirsiz ötüşmədi. Hər bir evə şəhər telefonunun çəkilməsi prosesi başladı. Hamını telefonla təmin etmək üçün hətta paralel nömrələrdən də istifadə edirdilər. Yəni bir xətt iki ailə arasında bölünürdü, biri istifadə edəndə digəri danışa bilmirdi. Hətta şüursuz vətəndaşlar qonşunun danışığını qırmaq üçün telefon xəttinə elektrik cərəyanı da buraxa bilərdilər. Paralel nömrələr daim problem, münaqişə mənbəyi idi. Analoq sistemdən elektron sistemə keçdikdən sonra hamıya ayrı nömrə vermək mümkün oldu.
Daha sonra bazarda yeni avadanlıq növləri peyda oldu. Stasionar kompüter, CD disklər, kasetlə işləyən videomaqnitofon, musiqi mərkəzi dükanlarda yer aldı. Videomaqnitofon çox hörmətli bir qurğu idi, kimdə vardısa, bir kiçik salon yaradıb pul qazan bilərdi. Onu almaq hər adama qismət olmurdu. Bəzən elanlarda avtomobili videomaqnitofona dəyişmək istəyən insanların təklifinə rast gəlinirdi. Üstündən cəmi 10-15 il ötəcək, hamı bu qurğuları zibilliyə atacaq. İlk kompüter nə qədər sadə görünsə də, insanlarda maraq doğururdu. Pulu olan da almaq istəyirdi, olmayan da. O illərdə kompüter kursları demək olar “balalayırdılar”. Televizor ustası, makinada mətn yığmaq, stenoqrafiya kursları sıradan çıxdıqca, kompüter hər yeri zəbt edirdi.
Məktub yazmağa, harasa teleqram göndərməyə ehtiyac qalmadı
Kompüterlə paralel internetin peyda olması yeni bir inqilabi sıçrayışa təkan verdi. İnternet həyatımızın hər məqamını dəyişdi, müdaxilə etmədiyi bir sahə qalmadı. Özü də yenilik kimi görünən hər bir texnologiya internetin təsirindən bir neçə ilə sıradan çıxdı. Əvvəlcə adi məktub yazmağa, harasa teleqram göndərməyə ehtiyac qalmadı. Elektron poçt kimi bir vasitənin köməyi ilə dünyanın istənilən nöqtəsinə anında məktub göndərmək oldu. İnternetin üstünlüyünü elə ilk olaraq jurnalistlər anladı və mətbuatın tədricən internetdə məskunlaşması prosesi başladı. İlk xəbər saytları, informasiya agentlikləri çap mətbuatı ilə müqayisədə nə qədər zəif görünsələr də, operativlik baxımından hətta televiziyanı da qabaqladılar. Yeni media gündəmi zəbt etdi.
Bir qədər sonra sanballı informasiya agentlikləri, adlı-sanlı qəzet və jurnallar da internetə qoşuldular. Hər bir televiziyanın da internetdə bir saytı oldu, kim istəsə, canlı yayımı elə internetdən izləyə bilərdi. Tədricən telekanalların bir çoxu elə internetdən yayımlandı. Dünyaya açılan Azərbaycanda əvvəlcə kabel TV-lər yarandı. Yəni hər hansı bir şirkət xüsusi antena və ötürücünün köməyi ilə dünyanın aparıcı kanallarını evimizə gətirdi. Daha 5-6 yox, yüzlərlə kanalı evində izləyə bilərdin. Bu adətən şəhərin sıxlıq olan məkanlarında, bina evlərində baş verdi. Daha sonra fərdi və bağ evlərinə bir qurğunun köməyi ilə eyni xidməti təklif edən şirkətlər yarandı. Qurğunu qoşursan, adi antenanın köməyi ilə ürəyin istəyən kanala baxırsan. Amma internet bununla kifayətlənmədi. Klassik mənada televiziya artıq mənasını itirdi. İnternetlə işləyən qurğuların arxivi var deyə, səhər və ya günorta nümayiş edilən veriliş və filmə axşam rahatlıqla baxmaq mümkün oldu.
İnternet həyatımızda hər bir şeyi dəyişdi, ənənəvi dəyərlər mənasızlaşdı
Köhnə televizorları artıq smart TV-lər əvəzlədi. Yəni birbaşa internetə qoşulub istənilən kontenti seçmək imkanı yarandı. Televizorun hələ köhnədirsə, 50-100 manat ödəməklə xüsusi qurğu əldə edib onu smart TV-yə çevirmək də olar. Texnoloji baxımdan həlli olmayan bir məsələ qalmayıb.
İnternet həyatımızda hər bir şeyi dəyişdi, ənənəvi dəyərlər mənasızlaşdı. Bir sıra hörmət sahibi olan peşələr tam sıradan çıxdı. İnternet kitab, qəzet və jurnal satışına ciddi zərbə endirdi. Əvvəllər evində 2-3 min nüsxəli kitabxanası olan şəxs hikmət sahibi sayılırdı. Bir müddət sonra internetdə yüz minlərlə kitabı olan açıq virtual kitabxanalar yarandı. Nəyi istəyirsən, buyur, yüklə. Əvvəllər əlçatmaz görünən bir sıra ədəbiyyat nümunələri artıq internetə yerləşdirildi. Xarici dili bilənlər üçün lap asan oldu, çünki ingilis, rus, fransız, alman, ispan dillərində milyonlarla kitab, qəzet, jurnal və digər kontent interneti zəbt etdi. Hətta Google axtarış sisteminin xüsusi layihəsi çərçivəsində məşhur universitetlərin milyonlarla kitab və əlyazmasını rəqəmsallaşdırıldı.
Təbii, kitabı kompüterdən oxumaq rahat olmadığından kitab oxuyan qurğu da ərsəyə gəldi. Bukrider və ya cib kitabxanası adlanan bu qurğunun köməyi ilə rahatlıqla 5-10 min elektron kitabı çantada gəzdirmək olardı. Nəyi istəyirsən oxu, özü də bukrider çox mükəmməl elektron mürəkkəb texnologiyası üzərində hazırlanıb. Yəni insan gözünə ziyan vurmaz, adi kitabdan fərqlənməz.
Smartfon kompüteri, fotoaparatı, musiqi mərkəzini, televizoru əvəzlədi
Facebook, Twitter, Linkedin, Odnoklassniki, VKontakte kimi sosial şəbəkələr həyatımızı bir daha dəyişdi. Şəbəkəyə uyğun “devays”lar da yarandı. Smarfon, planşet, netbuklar daşınma üçün rahat olduğundan insanın masaüstü kompüterə bağlanmasına ehtiyac qalmadı. Kiçik bir smartfon kompüteri, fotoaparatı, musiqi mərkəzini, televizoru əvəzlədi. Buradan dünyanın istənilən yerinə səyahət edə bilərsən, kiminlə istəsən danışarsan, foto yükləyərsən, təzyiqini ölçə bilərsən. Kalkulyator, saniyəölçən, kompas və kağız təqvimə də ehtiyac qalmadı. Bunları smartfona yüklə, vəssalam. Virtual şahmat, dama, domino, nərd oynaya bilərsən. Daha qəzet köşkünə gedib krossvord almağa ehtiyac yoxdur, bir proqramdır, yüklə smartfona, həll elə.
Kitab istəyirsən, kitab yüklə, xəbər axtarırsan, buyur. Xarici dilə ehtiyacın var, smartfonla öyrənə bilərsən. Kino da buradadır, teatr da. Bilmədiyini axtarışa ver, cavabını al. Şəbəkədə hər cür məlumat, özünə dost, peşənə uyğun vakansiya tapa bilərsən.
İnsan öz yaratdığı sistemlərə nəzarəti itirir
Son 30 ildə bəşəriyyətin keçdiyi texnoloji sıçrayış bir qədər gözlənilməz oldu. Heç kəs belə bir dövrdə yaşayacağını təsəvvür etməzdi. Hələ 30 il öncə “Sehrli xalat” filmində gördüyümüz videoaparat bizə fantastika kimi görünürdü. Buradan çəkir, elə o dəqiqə də görünür. Texnoloji tərəqqinin həm müsbət, həm də mənfi tərəfi az deyil. Bunları da qarşılıqla araşdırmağa dəyər.
Böyük bir bilik bazası hər birimiz üçün əlçatan olub. Amma nə qədər oxusaq da, yenə bəs eləmir. İnsan beyni bu qədər informasiya yükünə dözmür. Əgər 50-70 il öncə hətta tam orta məktəb təhsilli olmaq insana böyük üstünlük verirdisə, bu gün nə orta, nə ali təhsil, nə magistratura, nə elmi dərəcə, nə qazandığımız sertifikatlar uğurlu olacağamıza, yaxşı bir işdə calışmağımıza zəmanət ola bilməz. Dairə boyu elə hey qaçırıq, amma yenə bəs eləmir.
Virtual dostlarımız artsa da, real həyatda ünsiyyət qurmağımız çətinləşib. Sosial şəbəkədə özümüzü qəhrəman kimi duymaq nə qədər asan görünsə də, adi bir söhbətdə özümüzü bir o qədər aciz duyuruq. Smartfonuna qapanan gəncin biliyi də beynində yox, daha çox axtarış sisteminin pəncərəsindədir. Heç vurma cədvəlini də bilmək önəmli deyil, kalkulyator olan yerdə nə ehtiyac var axı.
Texnologiya insanı tənbəlləşdirib. Həyatımızı ağıllı əşyalara, süni intellektə, robot və proqramlara həvalə etmişik. Paltaryuyan geyim əşyalarını, qabyuyan isə qabları yuyur. Smartfon bizim sağlamlığa nəzarət edir. Axtarış sistemi hər bir insana uyğun bir nəticə təqdim edir, obyektiv və ya subyektiv yox, məhz hər bir şəxsə uyğun. Süni intellekt sistemi tərcümə edir, robot isə xəbər hazırlayır. Cərrahi əməliyyat edən xüsusi robotlar da yaradılıb. Hüququ hüquqşünasdan, sürücülüyü ən yaxşı sürücüdən daha üstün bacaran sistemlər də var. Hətta qan analizi edən və əməkdaşa ehtiyacı olmayan laboratoriyalar fəaliyyət göstərir.
Bir çox texnoloji məhsul elə insan əli dəymədən yığılır. Geyim istehsal edən robotlaşdırılmış zavod da yaradılıb. Bir tərəfdən insanın şəxsi inkişafı üçün hər şərait olsa da, digər tərəfdən isə süni intellekt və robotlar insanı hər yerdə əvəzləməkdə davam edir. İnsan öz yaratdığı sistemlərə nəzarəti itirir.
Gələcəyin insanını daha nə gözləyir? Sözsüz, idarə edə bilməyəcəyimiz əşyaların, baş aça bilməyəcəyimiz proqramların, yeni-yeni qurğuların sayının birə on artacağını bilməliyik. Tərəqqinin də qarşısını almaq mümkünsüzdür. Ya rəqabətə davamlı olmalıyıq, ya da deqradasiyaya uğrayıb məhvə doğru gedəcəyik. Amma olacağa da, necə deyərlər, çarə yoxdur.
İsmayıl Rafiqoğlu
Yazı “Rəqəmsal Jurnalistikaya doğru” Proqramı çərçivəsində təşkil edilən yazı müsabiqəsinə təqdim ediləcək.