Bu gün Asiya İnkişaf Bankının (ADB) Azərbaycandakı Daimi Nümayəndəliyi, Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin təşkilatçılığı və Naxçıvan Dövlət Universitetinin tərəfdaşlığı ilə “StartupFest Naxçıvan” proqramının yekun tədbiri keçirilib, qaliblər mükafatlandırılıb.
"Report"un Naxçıvan bürosu xəbər verir ki, yekun tədbirində çıxış edən Naxçıvan Muxtar Respublikasında Prezidentin səlahiyyətli nümayəndəsinin müavini Samir Seyidəhmədli festivalın əhəmiyyətindən bəhs edib.
Bildirib ki, “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nın əhatə etdiyi 11 prioritetə əlverişli biznes mühitinin yaradılması, ticarətin inkişafı, ixracyönümlü sənayenin inkişafı, kənd təsərrüfatı məhsullarının istehsalı və emalı, turizmin inkişafı, elektrik enerjisinin istehsalı və ixracı, sosial sektorun inkişafı və digər məsələlər daxildir. Sözügedən Dövlət Proqramının icrası həm də “yaşıl enerji”, kənd təsərrüfatı, təhsil, dövlət sektorunda innovasiyalar istiqamətində startapların formalaşmasına təkan verəcək.
S.Seyidəhmədli diqqətə çatdırıb ki, bu gün Muxtar Respublika yeni inkişaf mərhələsinə qədəm qoyub: “Bu inkişaf mərhələsində gənc investorların və startapçıların iştirakı xüsusi əhəmiyyətə malikdir. Festivalın Naxçıvanda keçirilməsi də məhz muxtar respublika gəncləri üçün innovativ düşüncə tərzinin formalaşdırılması, qlobal trendlərin izlənilməsi və startap ekosisteminin inkişafı baxımından önəmli xarakter daşıyır”.
Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini Ceyhun Salmanov, ADB-nin Azərbaycandakı daimi nümayəndəliyinin rəhbəri Kendis MakDeyqan və Naxçıvan Dövlət Universitetinin (NDU) Elm və innovasiya məsələləri üzrə prorektoru Elsevər Əsədov iştirakçılara və komandalara innovasiyaların, startapların inkişafı, bu istiqamətdə həyata keçirilən dəstək tədbirləri barədə məlumat veriblər. Diqqətə çatdırılıb ki, apreldən start verilən proqram çərçivəsində qeydiyyat və ilkin seçimlərdən sonra, ümumilikdə, 34 iştirakçı olmaqla, 14 komanda müsabiqəyə qoşulub.
Bir ay ərzində peşəkar mütəxəssislər tərəfindən 29 təlim keçirilib, komandalara uğurlu texnoloji startapın təsis edilməsi məsələləri izah edilib. “Yerli Texnoloji Startapların İnkişafının Təşviqi” layihəsi çərçivəsində həyata keçirilən festivalın final mərhələsində iştirak edən gənclər layihələrini təqdim ediblər.
Sonda təqdim olunan layihələr münsiflər tərəfindən qiymətləndirilib. Nəticələrə əsasən NDU-nun “Easy Agriculture” komandası 1-ci yerin qalibi olub. Qalib komandalara pul mükafatı və hədiyyələr təqdim edilib.
Qeyd edək ki, layihə qrant şəklində Cənubi Koreyanın “e-Asiya” və “Bilik Tərəfdaşlığı” Fondu tərəfindən maliyyələşdirilir.