Səudiyyə Ərəbistanı “Xətt” adlı layihə çərçivəsində krallığın şimal-qərbində NEOM innovativ şəhərinin tikintisi üçün tunellər çəkməyə başlayıb.
“Report” xəbər verir ki, bu barədə layihə rəhbəri Nəzmi əl-Nasr “Bloomberg”ə müsahibəsində bildirib.
“Şəhərin planlaşdırılması və tikintisi üçün tələb olunan işlərin bir faizi belə hələ tamamlanmayıb”, - deyən Nəzmi əl-Nasr, tikinti planlarının hələ hazırlanma mərhələsində olduğunu əlavə edib. Eyni zamanda, hökumət 2024-cü ildə yeni şəhərdə ilk sakinləri yerləşdirməyi və turistləri qəbul etməyi planlaşdırır.
Səhrada investisiya potensialı 500 milyard dollardan çox olan meqaşəhərin yaradılması layihəsi 2017-ci ildə elan edilib. Layihə Krallığın “Vision-2030” iqtisadiyyatın alternativ sahələrinin inkişafı üzrə strateji planının tərkib hissəsi kimi həyata keçirilir və enerji, su ehtiyatları, biotexnologiya, qida sənayesi, rəqəmsal texnologiyalar kimi sahələri əhatə etmək üçün nəzərdə tutulub.