Saməddin Əsədov: “Azərbaycan kosmik sahədə inkişafın vacibliyini dərk edir”
- 06 dekabr, 2022
- 06:57
“Azərbaycan hökuməti kosmik sahənin inkişafının vacibliyini dərk edir”.
"Report" xəbər verir ki, bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Kosmik Agentliyin ("Azərkosmos") İdarə Heyətinin sədri Saməddin Əsədov deyib.
O bildirib ki, bu sahənin inkişafı iqtisadi inkişafa çox böyük təsir göstərir: "Hazırda dünyanın müxtəlif problem və çağırışlarla üzləşdiyi bir zamanda kosmik sahə Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM) hər birinə təsir göstərir".
Onun sözlərinə görə, Azərbaycan gələn il oktyabrın 2-dən 6-dək keçiriləcək Beynəlxalq Astronavtika Konqresinə fəal şəkildə hazırlaşır və burada 6 minə yaxın iştirakçının olacağı gözlənilir: "Sərgi pavilyonunda yerlərin 75%-i artıq rezervasiya olunub. Konqresdə iştirak üçün qeydiyyat 2023-cü il yanvarın sonunda açılacaq".
“Azərkosmos” ASC-nin İdarə Heyətinin sədri Beynəlxalq Astronavtika Konqresinin 50 ildən sonra yenidən Bakıya qayıtdığını və Azərbaycanın paytaxtının sonuncu dəfə 1973-cü ilin oktyabr ayında bu tədbirə ev sahibliyi etdiyini xatırladıb.