Azərbaycanın rəqəmsal iqtisadiyyatın inkişafı strategiyasına əsasən "yaşıl iqtisadiyyat" və kibertəhlükəsizlik məsələləri ön plana çəkilib və inkişaf üçün hər ikisinin balanslaşdırılması çox vacibdir.
“Report” xəbər verir ki, bunu iqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov Bakıda ‘‘Yaşıl iqtisadiyyat naminə kibertəhlükəsizlik’’ mövzusunda keçirilən ‘‘Beynəlxalq Kibertəhlükəsizlik Günləri’’ (ICSD-2024) konfransında deyib.
Onun sözlərinə görə, bu iki sahə ilk baxışda bir qədər fərqli görünsə də əslində bir-biri ilə sıx bağlıdır: "Azərbaycanın sosial-iqtisadi inkişaf strategiyasında İqtisadiyyat Nazirliyinə rəqəmsal iqtisadiyyatın inkişafı üzrə strategiyanın hazırlanması və tətbiqi ilə bağlı tapşırıq verilib. Onun icrası çərçivəsində İqtisadiyyat Nazirliyi tərəfindən digər aidiyyatı dövlət qurumları ilə birlikdə hazırlanmış bu sənədə uyğun olaraq hazırda dövlət-özəl tərəfdaşlığı layihəsi çərçivəsində informasiya və kibertəhlükəsizlik laboratoriyalarının formalaşdırılması istiqamətində kifayət qədər ciddi işlər aparılır".
S. Ələkbərov hesab edir ki, "yaşıl iqtisadiyyat" ətraf mühitin qorunması, təbii resursların səmərəli istifadəsi ilə iqtisadi inkişafı birləşdirən bir konsepsiyadır: "Onun əsas məqsədləri karbon emissiyalarının azaldılması, bərpa olunan enerji mənbələrinin inkişafı, resursların təkrar istifadəsi, tullantıların azaldılması, ekoloji cəhətdən təmiz texnologiyaların tətbiqinə nail olmaqdır. "Yaşıl iqtisadiyyat"ın inkişafı ilə "yaşıl iş yerləri"nin yaradılması, dairəvi iqtisadi modelin tətbiqi, ekoloji standartların sərtləşdirilməsi, yeni texnologiyalara investisiyaların artırılması təşəbbüsləri getdikcə daha çox aktuallaşır. Bu şəxsi məlumatların qorunması, kritik infrastrukturun təhlükəsizliyi, kiber hücumlardan müdafiə, rəqəmsal sistemlərin etibarlılığının təmin edilməsi və sair bu kimi məsələlərə daha çox diqqət yetirilməsini zəruri edir".
Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında yenidənqurma və bərpa işlərinin aparıldığı deyən S.Ələkbərov həmin rayonlarda "yaşıl iqtisadiyyat"la bağlı böyük həcmli infrastruktur layihələrinin icra edilməkdə olduğunu diqqətə çatdırıb.
"Həmin layihələrin icrası zamanı informasiya təhlükəsizliyi və kibertəhlükəsizliyin təmin edilməsinə də xüsusi önəm verilir. Azərbaycanda rəqəmsal iqtisadiyyatın tətbiqinin genişləndirilməsi, böyük həcmli dataların idarə edilməsi, süni intellekt həllərinin tətbiqi, əşyaların interneti sahəsində "ağıllı şəhər" və "ağıllı kənd" layihələrin icra olunması, rəqəmsal marketinq, dron və robot texnologiyalarının inkişaf etdirilməsi "yaşıl iqtisadiyyat"ın qurulması üçün əlverişli şərait yaradır. Bu məsələlərin uğurlu və dayanıqlı tətbiqinə nail olmaq üçün isə informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik sahəsində infrastrukturun genişləndirilməsi, kadr potensialının inkişaf etdirilməsi və texnoloji həllərin tətbiqinə diqqətin artırılması tələb olunur", - deyə nazir müavini qeyd edib.