Zümrüd Əlizadə: “Rəqəmsal platformalar istifadəçilərin məxfi məlumatlarının qorunması ilə bağlı ciddi problemlər yaradır”

Zümrüd Əlizadə: “Rəqəmsal platformalar istifadəçilərin məxfi məlumatlarının qorunması ilə bağlı ciddi problemlər yaradır” “Bəzən sırf məlumatsızlıq səbəbindən kliklənən bir link belə ciddi bir kiber təhlükə yarada bilər”
İKT
14 Aprel , 2023 11:00
Zümrüd Əlizadə: “Rəqəmsal platformalar istifadəçilərin məxfi məlumatlarının qorunması ilə bağlı ciddi problemlər yaradır”
Zümrüd Əlizadə

“Bəzən sırf məlumatsızlıq səbəbindən kliklənən bir link belə ciddi bir kibertəhlükə yarada bilər”

Müsahibimiz Zümrüd Əlizadə 10 ildən artıq iş təcrübəsinə malik hüquqşünasdır. Hazırda Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin İnsan hüquqları və informasiya hüququ üzrə UNESCO kafedrasının, eləcə də Azərbaycan Respublikası Ədliyyə Akademiyasının müəllimi olaraq çalışır.
Əsas fəaliyyət istiqaməti insan hüquqlarının müasir dövrdəki qlobal hədəfləri ilə bağlı fərqindəlik və maariflənmənin genişlənməsinə yardım göstərməkdir.

- Texnologiyanın insan hüquqlarına təsiri nədən ibarətdir?

- Zənnimcə, informasiya kommunikasiya texnologiyalarının sürətli inkişafı insan hüquqlarının inkişafında yeni mərhələnin başlanğıcını qoyub. Bu gün internetə çıxışın olmasını hər bir fərdin fundamental insan hüquq və azadlıqlarının təminatı üçün vacib şərtlərdən biri hesab edə bilərik. Kimisə internetdən zorla kənarlaşdırsaq, onu, ilk növbədə, fikir bildirmək və ünsiyyət, eləcə də, məlumat əldə etmək üçün ən təsirli üsullardan məhrum etmiş, ayrı-seçkiliyə məruz qoymuş olarıq. Hazırda biz təhsil, iş, sosial, mədəni və s. saysız sferalarda hüquqlarımızı və azadlıqlarımızı məhz İKT vasitəsilə təmin edirik. Bu həm geniş fürsətlər, həm də ciddi risklər baxımından dəyərləndirilməli məsələdir. Çünki internet və ümumilikdə İKT vasitəsilə hüquqlarımızın həyata keçirilməsi həyatımızı rahatlaşdırmaqla yanaşı, müəyyən təhdidlər yaradır, kibercinayətlərin də artmasına səbəb olur. Deməli, yaranmış vəziyyət həm dövlətlər və təşkilatlar, həm də bütün istifadəçilər üzərinə yeni öhdəliklər qoyur.

- Hazırda cəmiyyətlərin üzləşdiyi əsas qlobal çətinliklərdən biri də informasiya mühitində baş verən dəyişikliklərə zərərsiz şəkildə uyğunlaşmaqdır. Bu proseslə insan hüquqlarının yeri barədə nə deyə bilərsiniz?

- İKT-nin inkişafı, ümumilikdə informasiya cəmiyyətində internetin, xüsusən də, sosial medianın yaratdığı bir sıra imkanlar öz mahiyyəti etibarilə bir çox məqamlarda insan hüquqlarının müəyyən əsas cəhətləri ilə üst-üstə düşür. Belə ki, insan hüquqları mahiyyət etibarilə universaldır, ali mənəvi dəyərlərin inkişafı və qorunmasına əsaslanır. İKT isə ünsiyyət maneələrini aradan qaldırmaq, insanlara yeni əməkdaşlıq formaları təklif etmək, yaradıcı fəaliyyət üçün çəkilən xərcləri azaltmaqla mənəvi tərəqqiyə yol açmaq imkanına malikdir. Görülən yaradıcı iş üçün çox az xərc tələb olunması və onun, xüsusən də, sosial media platformaları vasitəsilə universal auditoriyaya çata bilmək imkanı bu sahədə əvəzsiz şərait yaradır. Bugünkü media və internet imkanlarının güclü təsirləri mədəni həyatda iştirakçılıq hüququmuzun ayrılmaz hissəsinə çevrilib. Hamı üçün əlçatan olan əqli mülkiyyət məhsulları yaratmaq artıq qat-qat daha asandır. Yəni bir yazını yayımlamaq, bir bəstənin səsyazmasını etmək, film çəkmək, proqram təminatı hazırlamaq kimi işlər öncəki dövrlərə görə dəfələrlə az maddi vəsaitlə və daha təsirli bir şəkildə mümkündür. Bütün bunlar təkmərkəzli yox, müxtəlifliklə müşayiət olunan mədəniyyət və sənət nümunələrinin istehsalına fayda verir. Bu da eynən, insan hüquqlarının inklüziv təbiəti və müxtəlifliyə hörmət prinsipləri ilə üst-üstə düşür. Digər tərəfdən, iqtisadi sferaya baxsaq, görərik ki, avtomatlaşdırma və yeni texnologiyaların tətbiqi iqtisadi hüquqlarımızla bağlı nə qədər dəyişikliklərə səbəb olub, yaxud onlayn qaydada uzaqdan təhsil almaq imkanı təhsil hüququmuzun təminatı üçün yeni imkanlar yaradıb. İnformasiya mühitinin yaratdığı dəyişikliklər bütün sahələrdə olduğu kimi, dinamik hüquq sahələrindən biri kimi insan hüquqları sferasında da müəyyən norma və tənzimetmələrdə dəyişikliklərin olunmasını labüd edir.

- Artıq uzun müddətdir ki, bu sahədə müxtəlif fəaliyyətlərinizi, eləcə də, maarifləndirici paylaşımlarınızı izləyirik. Bəs informasiya mühitində gedən haqqında danışdığımız qlobal dəyişikliklər ölkəmizdə insanların hüquqlarına necə təsir edir? Bu sahədə hansı tədbirlər görülür və görülməlidir?

- Həyatımızı rahatlaşdıran bütün texnoloji imkanlar və fürsətlərdən yararlanarkən, risklərdən və kibertəhdidlərdən qorunmaq üçün insan hüquq və azadlıqlarının prinsiplərinə əsaslanan tənzimetmə mexanizmlərinə və ciddi maariflənməyə ehtiyac var. Bu iki istiqamət yalnız birgə izlənərsə, effektiv olar. Çünki kənardan yaradılan kibertəhdidlər, yaxud törədilən kibercinayətlərdən əlavə, İKT mühiti və rəqəmsal platformalar istifadəçilərin məxfi məlumatlarının qorunması, şəxsi toxunulmazlığının təmin edilməsi ilə bağlı ciddi problemlər yarada bilir. İstifadəçilər kifayət qədər məlumatlanmalıdır ki, sosial mediada onların hər hansı reaksiyası, şərhi və ya paylaşımının öz təsir və nəticələri olduğunun, müəyyən məlumatların istifadəçinin öz əleyhinə istifadə olunması riskinin fərqində olsunlar. Bəzən sırf məlumatsızlıq səbəbindən kliklənən bir link belə ciddi bir kibertəhlükə yarada bilər. İstər informasiyanın toplanması və yayımlanması ilə məşğul olan media platformalarının, istərsə də öz fərdi paylaşımı üçün məzmun hazırlayan şəxslərin hüquq və azadlıqlarını bilməsi bir çox potensial problemlərdən qorunmanı təmin etmiş olar. Bu baxımdan, bir tərəfdən maarifləndirmə işləri davam etdirilməli, digər tərəfdən isə hüquq normaları və qanunlar sürətlə inkişaf edən informasiya cəmiyyətinin dinamikasına uyğunlaşmaqla, insan hüquq və azadlıqlarının prinsiplərinə əsaslanmalıdır. Dövlətimizin Ümummilli liderimiz tərəfindən əsası qoyulmuş və bugün də uğurla davam etdirilən insan hüquqları siyasəti buna tam əsas verir.

- Kontentləriniz arasında dezinformasiya barədə maarifləndirici məlumatlara xüsusi yer ayırırsınız. Ölkə olaraq keçdiyimiz aktiv geosiyasi dövrdə dezinformasiyalardan qorunmaq üçün vətəndaşlarımız tərəfindən diqqət yetirilməli olan əsas məqamlar hansılardır?

- Bildiyimiz kimi, dezinformasiya aldatmaq məqsədilə qəsdən yaradılan, qeyri-dəqiq və zərər vermək üçün paylaşılan informasiyadır. Tarixi qədim olsa da, yəqin ki, hər hansı öncəki dövrdə dezinformasiyanın yaranması və qlobal miqyasda yayılması üçün hazırda yaşadığımız informasiya cəmiyyəti qədər münbit zəmin mövcud olmamışdır. Bu zəmini, xüsusən, sosial media və onlayn platformalar mühitində, adətən, informasiyaların doğruluğu, dəqiqliyi yoxlanmadan bəyənmə, şərh, izlənmə və s. kimi kriteriyalarla viral olmaq hədəflənməklə paylaşılması, çox az səylə və xərclə kütləvi auditoriyalara çatmağın asanlaşması yaradır. Digər tərəfdən, sosial media şirkətləri insanların maraqlarını müəyyən edərək, ona uyğun gələn daha çox məzmun göstərmək üçün müəyyən alqoritmlərdən istifadə edirlər. Məsələn, bir dezinformasiyaya şərh yazmaqla, çox güman ki, belə məzmunlarla daha tez-tez qarşılaşmağa başlayırsan. Dezinformasiyalar bəzən siyasi, yaxud dini motivli olarsa və ya cəmiyyətdəki ayrı-ayrı qruplara, həssas, ya da azlıqda olan insanlara yönələrsə, bu yalnız mühüm insan hüquqları və azadlıqlarının pozulmasına yox, eyni zamanda ictimai, milli və beynəlxalq səviyyədə problemlərin yaranmasına səbəb ola bilər. Ona görə də, hər kəs bəzi məqamlara diqqət etməklə həm öz hüquqlarını qorumuş olar, həm də ölkə olaraq keçdiyimiz aktiv geosiyasi dövrdə vətəndaş kimi öz məsuliyyəti barədə fərqindəliyə malik olar. Bəs bir tərəfdən gündən-günə artan texniki üsullarla, digər tərəfdən insan hisslərinin və məntiqi mühakiməsinin manipulyasiyası vasitəsilə ustalıqla yaradılan dezinformasiyaları necə tanıya bilərik? Bunun üçün bir çox diqqət edilməli məqamlar var. Ən vacib bəzi istiqamətləri paylaşmaq istərdim. İlk növbədə, qızıl qayda odur ki, doğruluğunu təsdiqləyib dəqiqləşdirə bilmədiyimiz informasiyanı qətiyyən yaymamalıyıq. Xüsusilə, eyni anda bir neçə güclü duyğu yaradan informasiya ilə tanış olduqda (qorxu, güvənsizlik, təhlükə və s.), insan tamamilə yaxşı niyyətli, təbii insani instinktlərindən irəli gələrək, tez bu məlumatı doğmalarına çatdırmaq istəyir. Belə emosional tərkiblərlə qarşılaşdıqda, tələsməmək, məlumatın mənbəyini və ya istinad edilən şəxs və ya qurumların həqiqətən belə açıqlamasının olub-olmadığını müəyyən etmək lazımdır. İkincisi, bu cür informasiyalara mənfi belə olsa, heç bir şərh yazmamalıyıq. Çünki yaxşı və ya pis olmasından asılı olmayaraq, istənilən şərh dezinformasiyanın daha geniş auditoriyaya çatmasına yardım edir. Ən yaxşı yol bu ünsiyyətə, əlaqəyə ümumiyyətlə daxil olmamaqdır. Üçüncüsü, dezinformasiyanın paylaşıldığı platformaya xəbərin doğru olmadığını bildirə bilərik. Unutmayaq ki, insanların dezinformasiya yaratmasının qarşısını ala bilməsək də, onun yayılmasını yavaşlada, zərərin miqyasını və həcmini azalda bilərik.

Son xəbərlər

Orphus sistemi