Bakıda və Abşeron yarımadası ərazisində rəqəmli radionun test yayımı uğurla nəticələnib

Bakıda və Abşeron yarımadası ərazisində rəqəmli radionun test yayımı uğurla nəticələnib Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Radio-Televiziya Yayımı və Peyk Rabitəsi” İstehsalat Birliyi ölkə ərazisində ilk dəfə Bakı şəhəri və Abşeron yarımadası ərazisində Avropanın DAB+ (Digital Audio Broadcasting) standartı ilə rəqəmli radionun test yayımını həyata keçirib.
İKT
16 Oktyabr , 2019 13:13
Bakıda və Abşeron yarımadası ərazisində rəqəmli radionun test yayımı uğurla nəticələnib

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Radio-Televiziya Yayımı və Peyk Rabitəsi” İstehsalat Birliyi ölkə ərazisində ilk dəfə Bakı şəhəri və Abşeron yarımadası ərazisində Avropanın DAB+ (Digital Audio Broadcasting) standartı ilə rəqəmli radionun test yayımını həyata keçirib.

"Report" xəbər verir ki, bu barədə nazirliyin açıqlamasında həyata keçirilir. 

Məlumatda həmçinin deyilir ki, DAB+ standartlı rəqəmli radionun tətbiqi məqsədilə Bakı Teleqüllə Kompleksində baş stansiya avadanlıqları, 1 kVt-lıq rəqəmli radioverici və 1x6 konfiqurasiyalı antena sistemi quraşdırılaraq istismara verilib.

Nəticədə Azərbaycanda ilk dəfə olaraq, 26 avqust 2019-cu il tarixindən etibarən Bakı şəhəri və Abşeron yarımadası ərazisində 218,6 MHs (11B) tezliyində bir paketdə 12 radio proqramının – Azərbaycan radiosu, “İctimai” FM, “Araz” FM, “Radio Anten”, “Lider” FM, “Space” FM, “Media” FM, “Xəzər” FM, “Radio Qrup” şirkəti, “Avto Radio” FM, “Asan” FM, “Azad Azərbaycan” FM-in rəqəmli test yayımına başlanıb.

Nazirliyin Dövlət Radiotezliklər İdarəsinin apardığı müvafiq radiomonitorinq işləri nəticəsində rəqəmli radio siqnalının Bakı şəhəri və Abşeron yarımadasının bütün ərazisində inamlı qəbulu müəyyən edilib.

Hazırda DAB+ standartlı rəqəmli radio FM diapazonunda yayımlanan analoq radio ilə paralel yayımlanır. Gələcəkdə Azərbaycanda DAB+ standartını dəstəkləyən radioqəbuledicilərin istifadəsi geniş yayılarsa, bölgələrdə də rəqəmli radio yayımlana bilər.

Ölkəmizdə DAB+ standartlı rəqəmli radio yayımına başlanılmasına dair məlumatlar Cenevrədə Avropa Yayım Birliyində fəaliyyət göstərən, DAB standartlı rəqəmli radio yayımı üzrə dünyada ən nüfuzlu təşkilat olan “WorldDAB” Forumunun məlumat bazasında və “www.worlddab.org” rəsmi internet informasiya ehtiyatında yerləşdirilib. Belə ki, cəmi 27 ölkənin yer aldığı siyahıya Azərbaycanın da adı daxil edilib.

Qeyd edək ki, rəqəmli televiziya yayımında olduğu kimi, rəqəmli radio yayımında da radio proqramların bir paketdə yayımlanmaqla, bir tezlikdə qəbulu mümkündür.

Rəqəmli radio yayımı radiotezlik spektrindən daha səmərəli istifadəyə, radiosiqnalın daha inamlı qəbuluna, bir tezlik zolağında informasiyaların video, qrafik və mətn şəklində ötürülə bilməsinə imkan verir, həmçinin tək tezlikli şəbəkə (SFN) rejimində yayım üstünlüyünə malikdir.

Eyni zamanda, bu növ yayımın qəbuledicinin yerləşdiyi avtomobil, qatar və digər hərəkət edən obyektlərin sürətindən asılı olmayaraq radiosiqnalın əhatə dairəsinin istənilən nöqtəsində inamlı qəbul imkanı mövcuddur.

Məlumat üçün onu da bildirək ki, rəqəmli radionu məişət və avtomobillərdə qəbul etmək üçün DAB+ standartını dəstəkləyən qəbuledicilər tələb olunur. 2012-ci ildən sonra Avropada istehsal edilən avtomobillərdə DAB+ standartını dəstəkləyən radioqəbuledicilər mövcuddur. Onlara müvafiq proqram təminatı yükləməklə rəqəmli radionu qəbul etmək mümkündür. 

Son xəbərlər

Orphus sistemi