Türkiyə ilə sərhəddən, yəni Sədərəkdən Ordubada qədər fiber-optik magistralın inşası işlərinin I mərhələsi yekunlaşıb.
“Report” xəbər verir ki, bunu Naxçıvan Muxtar Respublikasının rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini - nazir vəzifəsini icra edən Rahid Ələkbərli Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin təşkilatçılığı ilə keçirilən Dövlət Qurumlarının İT rəhbərlərinin IV Zirvə Toplantısında bildirib.
"Artıq inşaat işlərinin satın alınması başa çatıb. Layihənin inkişafı üzrə ayrılan büdcə 4 milyon manata yaxındır və demək olar ki, xərclənib. Söhbət 16 terabit saniyə tutumu daşıya biləcək infrastrukturdan gedir. Bu tutum təkcə muxtar respublika üçün deyil, həm də regional və beynəlxalq tranzit trafiklərinin daşınması üçün hesablanıb", - deyə o qeyd edib.
Naxçıvanda Data Mərkəzin tikintisi layihəsindən danışan R. Ələkbərli layihələdəndirmə işlərinin artıq yekunlaşdığını və sənədlərin ekspertizaya təqdim olunduğunu diqqətə çatdırıb.