Qlobal iqtisadi qeyri-müəyyənlik rəqəmsal valyuta bazarına təzyiq göstərir - Təhlil
- 17 noyabr, 2026
- 14:40
Yeniliklərdən dərhal xəbərdar olun!
Kriptovalyuta bazarında uzun müddət hökm sürən nikbinlik noyabrda yerini ciddi narahatlığa verib. Bir vaxtlar yüksəliş gözləntiləri ilə investorların diqqətini çəkən "Bitkoin" qısa müddətdə kəskin dəyər itirərək avqust ayından bəri ilk dəfə 70 min ABŞ dolları həddindən aşağı enib. Kütləvi satışların güclənməsi ilə onun qiyməti 62 min dollara qədər geriləyib. Bu eniş təkcə rəqəmsal aktivlərin bazar dəyərindəki azalma deyil, həm də investorların risk iştahasının zəiflədiyini göstərən ciddi siqnaldır.
Baş verənləri yalnız kriptovalyuta bazarının daxili problemləri ilə izah etmək çətindir. ABŞ Federal Ehtiyat Sisteminin (FED) pul siyasəti ilə bağlı gözləntilərin dəyişməsi, institusional investorların kapitalını geri çəkməsi, texnoloji sektordakı qeyri-müəyyənlik və borc vəsaiti hesabına açılmış mövqelərin kütləvi bağlanması bir-birini gücləndirərək qiymətlərə təzyiq göstərib. Beləliklə, bazar eyni vaxtda həm xarici maliyyə şərtlərinin sərtləşməsi, həm də öz daxilində yığılan risklərin üzə çıxması ilə üzləşib.
Dolların möhkəmlənməsi riskli aktivlərə təzyiqi artırır
Enişin əsas səbəblərindən biri FED-in gələcək pul siyasəti ilə bağlı gözləntilərin dəyişməsidir. İnflyasiyanın proqnozlaşdırılandan yüksək olması tənzimləyicinin dekabrda faiz dərəcəsini artırmaq ehtimalı ilə bağlı narahatlıqları gücləndirib. Bu gözləntilər dolların möhkəmlənməsinə və istiqrazların gəlirliliyinin yüksəlməsinə səbəb olub. Nəticədə kriptovalyutalar da daxil olmaqla, riskli aktivlərin investorlar üçün cəlbediciliyi azalıb.
Faiz dərəcələrinin yüksək qalması ənənəvi maliyyə alətlərini daha sərfəli edir, gəlir gətirməyən və qiyməti əsasən bazar tələbindən asılı olan aktivlərə marağı isə zəiflədir. Bu şəraitdə investorlar kapitalın qorunmasına üstünlük verərək daha riskli mövqelərini yenidən nəzərdən keçirməyə başlayıblar.
Texnoloji sektorda yaranan qeyri-sabitlik də bu prosesi sürətləndirən amillərdəndir. Xüsusilə dünyanın aparıcı texnologiya şirkətlərindən biri olan "Nvidia" ətrafında yaranan narahatlıqlar investorların riskə münasibətinə təsir edib. Son illərdə texnoloji şirkətlərin səhmləri ilə kriptovalyutalar arasında müşahidə olunan əlaqə bu sektordakı mənfi əhval-ruhiyyənin rəqəmsal aktivlərə də sirayət etməsinə şərait yaradıb. Nəticədə investorlar müxtəlif riskli aktivlər üzrə mövqelərini eyni vaxtda azaltmağa başlayıblar.
ETF-lərdən kapital axını bazarın dayaqlarını zəiflədir
"Bitkoin"in qiymətinə təzyiq göstərən digər mühüm amil institusional investorların bazardakı fəallığının azalmasıdır. Xüsusilə spot bitkoin birja investisiya fondlarından (ETF) vəsait çıxarılması diqqət çəkir. Bu fondlar son illərdə ənənəvi maliyyə bazarları ilə kriptovalyuta sektoru arasında mühüm körpüyə çevrilib. Buna görə də, onlardan kapital axını fondların aktivlərinin azalması ilə yanaşı, bazarın əsas alıcılarından birinin geri çəkilməsi anlamına gəlir.
Noyabrda açıqlanan məlumatlara görə, ABŞ-də fəaliyyət göstərən spot bitkoin ETF-ləri yeddi ticarət sessiyası ərzində təxminən 1,9 milyard ABŞ dolları həcmində vəsait itirib. Beləliklə, bazar eyni vaxtda həm institusional tələbin zəifləməsi, həm də satış təklifinin artması ilə üzləşib.
Vəziyyəti daha da ağırlaşdıran amillərdən biri isə derivativ bazarında yüksək borclanma ilə açılmış mövqelərin kütləvi şəkildə bağlanmasıdır. "Bitkoin"in qiymətinin artmağa davam edəcəyinə inanan bir çox treyder kredit vəsaitlərindən istifadə edərək mövqelərinin həcmini böyüdüb. Lakin qiymətin əvvəlcə 72 min, daha sonra 70 min dollar səviyyələrini aşağı istiqamətdə keçməsi girov tələblərinin pozulmasına və birjaların mövqeləri məcburi bağlamasına səbəb olub.
Bu prosesdə bir növ domino effekti yaranıb: məcburi bağlanan mövqelər əlavə satışlara, satışlar isə qiymətlərin daha da enməsinə yol açıb. Noyabrın 13-də kriptovalyuta bazarında ləğvlərin ümumi həcmi təxminən 1,5-1,6 milyard dollara çatıb. İtkilərin əsas hissəsi qiymət artımına hesablanmış uzun mövqelərin (long) payına düşüb.
Spekulyativ gözləntilər real bazar təzyiqi ilə üzləşir
Bütün bu amillərin üst-üstə düşməsi "Bitkoin"in qiymətində kəskin geriləmə ilə nəticələnib. Noyabrın 15-nə onun dəyəri 62 min dollara qədər düşüb. Kriptovalyuta bir həftə ərzində təxminən 15 %, son altı həftə ərzində isə 28 % ucuzlaşıb. Eniş yalnız "Bitkoin"lə məhdudlaşmayıb, "Ethereum", "Solana" və "XRP" kimi aparıcı rəqəmsal aktivləri də əhatə edib.
Bununla yanaşı, bazarda diqqət çəkən başqa məqamlar da var. "Anthropic" şirkətinin gözlənilən ilkin kütləvi səhm təklifi (IPO) ilə bağlı kapitalın alternativ investisiya istiqamətlərinə yönələ biləcəyi ehtimalı, kriptovalyuta infrastrukturunun təhlükəsizliyi ilə bağlı narahatlıqlar və ABŞ-də siyasi qeyri-müəyyənlik investorların qərarlarına təsir edən əlavə amillər sırasındadır.
Beləliklə, noyabr hadisələri bir daha göstərir ki, kriptovalyuta bazarı artıq təcrid olunmuş maliyyə məkanı deyil. Qlobal kapitalın hərəkəti, texnoloji sektorun vəziyyəti və mərkəzi bankların qərarları rəqəmsal aktivlərin qiymət dinamikasında getdikcə daha böyük rol oynayır.
Rəqəmsal aktivlərə inam sınaqdan keçir
Mövzunu "Report"a şərh edən kriptovalyuta bazarı üzrə ekspert Elnur Quliyev hesab edir ki, hazırda bazarın bərpa perspektivlərini dəqiq qiymətləndirmək çətindir. Onun sözlərinə görə, vəziyyətin dəyişməsi, ilk növbədə, makroiqtisadi şəraitdən və kriptovalyuta bazarına institusional kapital axınının bərpasından asılı olacaq.
"Mənzərəni dəyişə biləcək əsas amillər həm makroiqtisadi şərait, həm də kriptovalyuta bazarına institusional kapital axınlarıdır. Xüsusilə "Bitkoin" ETF-lərində müşahidə olunan çıxışlar bazarda alıcıların əvvəlki qədər aktiv olmadığını göstərir. Bununla belə, hazırkı enişi avtomatik olaraq uzunmüddətli ayı bazarının başlanğıcı hesab etmək də tezdir. "Bitkoin"in 62 min ABŞ dolları ətrafında alıcılarla qarşılaşması və sonradan 65 min ABŞ dollarına doğru toparlanması bazarda müəyyən tələb səviyyəsinin hələ də mövcud olduğunu göstərir", – ekspert bildirib.
E. Quliyev hazırkı enişin sonrakı bərpa üçün zəmin yarada biləcək dərin korreksiya olması ehtimalını istisna etmir. Bununla belə, onun fikrincə, belə qənaətə gəlmək üçün bazarda satış təzyiqinin zəifləməsi və qiymətlərin sabitləşməsi müşahidə olunmalıdır.
"Dərin korreksiyanın sağlam bərpa üçün zəmin yaratdığını söyləmək üçün ilk növbədə satış təzyiqinin zəifləməsini, qiymətin yeni minimumlar formalaşdırmamasını və daha yüksək diblər yaratmağa başlamasını görməliyik. Hazırda ən mühüm müsbət məqam 62 min ABŞ dolları ətrafında alıcıların ortaya çıxmasıdır. Lakin "Bitkoin"in əvvəlcə 65-66 min dollar diapazonunu, daha sonra isə 68-70 min dollar zonalarını geri alması daha ciddi bərpa siqnalı verə bilər", – o qeyd edib.
Ekspert hazırkı mərhələdə 62-60 min dollar diapazonunu əsas dəstək zonası hesab edir. Onun qənaətincə, 60 min dollar həddinin yüksək satış həcmi ilə aşağı istiqamətdə qırılması bazarda daha dərin eniş ehtimalını artıracaq. Bu səbəbdən həmin səviyyənin qorunması ortamüddətli perspektiv üçün xüsusi əhəmiyyət daşıyır.
Bərpanın açarı institusional kapitalın qayıdışıdır
Yüksək volatillik şəraitində investorların emosional qərarlardan çəkinməsinin vacibliyini vurğulayan E. Quliyev xüsusilə borc vəsaiti hesabına kriptovalyuta alışını riskli strategiya hesab edir.
"Uzunmüddətli investor üçün qiymətin mərhələli şəkildə aşağı düşdüyü dövrlərdə hissə-hissə alış strategiyası nəzərdən keçirilə bilər. Lakin bütün kapitalı bir qiymət səviyyəsində bazara daxil etmək risklidir. Çünki 60 min ABŞ dolları səviyyəsinin də aşağı qırılması ehtimalını tamamilə istisna etmək olmaz. Qısamüddətli treyderlər üçün isə vəziyyət daha risklidir. Hazırda bazarda volatillik yüksəkdir və kəskin qiymət hərəkətləri həm "long", həm də "short" mövqelərin sürətli likvidasiyasına səbəb ola bilər. Buna görə də risklərin idarə edilməsi və "stop-loss" mexanizmləri xüsusilə vacibdir", – ekspert bildirib.
E. Quliyev mövcud şərtlərin dəyişməyəcəyi təqdirdə ilin sonuna qədər "Bitkoin"in 60–75 min dollar diapazonunda hərəkət edəcəyini əsas ssenari kimi qiymətləndirir. Bununla belə, institusional alışların bərpası və ETF-lərə yenidən ciddi kapital axınının başlaması qiymətin 75 min dollar həddini aşmasına imkan verə bilər.
Əks ssenaridə, yəni 60 min dollar səviyyəsinin itirilməsi halında isə daha aşağı qiymətlərin sınaqdan keçirilməsi mümkündür. Ekspertin fikrincə, hazırda bazarın istiqamətini müəyyənləşdirəcək əsas göstəricilər 62-60 min dollarlıq dəstək zonasının qorunması və 68–70 min dollarlıq müqavimət diapazonunun geri alınmasıdır. Bu səviyyələr arasında isə qeyri-müəyyənliyin davam etməsi gözlənilir.
Bazarın gələcəyi makroiqtisadi siqnallardan asılıdır
"Bitkoin"in noyabr enişi kriptovalyuta bazarının qlobal maliyyə sistemindən asılılığının artdığını bir daha üzə çıxarıb. Əvvəllər əsasən rəqəmsal aktivlərə maraq və spekulyativ gözləntilərlə hərəkət edən bu bazar indi dolların məzənnəsinə, faiz dərəcələrinə, institusional investorların qərarlarına və texnoloji sektorun vəziyyətinə daha həssasdır.
Ona görə də yaxın perspektivdə əsas sual "Bitkoin"in nə vaxt yenidən bahalaşacağı deyil, investorların bazara qayıtmaq üçün hansı şərtləri gözlədiyidir. ETF-lərə kapital axınının bərpası, inflyasiya təzyiqlərinin zəifləməsi və FED-in pul siyasəti ilə bağlı qeyri-müəyyənliyin azalması bu baxımdan həlledici rol oynaya bilər.
Hələlik isə bazar yüksəliş trendinə qayıtmaqdan daha çox, itirdiyi mövqeləri qorumağa çalışır. "Bitkoin"in 60 min dollar ətrafında möhkəmlənib-möhkəmlənməyəcəyi və institusional investorların yenidən alışlara başlayıb-başlamayacağı qarşıdakı dövrün əsas sınağı olacaq.