Bakı. 25 dekabr. REPORT.AZ/ "Bizim iqtisadiyyatımızın gələcək inkişafı neft-qaz sektoru ilə dəstəklənəcək, lakin dayanıqlı inkişaf sənaye, kənd təsərrüfatı, yüksək texnologiyalarla bağlı olacaq".
“Report” xəbər verir ki, bunu Azərbaycan Prezidenti
Prezident bildirib ki, Azərbaycan öz iqtisadi tempini artırmaq istiqamətdə göstəricilərini qiymətləndirərək gələcək addımlarını planlaşdıranda həmişə qeyri-neft sektorunu neft sektorundan ayırır:
"Çünki neft sektoru həm qiymət dəyişikliklərinə, həm də neft hasilatının müəyyən artımına, yaxud azalmasına məruz qalır. Azərbaycan OPEK+ proqramının fəal iştirakçısıdır və biz bu yaxınlarda bütün ölkələrlə həmrəylik nümayiş etdirmək üçün hasilatın azaldılması üzrə üzərimizə əlavə öhdəliklər götürmüşük. Buna görə də həmin amillərə əsaslanaraq biz həmişə qeyri-neft iqtisadiyyatına və qeyri-neft sənayesinə daha çox diqqət yetiririk. Fikrimcə, bizim bu istiqamətdə də nəticələrimiz xeyli yaxşı olacaq. On bir ayın yekunlarına görə biz qeyri-neft sənayesinin artımını 9 faizdən çox həcmdə görürük. Bu, ilk növbədə, bizim qeyri-neft sektoru, kiçik və orta sahibkarlıq, fermerlər üçün sərfəli şərait yaradılması üzrə sənayeləşdirmə proqramımızın nəticələridir. Bizim fermerlər torpaq vergisindən başqa bütün vergilərdən azaddırlar. Dövlət güzəştli şərtlərlə gübrə, yanacaq və istehsalata böyük subsidiyalar ayırır ki, biz kənd təsərrüfatı məhsullarının ixracı baxımından mühüm ölkəyə çevrilək. Buna görə də bizim iqtisadiyyatımızın gələcək inkişafı neft-qaz sektoru ilə dəstəklənəcək, lakin dayanıqlı inkişaf sənaye, kənd təsərrüfatı, yüksək texnologiyalarla bağlı olacaq".
Dövlət başçısı bu ilin əlamətdar hadisələrindən biri kimi orbitə üçüncü peykin buraxılmasını qeyd edib: "Azərbaycan artıq beynəlxalq kosmik klubun fəal üzvüdür. Bizim artıq üç peykimiz var. Bu da bizim niyyətlərimizdən və uğurlarımızdan xəbər verir".